Xocalı rayonunda kütləvi məzarlığın aşkarlandığı ərazidə əlavə qazıntı işləri aparılır.
Axar.az Report-a istinadən xəbər verir ki, kütləvi insan qalıqları aşkar olunandan sonra ərazidə digər işlər dayandırılıb.
Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ərazidədir. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları da əraziyə dəvət olunub.
Məzarlıqda tapılan insan qalıqlarına zərər dəyməməsi üçün ehtiyatla çıxarılaraq götürülür və aktlaşdırılır.
Qeyd edək ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça Fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub:
"Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".
Məlumata görə, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.