Azərbaycan və Rusiya prezidentləri telefonda Qarabağı müzakirə etdi. Bu zəng üç kontekstdə diqqət çəkir:
1. Ermənistanda Paşinyanın qələbəsindən dərhal sonra baş verməsi;
2. Günün birinci yarısında Lavrovla Bayramovun müzakirə aparması;
3. Zəngin Əliyev tərəfindən edilməsi.
Bayramovla Lavrov üçtərəfli razılaşmaların icrasını və üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyətini müzakirə etdi. Günün sonunda Əliyevin Putinə açdığı telefon zəngində müzakirə edilən gündəm üçtərəfli razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri və kommunikasiyanın bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılması olub.
Təmaslarda iki gündəm var: kommunikasiyanın bərpası üzrə İşçi Qrupunun işinin fəaliyyəti və üçtərəfli razılaşmaların praktiki icrası.
Birinci gündəm Bakı ilə yanaşı, Rusiyanın da marağındadır.
Laçın-Gorus sərhədində gərginlik yarandıqdan sonra Ermənistan üçtərəfli İşçi Qrupunun işini birtərəfli qaydada dayandırmış və “sərhəd problemi” həll edilmədən qərarını dəyişdirməyəcəyini açıqlamışdı. Seçkidən sonra Kəlbəcər istiqamətində sərhədin Ermənistan tərəfinə Rusiya hərbçilərinin yerləşdiriləcəyi xəbərləri yayıldı, erməni rəsmilər də məlumatları təsdiqlədi. Bu informasiyanın yayılmasından bir gün sonra Əliyevlə Putinin telefon söhbətində üç məsələnin müzakirəsi mümkündür:
- Üçtərəfli formatda İşçi Qrupunun bərpası (bu rəsmi məlumatda da əksini tapır): kommunikasiyanın bərpası işində bu vacibdir;
- Sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi və Rusiya hərbçilərinin yerləşəcəyi mövqelər;
- Sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilənin imzalanması.
Xarici işlər nazirlərinin müzakirəsindən sonra liderlərin telefon söhbəti İşçi Qrupu məsələsində yekun qərarın olduğu və sərhəd müqaviləsinin gündəmə daxil edildiyi fikrini önə çıxarır.
İkinci gündəm Bakının istəklərini əks etdirir.
Üçtərəfli razılaşmaların praktiki icrasında Azərbaycan üçün əsas məqamlardan biri 10 noyabr razılaşmasının 4-cü bəndidir: erməni qoşunların Qarabağdan çıxarılması.
Digər bəndlər bu və ya digər formada icra edilir, o cümlədən, Bakı üçün vacib məsələlərdən olan Zəngəzur dəhlizinin inşası davam edir.
4-cü bəndin icra edilməməsi Rusiyanın marağında olmaqla yanaşı, Paşinyanın seçkidən öncə buna getmək istəməməsindən də qaynaqlanırdı. Lakin Ərdoğanın səfəri və Şuşa Bəyannaməsi ilə mövqelərini gücləndirən Bakının Ermənistandakı seçkilərdən sonra bu məsələ üzərində israrı gözlənilən idi. İstisna deyil ki, Əliyevlə Putinin telefon danışığında “üçtərəfli razılaşmaların icrasının praktiki aspektləri”ndə erməni qoşunlarının çıxarılması prioritetlərdən biri olub.
Zəngin məhz Əliyev tərəfindən edilməsi də bu ehtimalı gücləndirən məqamlardandır.