Bu gün ölkəmizi gözləyən çox ciddi təhlükələrdən biri də müəyyən qrupların sosial şəbəkələr üzərindən Azərbaycan dövlətinə qarşı etimadsızlıq yaratmaq cəhdidir. Bir neçə gün əvvəl polislə bağlı yaranmış vəziyyətdə biz bunun şahidi olduq. Dövlətin addımları ilə bu təxribatın qarşısı alındı, polis üzr istədi və digər addımlar atıldı.
Bunu deputat Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, indi isə Dağıstan sərhədində baş verənlərdən istifadə edərək təxribat yaratmağa cəhd edirlər: “Bu cür təxribatların davamı da ola bilər”.
Millət vəkili təkliflə çıxış edərək bildirib ki, karantinə nəzarət səhiyyə sisteminə verilsin: “Digər tərəfdən təklif edirəm ki, karantin rejimini polisin üzərinə qoymayaq. Bütün dünyada bu işi səhiyyə sistemi görür. Hesab edirəm ki, 2 həftəlik karantin rejiminə tam ciddi şəkildə əməl etməliyik. Lazım olarsa, Milli Məclisin də iclasını dayandıra, onlayn şəkildə keçirə bilərik”.
(publika.az)