![]() |
![]() |
10-17 avqust tarixlərində Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərracında 127.9 milyon dollar satılıb.
Gürcüstanı sevməyim, Rusiya işğalını dayandırmağım, Putinə rus arzusunu həyata keçirməyə və gürcü dövlətçiliyini məhv etməyə imkan verməməyim, gürcü xalqının Avropa ailəsində əsrlər boyu davam edən azadlıq və tərəqqi istəyinin məhv olmasına imkan verməməyim cinayətdirsə, onda öz xalqım qarşısında cavab verməyə hazıram.
Biz haqlı olduğumuzu, qanuni şəkildə, ədalətli mübarizə apardığımızı dəfələrlə sübut etdik və indi ölkəmizi hədəfə alan Qərb mediası bunu illərlə, az qala əsrin üçdə birinə yaxın müddət ərzində müşahidə etdi. Müşahidə etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün yetərincə səbr nümayiş etdirdi, amma bundan ermənilər də, ermənipərəstlər də sui istifadə etdilər və topaqlarımız uzun müddət işğal altında saxlanıldı, resurslarımız qanunsuz şəkildə istismar olundu, sərvətlərimiz talandı, yaşıllıqlar məhv edilməklə, su hövzələrimiz çirkləndirilməklə ətraf mühitə, təbiətə, fauna və floraya ciddi şəkildə zərbə vuruldu, işğal etdikləri torpaqlarımızda ekoloji terror belə törədildi. Bu zaman ermənipərəst Qərb mediası susub durdu, müşahidəçi kimi davrandı və ermənilərin bütün istiqamətlərdə törətdikləri terrora, bölgədə baş verənlərə münasibət belə bildirmədi. Amma indi Cənubi Qafqaz necəsə Qərb mediasının maraq dairəsinə düşüb və məhz media hücumu etmək üçün nə isə axtarır.
ABŞ-ın aparıcı qəzetlərindən olan “The Washington Post” qəzetinin hansısa erməni oyunlarına alət olması, Azərbaycana qarşı media hücumu etmək qərarına gəlməsi həm təəssüf, həm də ikrah doğurur. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı ekspert Qubad İbadoğlunun ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı sözügedən nəşrin məqalə dərc etməsinə media hücumu demək tam yerinə düşür. Çünki bu, məhz Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Əməliyyat tədbirləri aparan Azərbaycanın Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılan və FETO terror təşkilatı ilə əlaqəsi olan 5 nəfərdən biri müxalifət düşərgəsindən olan siyasətçi Qubad İbadoğlu ilə əlaqələrindən danışıb və onun ifadəsi əsasında İbadoğlunun iş otağında axtarış aparılıb, istintaq üçün vacib olan sənədlər aşkarlanıb və tapılan həmin o vacib sənədlərlə əlaqədar siyasətçi saxlanılıb. Burada Qərb mediasının qeyri-normal nə isə gördüyü izah belə edilə bilməz. Müstəqil bir ölkənin öz ərazisində təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirlər əvvəla labuddür, digər tərəfdən də həmin ölkənin suveren hüququdur və bundan qaralama kompaniyası məqsədi ilə istifadə etmək niyyəti də normalara sığışmır. Belə olan halda “The Washington Post” nəşrinin bununla bağlı qara piar etməsi media hücumu kimi də çox absurd addımdır. Təsəvvür etmək çətin deyil ki, Azərbaycanın hansısa bir media resursunda ABŞ müxalifət düşərgəsindən bir siyasətçinin saxlanılması və bunun haqsızlıq, qanunsuzluq olması barədə məqalə dərc olunsa o zaman nə təlatüm müşahidə olunar və Qərb buna nə dərəcədə aqressiv reaksiya verər və amerikalılar bunun Amerikanın öz işi olduğunu bəyan edərlər. Bəyan edərlər ki, öz vətəndaşlarından hansını saxlayacağı, hansını həbs edəcəyi, yaxud həbs edə bilməyəcəyi ilə bağlı Azərbaycanın fikri, mövqeyi ABŞ-ı heç maraqlandırmır. Eyni məntiqlə, elə Qubad İbadoğlu ətrafında yaranmış vəziyyət də Azərbaycanın daxili işidir və buna kiminsə burnunu soxmasına eyni şəkildə reaksiya olmalıdır. Hansısa qüvvələrə, hansısa bir dövlətə, xüsusən də dünyanın hegemon dövlətlərinə digər ölkələrin daxili işinə qarışmaq kimi xüsusi bir status, yaxud hüquq verilməyib.
Qubad İbadoğlunun həbsindən sonra Qərb mediası olan “Washington Post” Azərbaycan hakimiyyətini məntiqə uyğun gəlməyən günahlarda ittiham etmək qərarına gəlibsə, deməli, ölkəmizə qarşı media hücum təşkil olunub və bu da o deməkdir ki, ermənipərəst Qərb Azərbaycana qarşı informasiya müharibəsi aparır. Bir halda ki, Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun saxlanılmasına münasibət bildirərkən, istintaqın obyektiv aparılacağına və qanunun aliliyi prinsiplərinə uyğun ədalətli qərar veriləcəyinə inandığını bildirirsə, o zaman Qərb nə canfəşanlıq göstərir və bu “izafi təlaş” nəyə lazımdır? Yəni, hətta öz qardaşı belə saxlanılan Qubad İbadoğlunun işi üzrə aparılan istintaqın ədalətli olması kontekstində hüquq-mühafizə orqanlarına etimad göstərirsə, Qərb mediasının atılıb-düşməsi, yuyulmamış qaşıq kimi ortalığa atılması nə üçündür? Bax, elə bu suallara Qərb cavab tapsa, pis olmaz, əks halda, bunun qərəzli və media hücum olduğunu, suveren dövlətləri şantaj etməyə meyili ilə tanınan “Vaşinqton Post” da ABŞ Dövlət Departamentinin göstərişi ilə öz missiyasına sadiqliyini qəbul etməlidir.
Amerika cəmiyyətində, həm də bütün dünyada artan qütbləşmə fonunda zaman keçdikcə yüksək jurnalist standartını saxlamaq, redaksiyaya qeyri-təntənəli siyasi təsirin qarşısını almaq getdikcə çətinləşib və kifayət qədər ciddi bir nəşrin təbliğat alətinə çevrilməsi təəssüf doğurmaya bilməz. Hələ 2018-ci ilin iyulunda ABŞ-ın o zamankı prezidenti Donald Tramp Tvitter hesabında yazmışdı ki, “New York Times” və “Washington Post” kimi qəzetlər saxta xəbərlər yaratmaq meylinə görə media meydanını tərk etməlidirlər. Hətta Trampın sözlərinə görə, bu nəşrlərin hər ikisi də “Amazon”un xidmətində təbliğat vasitəsindən başqa bir şey deyil. Yeri gəlmişkən diqqətə çatdıraq ki, “Washington Post” həqiqətən də Amazon.com internet pərakəndə satış şirkətinin sahibi Ceff Bezosa 250 milyon dollara satılıb. Belə olan halda hər hansı qeyri-ciddi, absurd mövqe sərgilənməsi də mümkün görünür. Həmçinin “Washington Post”-un Demokratlar administrasiyası ilə əlaqələri də artıq sirr deyil və ona görə də, əslində, qəzetdə Azərbaycan haqqında yalan, absurd yazının, uyğunsuz məqalənin çıxması təəccüblü deyil. Görünən odur ki, Azərbaycanın dövlət idarəçiliyi sisteminin sabitliyi və davamlılığından razı qalmayanlar var. 44 günlük müharibədə tarixi qələbə qazanan və Cənubi Qafqazın ən güclü dövləti olaraq tanınan Azərbaycan öz qələbəsini, öz uğurunu özü əldə etdi və görünür bu fakt özü də Qərb üçün qıcıq doğurur. Qarabağ separatçılarına hər il rəsmi şəkildə yardım edən ABŞ, onillər boyu Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan Ermənistana qarşı nəinki sanksiya tətbiqi, heç adi fikir belə səsləndirmədiyi halda, indi bu ölkənin tanınmış nəşri olan “Washington Post” bir siyasətçinin saxlanılmasına, yaxud da bizə məxsus olan ərazidə sərhəd buraxılış məntəqəsi qurulmasına görə nə əl-ayağa düşüb? Hələ də ABŞ-ın Azərbaycandakı səfiri işğaldan azad edilmiş, dirçəlməkdə, abadlaşdırılmaqda olan Şuşaya getməyib, hələ də tamamilə laqeyid münasibət sərgiləyirsə, nədən bir siyasətçi bu qədər maraq kəsb edən olur? Əlbəttə, onu da başa düşürük ki, “Washington Post” Dövlət Departamentindən sızan materiallara istinad edir və redaksiyanın məqalələrində üzə çıxan mövqe də təsadüfi deyil. Ermənipərəst mövqeyi ilə tanınan Viktoriya Nulandın ABŞ dövlət katibinin müavini təyin edilməsindən, Obamanın prezidentliyi dövründə ABŞ-da ölkəmizi ləkələmək üçün qarayaxma kampaniyası aparılan zaman Dövlət Departamentindəki fəaliyyətindən sonra sözügedən redaksiyanın bu şəkildə mövqe sərgiləməsi də yaddan çıxan deyil. Görünür, ABŞ Demokratik administrasiyası öz səhvləri üzərində işləməyib və hələ də Viktoriya Nulandın zəhərli dişi öz təsirini itirməyib.
