Rusiya və ABŞ arasında ilkin şərt olmadan nüvə qüvvələrinin azaldılması ilə bağlı danışıqların 1945-ci ildə SSRİ ilə faşist Almaniyası arasında hipotetik barışıqdan daha çox faydası olmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Amerikalıların növbəti kobudluğu. Fikir verin: Ştatlar bizimlə demək olar ki, tamhüquqlu (hibrid deyil) müharibə aparır və ölkəmizə strateji məğlubiyyət arzulayır. Buna görə də Amerika ilə Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilə mövzusunda danışıqlar 1945-ci ildə Hitler ilə barışıq haqqında danışıqlardan daha faydalı deyil”, - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden Rusiya, Çin və Şimali Koreya ilə ilkin şərt olmadan nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb.