"Barselona" ötən ayın sonu klubla müqaviləsi başa çatan Lionel Messi ilə danışıqları davam etdirir.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, İspaniyanın "Marca" nəşri danışıqlarla bağlı bir sıra detalı öyrənə bilib. Məlumata görə, müqavilədə bəzi məqamlar tərəflərin yekun razılığa gəlməsini yubadır.
Argentinalı futbolçu Kataloniya klubu qarşısında bir neçə vacib şərt irəli sürüb.
Birincisi, Messi hazırda maddi problemləri olan klubdan müqavilə ilə ona çatacaq pulun, yeni pandemiya dalğası başlanacağı halda belə tam olaraq ödənilməsini tələb edir.
İkincisi, Messinin agentləri öyrənmək istəyir ki, "Barselona" futbolçusuna köhnə müqavilədən qalan borcunu yeni müqavilə bağlandıqdan sonrakı hansı müddətdə ödəyəcək.
Üçüncüsü, futbolçunun yaxınlarına klubun vergi ilə bağlı məsələni necə yoluna qoyacağı hələ də aydın deyil. Əgər yaxın 2 ildə klub Messinin köhnə borcunu ödəyə bilməsə, bu halda o, həmin pulu artıq ABŞ-da almalı olacaq (Messi 2023-cü ildə MLS-ə getmək fikrindədir). Agentləri bilmək istəyir ki, Messi ABŞ-da olarkən vergini bu ölkəyə, yoxsa İspaniyaya ödəməli olacaq.
Bundan başqa, Messi klubun yeni idman proyektinin nəticə verməyəcəyindən narahatdır. Klub bu yay Serxio Aquero, Memfis Depay, Erik Qarsiya ilə müqavilə bağlasa da, Messi bu transferlərin "Barselona"nı yeni səviyyəyə çıxaracağından əmin deyil.
Məlumatda o da bildirilir ki, argentinalı hücumçunun "Barselona" ilə yeni müqavilə başlayacağına dair yekun qərarı yoxdur.