“Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı
zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibətində bildirib.
“Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də, mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi.
Üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarər alıb.
30 ilə yaxın Ermənistan tərəfindən darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki genişmiqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir.
Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın.
Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və məhz bu səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb. Lakin Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır.
Lakin Ermənistan Baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır”, - deyə XİN rəsmisi vurğulayıb.