ABŞ-Türkiyə münasibətlərində yenidən gərginlik dönəmi hökm sürür. Belə ki, Ağ Evdən rəsmi Ankaraya yönəlik təzyiqlərin növbəti dəfə intensivləşməyə başladığı müşahidə edilməkdədir.
Məsələ ondadır ki, Türkiyənin Rusiyadan S-400 tipli zenit-raket kompleksləri almaq qərarı uzun müddətdən bəridir, Ağ Evlə rəsmi Ankara arasındakı münasibətlərdə böhranlı situasiya yaradıb. ABŞ Türkiyəni tamhüquqlu üzvlərindən olduğu NATO-nun standartlarına uyğun sayılmayan silah növləri almaq cəhdlərində suçlayır. Və bu böhran hər iki dövlət üçün qarşılıqlı münasibətlərin şərtlərini daha da ağırlaşdırır.
Ancaq ABŞ-ın bu məsələ ilə bağlı Türkiyəyə yönəlik ittihamları və təzyiqləri tamamilə əsassızdır. Çünki Türkiyənin Rusiyadan S-400 raketləri almaq qərarının arxasında kifayət qədər ciddi və önəmli səbəblər yatır.
Onlardan birincisi odur ki, ABŞ Türkiyəyə silah satışında rəsmi Ankaranın maraqlarına və istəklərinə qətiyyən əhəmiyyət vermək istəmir. Yəni Ağ Ev Türkiyənin hansı silahlara ehtiyacı olduğunu da məhz özünün müəyyənləşdirməsinə üstünlük verir. Və rəsmi Ankaranın Türkiyə Silahlı Qüvvələri üçün vacib hesab etdiyi silah növlərini bu qardaş ölkəyə satmaqdan yayınmağa çalışır.
Bunun bariz örnəyi vaxtilə Türkiyənin Suriya ilə sərhəd bölgələri raket hücumuna məruz qalarkən ABŞ və Qərbin verdiyi qeyri-adekvat reaksiyadır. Belə ki, Türkiyənin Suriya istiqamətindən hərbi təcavüzə məruz qaldığı həmin dönəmdə NATO öz öhdəliklərini yerinə yetirməyə həvəs göstərmədi və Türkiyəni doğru-düzgün müdafiə etmədi.
Yalnız rəsmi Ankaranın Türkiyə üçün NATO-nun öz əhəmiyyətini itirə biləcəyi ilə bağlı sərt xəbərdarlığından sonra situasiya nisbətən dəyişməyə başladı. Belə ki, sərhəd bölgələrinin müdafiəsini təmin etmək üçün “Patriot” raketləri müvəqqəti olaraq, Türkiyəyə icarəyə verildi.
Amma icarə müddətində Türkiyə hərbçiləri “Patriot” raketlərinin yaxınlığına belə, buraxılmadı. Yəni bu raket sistemləri onları Türkiyənin sərhəd bölgələrində quraşdıran qeyri-türk mənşəli NATO mütəxəssisləri tərəfindən idarə olundu.
Eyni zamanda, icarə müqaviləsinin müddəti bitdikdən sonra Türkiyənin külli miqdarda icarə haqqı ödədiyi raket sistemlərini söküb, geri apardılar. Yəni Türkiyə külli miqdarda para xərcləsə də, yenidən silahsız qaldı.
Belə anlaşılır ki, ABŞ və Qərb Türkiyəyə bu tipli önəmli silahları satmaq istəmir. Ən yaxşı halda parasını alıb, müvəqqəti icarəyə verirlər. İcarə müddəti bitdikdən sonrasa, Türkiyəni yenidən bu önəmli silah növlərindən məhrum buraxırlar.
Türkiyənin Rusiya silahlarına üstünlük verməsinin ikinci önəmli səbəbi isə ABŞ və Qərbin satdığı əksər silahlarda xüsusi nəzarət cihazlarının quraşdırılmasıyla bağlıdır. Yəni Türkiyə həmin silahlardan ABŞ və Qərbin maraqlarının ziddinə olacağı təqdirdə, heç bir xarici düşmənə qarşı istifadə edə bilməz. ABŞ və Qərbin “dostları”yla Türkiyənin düşmənlərinin müəyyən paralellik təşkil etdiyini nəzərə aldıqdasa, bu, rəsmi Ankara üçün həm arzuolunmaz, həm də kifayət qədər təhlükəli amildir.
