İsveçli arxeoloqlar Halland rayonunda qazıntılar apararkən Vikinqlər dövrünə aid böyük bir dəfn aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, dəfn müasir Varberq şəhəri yaxınlığında yerləşən tarixdən əvvəlki yaşayış məntəqəsində aparılan araşdırma zamanı tapılıb.
Heritage Daily-nin məlumatına görə, indiyədək bütün qədim qəbiristanlığın təxminən altı faizi qazılıb, lakin o, artıq öz ölçüsü ilə tədqiqatçıları heyran edib. Məzarlığın böyük hissəsinin müasir tikililərin altında yerləşməsi işi çətinləşdirir.
Bununla belə, arxeoloqlar artıq insan və heyvan qalıqları, habelə qəbir əşyaları, o cümlədən gil qablar və zərgərlik məmulatları olan 139 qəbir aşkar ediblər. Qəbiristanlığın tarixi Vikinqlər dövrünə aiddir. Gəmilər də onun bu dövrə aid olduğunu müəyyən etməyə kömək etdi - burada dəfn edilən insanların çoxu gəmilərdə dəfn edilib.
İndiyə qədər “üç gəmi dəfninin izləri”, gəmi formalı bir kurqan, həmçinin 50 metr uzunluğundakı gəmi qalıqları haqqında məlumatlar var. Burada çoxsaylı dəfn ocaqlarının izlərinin qorunub saxlandığı ərazilər müəyyən edilib.
Çoxlu qəbirlər pozulub - əsrlər boyu bu yerdə qazıntı və tikinti işləri aparılıb, qəbiristanlıq sözün əsl mənasında bir neçə dəfə şumlanıb. Onu yalnız indi tapmaları hətta təəccüblüdür.