Ermənistan Müdafiə Nazirliyi Sünikin (Zəngəzur) Geqarqunik bölgəsində Azərbaycan tərəfi ilə silahlı toqquşmanın baş verdiyi, bir erməni hərbçisinin öldüyü xəbərini yaydı. İnformasiyanın məqsədi Azərbaycanı hücum edən tərəf kimi göstərməkdir.
Ermənistanın KTMT-yə nizamnaməsinin 2-ci bəndi (dövlətə hücum təhdidi) üzrə müraciət etdiyini, təşkilatı məsələyə cəlb etmək məqsədilə prosesi 4-cü bənd (dövlətə hücum) mərhələsinə keçirmək üçün sərhəddə təxribatlara əl atacağı haqda yazmışdıq. Baş verən hadisə və erməni hərbçisinin “ölüm faktı” prosesin başlandığına işarə hesab oluna bilər.
Paşinyan sərhədlərin demarkasiyası üzrə yeni müqavilə imzalamağa razı olsa da, sərhəddə gərginliyin davam etməsində maraqlıdır:
- erməni cəmiyyətinə Rusiyanın dəstək vermədiyini göstərməklə Moskvadan idarə olunan opponentlərinin səslərinə təsir etməyə çalışır;
- seçkiöncəsi ermənilərin diqqətini “xarici düşmən” obrazı ətrafında cəmləmək, hakimiyyətin “dövləti qorumaq uğrunda mübarizə apardığını” göstərmək istəyir;
Seçkilər yaxınlaşdıqca sərhəd üzərindən təxribatların artacağı istisna deyil.
Son iki günün hadisələri fonunda sərhəddə erməni hərbçinin “ölüm faktı”nın arxasındakı başqa ssenariləri də önə çıxarır.
Birincisi: Bayden İlham Əliyevə təbrik məktubu.
Məktubun mətnində Baydenin Bakı-İrəvan münasibətlərinə dair iki fikri diqqət çəkir:
- Vaşinqton həmsədr ölkə kimi münaqişənin uzunmüddətli həllinə kömək etməyə sadiqdir;
- ABŞ münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edir;
Baydenin fikirləri İlham Əliyevin postkonfilikt dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək etməsi üçün ABŞ-a etdiyi çağırışa cavab hesab oluna bilər. “Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan ildən sonra” sözləri Vaşinqtonun gələcəyə baxdığını, “qonşularla sülh içində yaşamaq” sözləri isə sərhəd məsələsinin də diplomatik yolla həllini istədiyini deməyə əsas verir.
Sərhəd məsələsində Ermənistanın ümid etdiyi əsas ölkələrdən biri ABŞ idi. Dövlət Departamentinin açıqlaması da buna zəmin yaradırdı. Baydenin məktubu isə Vaşinqtonun mövqeyində korrektlər etdiyini göstərir. Bu məktubdan bir gün sonra sərhəddə erməni hərbçinin “ölüm faktı” ilə İrəvan Vaşinqtona göstərmək istəyir ki, “Bakı qonşuları ilə sülh içində yaşaya bilməz”.
İkincisi: Zərifin bölgəyə səfəri...
Bu gün Bakıda olan İran xarici işlər naziri Cavad Zərif sabah İrəvana səfər edəcək. Zərifin gəlişinin iki ana səbəbi var:
- Tehran sərhədlərin müəyyənləşməsindən narahatdır və prosesin ən azı uzanmasını istəyir: münasibətlərin normallaşması İranı bölgədən çıxara və Türkiyənin mövqelərini gücləndirə bilər;
- İran sərhəd məsələsində vastiəçi olmaqla bölgədəki mövqelərini qorumağa çalışır;
Bu baxımdan, gərginlik İranın da maraqlarına uyğundur.
Üçüncüsü: Muradovun İrəvanda keçirdiyi görüşlər.
Erməni informasiya mənbələri Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun dünən Bakıda olduğunu, bu gün İrəvanda Ermənistanın müdafiə naziri və təhlükəsizlik xidmətinin rəhbəri ilə görüşdüyünü yazır. Məqsəd sərhədlə bağlı razılaşmanın detalarının müzakirə etməkdir.
Mümkündür ki, Muradov Bakının tələblərini İrəvanda təqdim edib və Ermənistan bununla razılaşmamaq üçün sərhəddə təxribat ssenarisini işə saldı. Hadisənin baş verməsi saatının məhz Muradovla görüşlərdən sonra – 14:20-də göstərilməsi də təsadüfi deyil.
Sərhəd təxribatının hədəflərindən biri İrəvanın yeni müqavilədə istəklərinin yer alması üçün Moskvanın dəstəyini qazanmağa hesablanıb: ruslar Bakının tələblərini yumşaltmasa, sərhəd toqquşması ilə KTMT-ni 4-cü bənd üzrə fakt qarşısında qoyacaq və Rusiyanın vasitəçilik missiyasını çətinə salacaqlar.
Muradovun Bakıda yox, İrəvanda olduğu vaxt hadisənin baş verməsi bu fikri gücləndirir.
Erməni hərbçinin “ölümü” İrəvana bütün ssenarilər üzrə sərf edir. Bu baxımdan, qarşıdakı dövrdə belə “ölüm”lərin daha intensiv şahidi ola bilərik.