Bir müddət keçəcək və ictimaiyət 2018-ci ilin yazında Ermənistanda hakimiyyətin sakitcə bir şəxsdən digərinə verilməsi, o cümlədən Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən gizli məlumatlar barədə həqiqəti öyrənəcək.
Həmin dövrdə Azərbaycanın gündən-günə artan nüfuzunu, hərbi gücünü, Türkiyənin dəstəyini görən erməni başbilənlər 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarına nəzarətin itiriləcəyini anlayırdı. Ortalığa qərbyönlü Nikol Paşinyanın tipli birisi gərəkirdi.
Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib.
“Bakı ilə qarşıdurma və işğal edilmiş Azərbaycan torpaqlarının işğal altında saxlanması Köçəryan və ya Sərkisyanın hakimiyyətdə olduğu illərdə İrəvan siyasətinin əsasını təşkil edirdi. Müasir Ermənistan cəmiyyətinin yetişdirdiyi ideologiyanın da bunun üzərində qurulduğunu unutmaq lazım deyil.
İkinci Qarabağ müharibəsindən xeyli əvvəl nəşrinizə müsahibə zamanı qeyd etmişdim ki, Köçəryan və onun komandası öz əllərində qurulmuş sistemin girovuna çevriliblər: Birinci Qarabağ müharibəsinin “qəhrəmanları” kimi onlar ərazilərin Azərbaycana qaytarılması haqqında beynəlxalq qərarları heç vaxt yerinə yetirə bilməzdilər – hətta blokadanın aradan qaldırılması və Qarabağ üzərində nəzarətin saxlanılması müqabilində belə... Onların əsas işi erməni cəmiyyətini radikal əhval-ruhiyyədə saxlamaq olub. Yoxsa onlar hakimiyyətdə qala bilməzdilər.
Aydındır ki, Nikol Paşinyan bu cür “siyasi mirasa” sahib deyildi və onun Qarabağ məsələsində əl-ayağı bağlı olmayıb. Bu işi o rahatca görə bilərdi.
Paşinyan anlamağa başladı ki, oturduğu kürsünün ağırlığı həddən artıq çoxdur. O, hakimiyyətin başına keçər-keçməz qarşısına Kazan formuluna əməl etmək tapşırığı qoyuldu. Üstəlik, Ermənistanın hərbi və digər güc strukturları üzərində Paşinyan hələ də tam nəzarəti ələ keçirə bilməmişdi. Amma müharibə Paşinyana bir güllə ilə iki dovşan vurmağa imkan yaradırdı. Birincisi, Ermənistan müharibə nəticəsində işğal altında olan torpaqların bir hissəsinə nəzarəti itirəcəkdi, ikincisi, bu məğlubiyyətdə Paşinyan ilk növbədə həmin o “nəzarətsiz” generalları ittiham edərək onlardan canını qurtaracaqdı. Bu səbəbdən keçən ilin sentyabırında Ermənistan artelleriyadan istifadə edərək provokasiyaya əl atdı”, - deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə asasən, Azərbaycan rəhbərliyi və xalqı üçün isə bu, şərəf məsələsi idi:
“Məhz bu səbəbdən Ermənistanın həm keçmiş, həm də hazırki hakimiyyətlərinin planları alt-üst oldu. Aydın məsələ idi ki, güclü Bakı bu cür şansı əldən verməyəcək və sonadək gedəcək. Kreml Qarabağ məsələsini artıq uzatmaq istəmirdi. İrəvana da bu ismarış çoxdan göndərilmişdi. Hadisələrin gedişatına diqqətlə fikir versək, Rusiyanın bu məsələdə olan böyük rolunu asanlıqla görmək olar”.