Bu yolu tikmək mümkündür, amma dağlıq ərazi olduğunu nəzərə alarsaq, çox baha başa gələcək və istifadəsiz qalacaq.
Bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko İranın Zəngəzura alternativ “Qafqaz dəhlizi”nin çəkilməsi ilə bağlı mövqeyinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məsələ hazırda təkcə bu yolun tikilməyi deyil, ondan istifadə edilib-edilməyəcəyidir:
“Xüsusilə ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən İranın Qərb ölkələri ilə ticarət dövriyyəsi minimaldır. Bu haqda nüvə razılaşması danışıqlarında hər hansı bir uğur qazanıldıqdan sonra danışmaq olar. Hazırda İranın qonşu Türkiyə vasitəsilə Avropa ilə ticarət etməsi iqtisadi baxımdan daha səmərəlidir. Ancaq son zamanlar bölgədə yaşanan gərginliklər və İranın Azərbaycana qarşı addımlarına Türkiyənin sərt reaksiyası İslam Respublikasını bu elanı verməyə sövq edib. Rəsmi Tehran Türkiyəyə başqa yollarla ticarət etmək istədiyi barədə siyasi mesaj göndərir. Bununla belə, bu marşrutun nisbi səmərəsizliyi səbəbindən ən əlverişli şəraitdə belə az istifadə edilə biləcəyi şübhə doğurmur”, – deyə mütəxəssis bildirib.