Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Aztelecom MMC və Bakı Telefon Rabitəsi (Baktelekom) MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb.
Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır:
"Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab olunur. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı müsahibələr gedir".
M.Abbasbəyli vurğulayıb ki, "Aztelekom" və "Baktelekom" bir neçə xidmət üzrə tarifləri qanunsuz olaraq artırıb:
"Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflərdə olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çoxdur. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir".
Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev isə qeyd edib ki, həmin tariflər istehlakçılara göstərilən xidmətlərə görə olan tariflər deyil:
"Onlar "Aztelekom"un yerli bazarda fəaliyyət göstərən rəqiblərinə, yəni digər şirkətlərə tətbiq etdiyi tariflər idi. İstehlakçılar bu tarifləri görmür".
"Aztelekom"dan bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aztelekom MMC-yə qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib:
"Hazırda iş üzrə məhkəmə araşdırması davam edir".
Xatırladaq ki, 2023-cü ildə Dövlət Xidməti Aztelekom MMC və Bakı Telefon Rabitəsi MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırılıb. Qaldırılmış işə dair qərar qəbul edilib. Qərara əsasən, cəmiyyətlərin hər birinə 16500 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.