İsveç şirkəti sanksiyalara görə tibbi ləvazimatların ixracını dayandırdığından 300-dək azyaşlı da ölə bilər…
ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən İranda epidermoliz xəstəliyindən əziyyət çəkən 7 uşaq vəfat edib.
Bu haqda yerli “Mehr” agentliyinə istinadla məlumat yayıb. Sanksiyalar səbəbindən tibbi ləvazimatların ölkəyə çatdırılmasında çatışmazlıq yaranıb. Buna görə də bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən 7 azyaşlı həlak olub, 300-ə yaxın uşaq isə ölüm təhlükəsi altındadır.
Əvvəllər İran hökuməti bəhs edilən xəstəlik zamanı yaranan yaraların müalicəsində istifadə olan xususi örtükləri İsveçdən idxal edir və xəstə uşaqların ailələrinə pulsuz olaraq çatdırırdı. Lakin ABŞ ikinci dəfə sanksiyaları tətbiq etdikdən sonra İsveç şirkəti epidermoliz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün xüsusi materialların ixracını dayandırıb. Odur ki, həmin xəstəlikdən əziyyət çəkən uşaqların vəziyyəti gündən-günə pisləşməkdədir.
Xatırladaq ki, ABŞ rəhbərliyi 2018-ci ilin mayında birtərəfli qaydada 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında imzalanmış nüvə razılaşmasından geri çəkilib və İrana qarşı sanksiyaları bərpa edib. Vaşinqton administrasiyası sanksiyaların əczaçılıq və qida sənayesi məhsullarına tətbiq edilmədiyini iddia edir. Amma İran bank sektorundakı sanksiyalar və dollara məhdudiyyətlər səbəbindən tibb materiallarının tədarükü ilə bağlı problemlər yaşamaqda davam edir.