Çünki Türkiyənin ABŞ və Qərbdən satın aldığı strateji silah növlərindən sərbəst istifadəyə cəhd edildiyi təqdirdə, həmin silahlar xüsusi nəzarət cihazları vasitəsilə dərhal ya istifadəyə yararsız vəziyyətə salınır, ya da ümumiyyətlə, məhv edilir. Türkiyədə F-16 tipli savaş təyyarələrinin və hərbi helikopterlərin vaxtaşırı anlamsız şəkildə qəzaya uğraması halları məhz bununla izah edilir.
Nəhayət, üçüncü önəmli səbəb ABŞ və Qərbin satdığı silahların, analoji Rusiya silahlarından qat-qat baha olmasıyla bağlıdır. Bu baxımdan, ABŞ-ın bütün etirazlarına baxmayaraq, Türkiyə həm ucuz, həm də məhz yalnız özünün nəzarətində olacaq silahlara sahiblənmək istəyində tamamilə haqlıdır.
Bunları nəzərə aldıqda, ABŞ-ın bütün təhdid və təzyiqlərinə baxmayaraq, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından vaz keçə biləcəyi hələlik qətiyyən inandırıcı görünmür. Üstəlik, Ərdoğan hakimiyyəti də xarici təzyiqlərə boyun əyməyə həvəsli siyasi qüvvə olmadığından, ABŞ-ın öz istəyinə nail ola biləcəyi ilə bağlı ehtimal o qədər də real təsir bağışlamır.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə artıq S-400 raketlərinin alınması məqsədilə Rusiya ilə hərbi ticarət müqaviləsi imzalayıb. Və həmin müqaviləyə uyğun olaraq, Rusiya öz öhdəliklərinin yerinə yetirilməsi istiqamətində xüsusi canfəşanlıq göstərir.
Hətta Rusiya S-400 raketlərinin ilk partiyasını artıq bu ilin iyul ayında Türkiyəyə göndərmək öhdəliyini də öz üzərinə götürüb. Kremlə yaxın dairələrin son açıqlamalarına inansaq, Rusiya bu müqavilə üzrə öz öhdəliklərinə sadiq qalmaqda israrlıdır. Çünki həmin dairələr S-400 raketlərinin sifarişçiyə təhvil-təslim prosesinin Türkiyə ilə anlaşmada nəzərdə tutulmuş qrafikə uyğun şəkildə reallaşdırılacağını xüsusi olaraq qabardırlar.
Belə anlaşılır ki, bu hərbi-ticari əməkdaşlıqdan geriyə dönüş ehtimalı yoxdur. Və ABŞ-ın xoşuna gəlməsə də, bu hərbi müqavilə istənilən halda yerinə yetiriləcək.
Düzdür, rəsmi Ankara ilə Kreml arasındakı bu hərbi alış-veriş ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirə bilər. Ancaq bu gərginlikdən Ağ Evin itirə biləcəkləri Türkiyə ilə müqayisədə daha çoxdur.
Məsələ ondadır ki, Ağ Ev təzyiqləri daha da artırarsa, ABŞ Türkiyəni bir müttəfiq dövlət olaraq, tamamilə itirə bilər. Hər halda Türkiyənin Rusiya ilə münasibətlərinin son illərdə ən yüksək səviyyəyə çatdığını nəzərə aldıqda, bu ehtimal qətiyyən istisna deyil.
Ona görə də, bundan sonrakı situasiyanı formalaşdıracaq əsas şərtlər daha çox ABŞ-ın atacağı addımların məzmunundan birbaşa asılı qalmış kimi görünür. Halbuki Ağ Evin son davranışları ABŞ-Türkiyə münasibətlərinin inkişafına cəhd göstərildiyini qətiyyən sezdirmir.
