Rəsmi Bakı sərhədlərin delimitasiyasının vacibliyini dəfələrlə vurğulayıb.
Erməni tərəfi isə prosesdən müxtəlif bəhanələr gətirərək və ya süni gərginliklər yaradaraq, yayınmağa çalışıb. İndiki halda əgər həqiqətən də Kreml regionda uzunmüddətli həll yolunu Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında görürsə, bunun üçün konstruktiv addımlar atmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı mövqeyini şərh edərkən deyib.
Q.Hüseynli qeyd edib ki, Rusiyanın problemin uzunmüddətli həllinin sərhədlərin delimitasiyasi və demarkasiyasının aparılmasından asılı olduğunu bildirməsi həqiqətdir və Azərbaycan bu təklifləri çoxdan təqdim edib:
“Hətta Kəlbəcər, Qubadlı istiqamətində real işlər də görülür. Lakin erməni tərəfi həm sərhədlərin delimitasiya prosesinə mane olur, həm də faktiki olaraq Rusiyanın siyasi iradəsini saymır. Rusiya Ermənistanın provokativ addımlarının və süni gərginlik yaratmaq cəhdlərinin qarşısını almalıdır.
Digər tərəfdən, onsuz da Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Yəni iki ölkə arasında sərhədlərin demilitasiyasını Kreml Bakı ilə ikilikdə də həll edə bilər. İndiki halda bizə Kremlin məsləhəti yox, real addım atması lazımdır”.