ABŞ kəşfiyyatı İran xarici işlər naziri Cavad Zərifin Ankaraya səfəri zaman prezident Ərdoğana nə dediyini öyrənməyə çalışır. Türkiyənin “Habertürk” qəzeti yazıb ki, Amerika kəşfiyyatçıları ötən həftə Zərifin Ankarada Ərdoğana verdiyi hesabatı axtarır.
Xatırladaq ki, keçən həftə Zərif Suriyaya iki günlük səfərindən sonra gözlənilmədən Ankaraya gəlmişdi. İranlı diplomat bildirmişdi ki, Dəməşqdə Bəşər Əsədlə “uzun çəkən görüşündən hazırladığı hesabatı” prezident Ərdoğana təqdim edəcək.
Türkiyə mətbuatı iddia edir ki, bu açıqlamadan sonra Vaşinqton kəşfiyyat qurumlarını hərəkətə keçirərək Astana prosesində birgə hərəkət edən Türkiyə, İran və Rusiyanın hazırda Suriya məsələsində hansı addımları müzakirə etdiyini, Əsədlə aparılan danışıqların detallarını öyrənməyə çalışır. Xüsusən də Türkiyə və İran arasında son danışıqların detalları və Rusiyanın bu prosesin içərisində olması indi Vaşinqtonu ciddi şəkildə narahat edir.
Kəşfiyyat rəsmiləri xüsusən də Fəratın şərq sahili ilə bağlı razılaşma olub-olmadığını, xüsusən də bu qərarın kürdləri, əsasən da PYD/YPG-yə hansı təsiri olacağını öyrənməyə çalışırlar. Qəzet öz qaynaqlarına istinadən İsrail kəşfiyyatı Mossadın bu prosesə cəlb oluna biləcəyi və ikincinin də İrandakı qaynaqları vasitəsilə bu məlumatları əldə edə biləcəyini iddia edir. Çünki danışıqlar ən yüksək səviyyədə aparıldığı üçün ABŞ Milli Kəşfiyyat Agentliyi elektron izləməsi işə yaramır. Lakin məhz Mossad və onun İrandakı agenturası faktının ortaya atılması, görünür ki, bilgi sızacağı təqdirdə bunun məsuliyyətinin İranın da üzərində ola biləcəyinə işarədir.
Köşə yazısı şəklində hazırlanmış yazıda hadisəni dramatikləşdirmə cəhdi hiss olunur. Əlbəttə, Vaşinqton və eləcə də dünyanın bir çox ölkələrində Zərifin hazırlayıb Ərdoğana təqdim edəcəyi Əsəd hesabatı maraq doğurur. Çünki söhbət 8 ildir münasibətləri, demək olar ki, qırılmış və müharibə vəziyyətində olan iki ölkənin dövlət başçıları arasında vasitəli də olsa ilk rabitədən gedir.
Təbii ki, Zərifin elan etdiyi “uzun söhbət”in daha sonra Ərdoğana təqdim olunacağı haqda Suriya prezidentinin də xəbəri olub. Yəni söhbət Suriyanın da razılaşdığı əlaqələrin yenidən qurulması və Astana prosesi çərçivəsində münaqişənin həllindən gedir. Və o da məlumdur ki, İran, Türkiyə və Suriyanın daxil olduğu bu prosesdə ABŞ olmayacaq. Bu məqam təbii ki, Vaşinqtonu narahat edir.
Yeri gəlmişkən, ötən həftə Türkiyə hüquq-mühafizə orqanları ölkə ərazisində Birləşmiş Ərəb Əmirliklərinin iki əməkdaşını həbs edib. Bu şəxslərin kəşfiyyatçı olduğu, Türkiyədə məlumat toplamağa gəldikləri iddia olunur. Ancaq söhbətin hansı məlumatdan getdiyi məlum deyil.
Məsələ ondadır ki, S-400 və F-35 anlaşılmazlığı fonunda Vaşinqton sürətlə Türkiyəni itirir. Hazırda Ankara-Vaşinqton xəttində əsas suallı mövzulardan biri də Suriyadır. Çünki ABŞ-ın Suriya siyasəti Türkiyənin siyasəti ilə toqquşur - baxmayaraq ki, Vaşinqton hələ də Ankara ilə anlaşacağına ümidini itirməyib. Türkiyə isə Fəratın qərb sahilini, yəni Menbicin kürdlərdən təmizlənib Türkiyə və müttəfiqlərinə verilməsi, eləcə də Suriya-Türkiyə sərhədinin kürd silahlılarından təmizlənib 32 kilometrlik təhlükəsizlik zolağı yaradılmasını istəyir. Vaşinqton məhz təhlükəsizlik zolağı mövzusunda Ankara ilə anlaşmağa çalışır.
Lakin indi İran daha ciddi siyasi-diplomatik həmlə həyata keçirib, Ankara ilə Dəməşq arasında dolayısı ilə anlaşma yaratmağa çalışır. Söhbət həm də bu il başlayacaq keçid prosesinin davamlılığından gedir. Əgər Zərifin cəhdi, yəni Ankara ilə Dəməşq arasında Suriya mövzusunda anlaşma əldə olunsa, o zaman keçid prosesi də sürətlənəcək və bu zaman kürdlər üçün çətin vəziyyət yaranacaq, hətta Vaşinqtonun cəhdləri belə onları qoruya bilməyəcək.
Maraqlıdır ki, Zərif Ankaranı tərk etdikdən sonra Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Türkiyə və Suriya arasında hər hansı görüş və ya danışıq müzakirə mövzusu deyil. Görünür, Ankara müttəfiqlərinin həyəcanını yatırmağa çalışır.
Təbii ki, nəticəsi uğurlu olmasa belə, bu vəziyyət Ankara üçün əlverişlidir. Çünki indi Türkiyə hökuməti Vaşinqtona daha çox təzyiq edə, Suriyanın şimalında şərtlərini diktə edə bilər. Ya da Zərifin, yəni həm də İran və Rusiyanın daha sərfəli Suriya təklifini qəbul edə bilər.
Əlbəttə, aydın məsələdir ki, uzun illər diplomatik təcrübəyə sahib Cavad Zərif Ankarada Ərdoğana təqdim edəcəyi hesabatdan danışarkən “lazımi ünvanlara” mesajını verib. Bu mənada Vaşinqtonun təlaşı anlaşılandır. Bu, həmçinin Suriya cəbhəsində “suların sürətlə isindiyini” göstərir. Yəqin ki, yaxın günlərdə Suriyanın şimalı ilə bağlı tərəflərin ciddi hərəkətliliyinin şahidi olacağıq.