Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 20-ci ildönümü münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik teleqramı göndərib.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu vacib müqaviləni bağlamaq barədə tarixi qərarda əsrlər boyu davam edən qardaşlıq, dostluq, mədəni və mənəvi yaxınlıq ənənələrinə əsaslanan Rusiya-Belarus münasibətlərinin möhkəmləndirilməsində qarşılıqlı istək əks olunub”, - Putin məktubda qeyd edib.
Putin bu müddət ərzində iki ölkənin əldə etdiyi inteqrasiya tərəqqisini, təhlükəsizlik və xarici siyasət sahələrində səylərin koordinasiyasını, ticar-iqtisadi və bölgələrarası əlaqələrin inkişafını, habelə federal büdcə hesabına innovativ elmi-texniki proqramların və irimiqyaslı humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, İttifaq Dövləti haqqında müqavilənin 20 illiyi ilə bağlı Lukaşenko Soçiyə ötən gün səfər edib və Putinlə 5 saatlıq görüş keçirib. Daha sonra liderlər ziyafətə qatılıblar.