Oktyabrın 18-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Bu barədə Axar.az-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Audiovizual Şuranın müvafiq qərarları ilə ABC-Telecom MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: Kontakt TV) lisenziyaları verilib. Bundan başqa, SƏS TV MMC-yə (televiziya redaksiyasının adı: Səs TV) və Biznes TV MMC-yə (televiziya redaksiyasının adı: Biznes TV) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.