Əksinə, Ağ Ev hələ də rəsmi Ankaraya təzyiq göstərməklə Türkiyəni ram edə biləcəyinə ümid bəslədiyini sezdirir. Və hazırda Ağ Ev Türkiyəyə qarşı əsasən iki istiqamət üzrə basqı qurmağa çalışır.
Birinci istiqamət maliyyə-iqtisadi faktorları Türkiyənin əleyninə çevirmək cəhdləriylə bağlıdır. Belə ki, son günlərdə Türkiyədə dolların lirəyə münasibətdə kursunun yenidən yüksəlişə keçdiyi müşahidə edildi. Türkiyədəki bələdiyyə seçkiləri ərəfəsində bununla rəsmi Ankaraya müəyyən üstüörtülü mesajlar verilmiş oldu.
Ancaq rəsmi Ankaranın reaksiyası Ağ Evin ümidlərini qətiyyən doğrultmadı. Belə ki, rəsmi Ankara Ağ Evlə anlaşmaq əvəzinə ABŞ-a Türkiyədə dolların bahalaşdırılmasına yardım etmiş maliyyə-iqtisadi oyunçulara açıq və sərt məzmunlu xəbərdarlıq etməyi üstün tutdu.
Nəticədə rəsmi Ankaranın dolların süni şəkildə bahalaşdırılmasında rol alan yerli maliyyə-iqtisadi dairələrin seçkidən sonra hüquqi sorğuya çəkiləcəyini bəyanlamasından dərhal sonra birjalardakı böhranlı situasiya nisbətən normallaşmağa başladı. Yəni bu istiqamət üzrə təhlükə hələlik sovuşdurulmuş kimi görünür.
İkinci istiqamətə gəldikdəsə, burada Ağ Ev daha çox hərbi-ticari sanksiyaları ön plana çəkməyə çalışır. Belə ki, Ağ Ev rəsmi Ankaranın Rusiyadan S-400 raketlərinin alınmasından imtina etməyəcəyi təqdirdə, Türkiyəni ABŞ-la ortaq F-35 tipli savaş təyyarələrinin istehsalı layihəsindən kənarlaşdıracağı ilə hədələyir. Həmin layihəyə görə, rəsmi Ankaranın maliyyələşdirməsi ilə bəlli sayda F-35 savaş uçaqları istehsal olunaraq, Türkiyəyə təhvil verilməlidir.
Bəzi məlumatlara görə, rəsmi Ankara bu layihə üzrə öz öhdəliyini artıq yerinə yetirib, yəni ödəməli olduğu maliyyəni istehsalçının hesabına köçürüb. Ona görə də indi ABŞ-ın layihəni ləğv etməsi, ortada hər iki tərəfin imzaladığı hərbi-ticari müqavilə mövcud olduğundan həm də beynəlxalq hüquq pozuntusu sayıla bilər.
Göründüyü kimi, vəziyyət kifayət qədər gərgin olmaqla yanaşı, atılan addınlar da qəlizdir. Amma ABŞ-ın hərbi dairələrindən gələn son açıqlama da böyük maraq doğurur. Çünki həmin açıqlamada Türkiyənin ABŞ-dan “Patriot” raketlərini satın almasının Ağ Ev üçün böyük önəm daşıdığı xüsusi olaraq, vurğulanır. Və xahiş vurğusu sezilən bu açıqlama müəyyən mənada, ABŞ-ın Türkiyə kimi önəmli silah alıcısının itirilməsi təhlükəsindən ciddi narahatlığını biruzə verir.
Ancaq bütün bunlara baxmayaraq, rəsmi Ankaranın geri çəkilərək, daha ucuz S-400 raketlərinin əvəzinə ikiqat para ödəməklə ABŞ-dan “Patriot”ları alacağı o qədər də inandırıcı görünmür. Bu isə o anlama gəlir ki, rus S-400 raketləri hələlik “Patriot”ları silah bazarında vurmuş kimi görünür.
Ona hesab etmək olar ki, ABŞ-Türkiyə münasibətlərində gərginliyin artma ehtimalının önü açıqdır. Yəqin ki, bu ehtimalın qarşıduran tərəflər arasındakı münasibətləri hansı istiqamətlərə götürə biləcəyi yaxın aylarda aydınlaşmağa başlayacaq.