Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşdən səs yazısı yayılıb.
Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsini “Armvoice” Teleqram kanalı tərəfindən yayılıb.
Məlum olub ki, Ermənistanın Baş naziri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır.
“...Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən qəti əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açmaqla, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”, - səs yazısında deyilir.