Görünən odur ki, son hadisələrdən qaynaqlanan yeni anti-Azərbaycan kampaniyası ictimai rəyi yenidən Bakıya qarşı yönəltməklə ölkəmizin nüfuzuna xələl gətirmək istəyir və bu işdə “Washington Post” alət olaraq istifadə olunur. Azərbaycan torpaqlarını işğaldan azad etmək missiyasını yerinə yetirə bilməyən, sabitliyin təminatına nail ola bilməyən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan ABŞ, bölgədə sabitliyi, təhlükəsizliyi müstəqil şəkildə təmin edən Azərbaycana dəstək vermək əvəzinə bunun əksinə çalışır və “Washington Post” kimi tanınmış bir nəşr də öz dırnaqarası “dəstəyini” əsirgəmir. İqtisadçı Qubad İbadoğlunun saxlanılmasını da Qərb, Azərbaycan hakimiyyətinə qarşı yenidən hücum dalğası başlamaq üçün bir səbəb olaraq istifadə etmək niyyəti ilə ortaya atıb. Məqsəd ilk növbədə xaos toxumu səpməkdir ki, bununla nəyə isə ümid edirlər. Amma unudurlar ki, İbadoğlunun saxlanması Azərbaycanın daxili işidir, bununla bağlı istintaq və məhkəmə var, bu məsələyə Viktoriya Nuland, yaxud da Makron kimilərinin, yaxud onların təsiri altında olan nəşrlərin qarışmağa haqqı, hüququ çatmır. Əgər bunu başa düşmürlərsə, heç olmasa onu başa düşsünlər ki, bu dəfə də onların planları Azərbaycanın qətiyyətli tədbirləri və xalqımızın mütləq əksəriyyətinin dəstəklədiyi siyasət nəticəsində puç olacaq. Azərbaycan hökuməti əhalinin dəstəyi, regiondakı və onun hüdudlarından kənardakı dostlarının köməyi ilə dəfələrlə sübut edib ki, ölkəmizlə bağlı rəqiblərin planları heç bir nəticə verə bilməz və ölkənin qəbul edilən ərazisi üzərində yalnız milli suverenlik hökm sürə bilər. Elə “Washington Post” nəşri də boş yerə özünü alətə çevirməsin və bilsin ki, bu gün Azərbaycan hər zaman olduğundan qat-qat güclü dövlətdir və güc amilinin həlledici rol oynadığı bir şəraitdə rəsmi Bakı öz gələcəyinə özü zəmanət verib və bütün mərhələlərdə rəqiblərin planlarını qətiyyətlə darmadağın etmək əzmindədir. Əgər ABŞ da Cənubi Qafqazdakı öz mövqeyini itirmək istəmirsə, o zaman Azərbaycanın milli maraqlarını tam nəzərə almalı, bu ölkənin daxili işlərinə müdaxilə etməklə onların həyata keçirilməsinə təsir göstərməyə çalışmamalı, “Washington Post” kimi bir nəşri alət edərək media hücumundan, eləcə də, təbliğat xarakterli informasiya müharibəsindən əl çəkməlidir.