"Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağla" bağlı komissiyasının yaradılmaması ölkə siyasətçilərini, eyni zamanda ictimaiyyət nümayəndələrini ciddi şəkildə sarsıdıb.
Belə ki, "Hayastan" fraksiyasının deputatı Ağvan Vardanyan tərəfindən qaldırılan məsələ səsvermədən keçməyib və Dövlət-hüquq məsələləri komissiyasında səsverməyə çıxarılan təklif qəbul olunmayıb".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistanda Qarabağ klanının" nümayəndələrinin irəli sürdüyü təşəbbüslərin hakim partiya tərəfindən bloklanması prosesi gedir:
"Təklif qəbul olunsaydı Ermənistan parlamentində bu komissiyanın fəaliyyəti ilə bağlı çoxsaylı suallar ünvanlanacaqdı, eyni zamanda hərbi xərclərin sərfiyyatı və ll Qarabağ müharibəsində baş vermiş hərbi səhvlər nəticəsində Ermənistan ordusunda olan qurbanların sayının araşdırılması başlanacaqdı və bu, həm də hazırda da Ermənistan hərbi rəhbərliyində olan şəxslərə toxunacaqdı. Bununla yanaşı, elə Ermənistan parlamentində olan, eyni zamanda hakim partiyada təmsil olunan şəxslərə də dolayısı yolla təsir göstərəcəkdi. Çünki ll Qarabağ müharibəsində birbaşa olaraq Ermənistanın hakim partiyası və onun rəhbərliyi günahkardır. Lakin istənilən halda onlar öz məsuliyyətindən boyun qaçırmaq və bundan öncəki hərbi, siyasi strategiyanın düzgün qurulmadığı, hərbi xərclərin doğru yönə istiqamətlənməməsi ilə bağlı fikirlər irəli sürürlər və əsas etibarilə "Qarabağ klanını" günahlandırırlar ki, müasir texnologiyaya əsaslanan hərbi sənaye kompleksləri alınmamışdı. Ona görə də burada yenidən "Qarabağ klanının" nümayəndələrinin irəli sürdüyü təşəbbüslərin hakim partiya tərəfindən bloklanması prosesi gedir və buna görə də Ermənistanda hazırda siyasi fikirlər haçalanıb və bir-birlərinə qarşı ittihamlar səsləndirirlər. Bu da sözügedən prosesin tərkib hissələrindən biridir.
Səsvermədən sonra "Hayastan" fraksiyasının üzvləri də qəbul olunan qərardan narazılıqlarını ifadə ediblər və Paşinyanı yenidən türkpərəstlikdə günahlandırmağa davam edirlər. İstənilən halda bu cür fraksiyanın Ermənistanda qəbul olunmaması hakim partiyanın siyasi iradəsi və mövqeyidir. Düşünürəm ki, əgər bu komissiya təşkil olunsaydı Ermənistan ictimaiyyətindən bu komissiyaya çoxsaylı müraciətlər, çoxlu suallara cavab axtarılacaqdı".