“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Hayrullah Hademi “İran-Ermənistan dostluğu” yutub kanalına verdiyi müsahibə zamanı deyib.
H.Hademinin sözlərinə görə, Ermənistan hazırda Gorus-Qafan yoluna alternativ olaraq Tatev rayonunda yolun inşasına başlayıb.
“Sözügedən yol vasitəsilə yük və sərnişin daşınması mümkün qədər tez başlasın deyə erməni tərəfi ilə danışıqlar aparırıq”, - deyə Hamedi qeyd edib.
O, həmçinin vurğulayıb ki, İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir.
“Bu yolda olmuşuq və yeni yolun inşası üçün Ermənistana kömək etməyə hazırıq. Həmçinin İran öz mühəndis-texniki imkanlarını da verməyə hazırdır. Ermənistan, həmçinin İran sərhədindən başlayan və Gürcüstan sərhədinə çatan “Şimal-cənub” yolunu da inşa edir. Bildiyim qədərilə, şimal hissədə xeyli iş görülüb və ümid edirəm ki, tezliklə cənub hissədə də işlər başlayacaq. Bu məsələdə də Ermənistan ilə əməkdaşlıq etməyə hazırıq”, - deyə iranlı nazir müavini bildirib.
Erməni KİV-də yayılan məlumata görə, Tatev-Qafan yolunun inşasının noyabrın sonuna kimi tam olaraq başa çatması planlaşdırılır.
Qeyd edək ki, Hayrullah Hademi oktyabrın 4-ü İranın Tatev yolunun inşasına kömək etməsi məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib.