Ermənistanda inflyasiya kəskin şəkildə artıb. Analitiklərin hesablamalarına görə, Ermənistanda inflyasiyanın analoji səviyyəsi bu günə qədər heç vaxt qeydə alınmayıb.
Axar.az xəbər verir ki, bu sözlərlə erməni iqtisadçı Akop Köçəryan çıxış edib.
Onun sözlərinə görə, hazırda Ermənistanda insanların gəlirləri aşağıdır, amma inflyasiya rekord səviyyədədir:
“Bu, xüsusilə ən vacib qida məhsullarına aiddir. Rəsmi məlumatlara görə, Ermənistanda ərzaq məhsullarının və alkoqolsuz içkilərin orta qiyməti 10-15% artıb. İstehlak malları, xüsusilə tütün və alkoqol sahəsində inflyasiya da ikirəqəmlidir. İl ərzində onlar 10,8%-13% bahalaşıb”.
Köçəryan bildirib ki, inflyasiyaya milli valyutanın devalvasiyası da əhəmiyyətli dərəcədə təsir göstərib:
“Son üç ay ərzində dram 35 pillə aşağı düşüb. Bu, həm idxal, həm də yerli istehsal mallarının qiymətlərinin süni şəkildə artmasına və sosial gərginliyin pik həddə çatmasına gətirib çıxarıb. Təsəvvür edin ki, son günlər Ermənistanda tərəvəz və meyvələrin qiyməti təxminən 33% artıb. Bitki yağları və digər yağ məhsulları isə 44% - dək bahalaşıb. Qeyd edim ki, bu rəsmi məlumatlardır”, - deyə erməni iqtisadçı bildirib.