Vətən müharibəsi özünü dost adlandıran bir çox ölkələrin əsl simasını oryaya çıxardı.
Məlum oldu ki, Azərbaycanın qələbəsi nəinki okeanın o tayında az qala özünə dövlət quracaq erməni lobbisini, Avropanın göbəyində yerləşən Fransadakı erməni əlaltılarını narahat edir, lap yaxınlığımızda 130 kilometrlik qonşuluq əlaqəmiz olan "din qardaşımız"ın da yuxusunu qarışdırıb. 30 il ərzində Ermənistanın işğalçılığının davam etdiyi bu müddət rəzində bir dəfə də Ermənistanı işğala son qoymaq üçün hər hansı ciddi bir bəyanatı ilə yadda qalmayan Tehranın 44 günlük müharibənin gedişində və ondan sonra davam edən postkonflikt dövründə rus sülhməramlıların müvəqqəti məsuliyyət zonası hesab edilən Qarabağın ermənilər yaşayan hissəsinə dayanmadan yük maşınları ilə tonlarla yanacaq, ərzaq, silah-sursat daşımağına başqa ad vermək olmur. Məgər bu, "Azərbaycana "qardaş, "dost" deyən iran deyil? Yoxsa rəsmi Tehran anlamır ki, məsələ tək 25 min erməniyə görə Azərbaycanla üz-göz olmaqdan da getmir, məsələ regionda, bölgədə revanşist qüvvələrə müharibə ritorikasından uzaqlaşmamaq üçün yaratdığı zəmindən gedir?!
İranın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyinə rəsmi Bakı müxtəlif vaxtlarda xəbərdarlıq etsə də, buna məhəl qoyulmayınca adekvat addım özünü gecikdirmədi ki, iran da bundan ekstaza düşdü. Sanki, Tehran Gorus-Qafan yolu ilə qanunsuz yükdaşımalarına ara verməməklə Bakıdan sərt reaksiya üçün zəmin hazırlayırdı. Təbii ki, Azərbaycan bu hörmətsizliyə göz yuma bilməzdi. Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlanılmasından sonra Tehran ortaya müxtəlif oyunbazları ataraq Bakıya qarşı təhdid dolu bəyanatlar səsləndirərək vəziyyəti daha da gərginləşdirmək üçün əlindən gələni ardına qoymadı. İran höküməti əyalət mollası Amili vasitəsi ilə Azərbaycanın addımına etirazını bildirdi. Bununla rəsmi Bakının gözünün odunu almağın mümkünsüzlüyünü anlayan Tehran rəsmilərini işə qarışdırdı. İranın "ali dini lideri" Ayətullah Əli Xamenei İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində və İranın yeni XİN rəhbəri Abdullahianın ölkənin televiziya kanalarından birində çıxışı zamanı Azərbaycanı açıq şəkildə hədələdi. Məscidlərdə donuz, iribuynuzlu heyvanlar saxlayaraq dinini təhqir edən, islamı aşağılayan bir ölkəyə görəmi?
İranın yük maşınlarının Gorus-Qafan yolunda qanunsuz hərəkətinin qarşısı alındıqdan sonra Azərbaycanla sərhəddə irimiqyaslı hərbi əməliyyatlara başlamasına gətirdikləri bəhanə də olduqca absurd səsləndi. Təlimlərə "İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin mövcudluğuna dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq" sözləri ilə don geyindirən Tehranın qarnının ağrısı İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması, müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsi dayanırsa, rəsmi Bakı bunun üçün heç kimə hesabat vermək məcburiyyətində deyil. O ki, qaldı güya Azərbaycanın İranla sərhəddinə İsrail bazasının yerləşdirilməsi kimi absurd iddialar ortaya atmasına, buna ən yaxşı cavabı Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı cavab verdi: "Durduqları yerdə Azərbaycanı ittiham edirlər ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın". Prezident qeyd edib ki, biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin: "Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?".
İslam irsinin "müdafiəçiləri" ilə islam irsini dağıdanların "dostluğu" nə qədər təzadlı görünsə də, buna görə Bakı heç vaxt Tehrandan hansısa ölkə ilə xarici münasibətlərinə görə çəki-düzən verməyi nə xahiş edib, nə də tələb.
Ermənistan isə hazırki prosesləri fürsət bilib İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Birincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələsik Tehrana gedərək ölkəsinin İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Tehran da bunun qarşılığında Gorus-Qafan yoluna alternativ yol çəkəcəyi barədə İrəvana vəd verib. Bu azmış kimi Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələriylə görüşən baş nazir Nikol Paşinyanın İranın dəstəyinə görə razılığını ifadə edərkən İran-Ermənistan dostluğu, qardaşlığının bəzi gizli məqamlarını etiraf etmiş olub. İranın ona verdiyi dəstəyi Ermənistanın heç zaman unutmayacağını bildirən Paşinyan "Birinci Qarabağ savaşında Ermənistan məhz İranın sayəsində blokadadan çıxdı və həyat yoluyla problemlərini həll etdi" deyib. Bu sözləri ilə Ermənistanın heç zaman İrana qarşı planlarda iştirak etməyəcəyinə inandırmaq istəyən Paşinyan, bununla da "Ermənistan Azərbaycandan fərqli olaraq İranın düşmənləri ilə dostluq etməyəcək" demək istəyib. Görünən isə odur ki, hər iki tərəf bu dostluqdan, qardaşlıqdan olduqca razıdırlar. İranın Ermənistanı tədricən nəzarətə götürməyə çalışması isə heç şübhəsiz ki, Kremlin narahatlığını artıracaq.
Rəsmi Bakı isə Tehran-İrəvan qardaşlığından heç də narahat görünmür. Çünki Azərbaycan bu vaxta kimi heç bir dövlətin xarici siyasətinə burnunu soxmayıb, ona görə Bakının da Tehrandan gözləntisi yalnız budur.