Gürcüstan Daxili İşlər Nazirliyi Marneuli rayonundakı seçki məntəqəsində bir qrup vətəndaş tərəfindən seçki qutusuna topa bülleten atılması ilə bağlı cinayət işi açıb.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Georgi Kalandarişvili deyib.
“Mən Daxili İşlər Nazirliyindən ictimaiyyətə obyektiv məlumat vermək üçün mümkün qədər tez lazımi prosedurları həyata keçirməsini xahiş edirəm", - Kalandarişvili bildirib.
Kalandarişvili həmçinin Marneuli dairə seçki komissiyasından təcili iclas keçirməyi, vəziyyəti aydınlaşdırmağı və insidentlə bağlı lazımi qərar qəbul etməyi tələb edib. Onun sözlərinə görə, bütün belə hallar seçkiyə xələl gətirir və səsvermənin nəticələri ilə bağlı suallar yaradır.
Qeyd edək ki, Gürcüstan televiziya kanalları Kvemo Kartli bölgəsinin Marneuli rayonundakı 69 saylı seçki məntəqəsində iki vətəndaşın bülleten yığınını zorla seçki qutusuna atmasının görüntülərini yayıb.
Gürcüstanda bu gün parlament seçkiləri keçirilir. Bu, Gürcüstan üçün taleyüklü seçki hesab edilir. Belə ki, Qərb gürcü müxalifətinə ciddi dəstək verir, hətta məxməri inqilab hazırlıqları görüldüyü də iddia edilir.