“Əli ədaləti” haker qrupunun ələ keçirdiyi sənədlər İranda “Məhsa etirazları” adlandırılan və 2022-ci ildə kütləvi iğtişaşlara səbəb olan Məhsa Əmini ölümünün İran əxlaq polisi ilə bağlı olduğunu təsdiq edib.
Axar.az xəbər verir ki, bu barədə İran müxalif mediası məlumat yayıb.
Məlumata əsasən, İran hakimiyyəti Məhsa Əmininin öldürülməsində əxlaq polisinin rolunu ört-basdır etmək və hökumət əleyhinə etirazların baş verməsinin qarşısını almaq üçün cidd-cəhdlər edib.
Belə ki, onun ölümündən dərhal sonra təhlükəsizlik qüvvələri ailəsini və qohumlarını onun ölüm səbəbinin şəxsi sağlamlıq vəziyyəti ilə bağlı olduğunu və əxlaq polisinin bu cinayətdə heç bir rolu olmadığını təsdiqləməyə məcbur edib.
Həmçinin hakimiyyətin medianı susdurmaq, sosial mediaya nəzarət etmək və etirazları daha da yayılmadan dəmir yumruqla yatırmaq üçün gördüyü müxtəlif tədbirlərin protokolları təqdim edilib.
Qeyd edək ki, Məhsa Əmini qətlinə görə 2022-ci ilin sentyabrından İranda böyük iğtişaşlar başlamışdı.