Son xəbərlər

Azərbaycan Ordusunda döyüş hazırlığı — Raketlərdən atəş açıldı - VİDEOMüdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.

Deputat olmaq istəyənlərin NƏZƏRİNƏBu gündən növbədənkənar parlament seçkiləri üçün deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsinə başlanılır.
Oxu.az məlumatına görə, bu barədə növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında bildirilib.

Seçki sənədləri namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmalıdır.
Sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edilməlidir.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər. Hər üç şəxs hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Xüsusilə, Ramiz Tatarovun Ağstafa rayon təşkilatının sədri olması mətbuatda müzakirələrə səbəb oldu. Hətta bu şəxslərin partiya üzvlüyündən kənarlaşdırılmasını təklif edənlər var.
Bəs həmin şəxslərin partiya üzvlüyündən kənarlaşdırılması məsələsinə baxıla bilərmi?

Turkustan.info xəbər verir ki, modern.az saytı bu barədə məlumat əldə etmək üçün hakim partiya ilə əlaqə saxlayıb. Partiyanın mətbuat xidmətindən saytımıza hələlik bu barədə müzakirə aparılmadığı bildirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə saytımıza bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:

“Onların partiya üzvlüyündən kənarlaşdırılması partiyanın ali qurumunun qərarı ilə gerçəkləşə bilər. Partiya rəhbəliyi, İdarə Heyəti necə qərar etsə, elə də olacaq. Hələlik belə bir təklif yoxdur. Amma partiya üzvülüydən uzaqlaşdırılma halları dəfələrlə olub. 2005-ci il hadisələrindən sonra da bir neçə nəfər partiyadan kənarlaşdırılıb. İstənilən halda qanun alidir”.

İlham Əliyev tutulan icra başçısını vəzifəsindən azad etdi

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nizaməddin Məhəmməd oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramazan Tatarov saxlanılıb. 

Prezident İlham Əliyev: "AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar"

"AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər".
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib.

"Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik. Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqçılıqda baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmişdir və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonrakı dövrlərdə pambığın istehsalı artmışdır. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır. Məlumat üçün deyə bilərəm ki, 1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük, demək olar ki, tamamilə sıradan çıxarıldı: "Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi. Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük".

Dövlət başçısı vurğulayıb ki, o vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi: "Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il “Əsrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü".

"Bilirsiniz, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fəaliyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir. Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasaydı, öz siyasətini ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət gedə bilərdi?! İnfrastruktura özəl sektor pul qoya bilərmi? Əlbəttə ki, yox. Üzümçülüyə, hansı ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi? Pambıqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq. Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq", - Azərbaycan Prezidenti qeyd edib.
"Ticarət obyektlərinin hər biri sığortalanmalıdır" — Azərbaycan Prezidenti

"Ticarət obyektlərinin hər biri sığortalanmalıdır".
Bunu Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib.
"Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bu il zəlzələ olmuşdur: "Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın".
Vilayət Eyvazov seçki ilə bağlı əmr verdiDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

DİN Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.

Prezidentin yanında müşavirə keçirilib

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Nazir bələdiyyələrlə bağlı qərar imzaladı“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişikliklər təsdiqlənib.

''Ölkə.Az''-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla  sənədin 2.5.1-ci yarımbəndinin birinci cümləsində “zidd olması barədə kifayət qədər əsas olduqda” sözləri “zidd olduqda” sözləri ilə, üçüncü cümləsində “15 gün” sözü “5 iş günü” sözü ilə əvəzlənib.

Həmin yarımbənddə göstərilir ki, bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir. 

Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi və s. məsələlər göstərilməlidir. 

Müraciətdə qeyd olunanların bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş beş iş günü ərzində yerinə yetirilməsi nəzarətdə saxlanılır.

Əvvəlki sənəddə isə bu müddət 15 gün müəyyənləşdirilmişdi.

Qərarla 3.2.8-ci yarımbəndində “15 gün” sözü “5 iş günü” sözü ilə əvəzlənib.

Bu bənd müraciətin araşdırılması zamanı bələdiyyənin fəaliyyətinin və yaxud bələdiyyə aktının bu təlimatın 2.5.1-ci yarımbəndində sadalanmış normativ-hüquqi aktlara zidd olduğu müəyyən edilməsi ilə bağlıdır.

Beş iş günü ərzində müvafiq fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, yaxud müvafiq aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə müraciət olunur.

Nazir Fikrət Məmmədovun qərarı ilə təlimatın 3.2.11-ci yarımbəndində də dəyişiklik edilib.

Əvvəlki qərarda yazılmışdı ki, görə hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi məqsədi ilə müvafiq bələdiyyəyə dərhal təklif göndərilir.

Yeni qərarla müvafiq yarımbənddən “ağır” sözü çıxarılıb və “ləğv edilməsi” sözündən sonra “(dəyişdirilməsi)” sözü əlavə edilib.

Baş nazirdən mübahisə tərəflərinin müraciəti ilə bağlı QƏRARNazirlər Kabinetinin “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli qərarında dəyişiklik edilib.

"Ölkə.Az"ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilir ki, sənədin ikinci abzası 1-ci hissə hesab edilsin. Eyni zamanda aşağıdakı 2-ci hissəyə əlavə edilib ki, bu qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

1.1-ci bənddə “mediasiya xərclərinin” sözləri “xərclərin” sözü ilə əvəz edilib.

Bununla yanaşı, 1.3-cü bənd əlavə edilib. Bənddə göstərilir ki, bu qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir.

2.1-ci bəndə isə “dövlət büdcəsində” sözlərindən əvvəl ““Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5- 2 ci maddəsinin birinci cümləsinə əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla” sözləri əlavə edilib.

2.2-ci bənd isə ləğv edilib.  

2.3-cü bənddən “və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış” sözləri çıxarılıb. Həmin bənddə “təqdim etdiyi müvafiq təsdiqedici” sözləri “bu qaydanın 2.4- cü bəndinə uyğun olaraq təqdim etdiyi” sözləri ilə əvəzlənib.

2.8-ci bəndin birinci cümləsinə “5” rəqəmindən əvvəl “müraciətin daxil olduğu gündən” sözləri əlavə edilib.

Əvvəlki qərarda bildirilirdi ki, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına 5 iş günü müddətində yazılı bildiriş göndərilir.

Qeyd olunurdu ki, çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 iş günü müddətində aradan qaldırılmalıdır.

2.10-cu bənddən də “5 (beş) iş günü müddətində” rəqəm və sözləri çıxarılıb.

Bundan əvvəlki qərarda isə bildirilirdi ki, mediasiya xərclərinin ödənilməsindən aşağıdakı hallarda imtina edilir: tələb olunan sənədlər tam olmadıqda, təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

Bildirilirdi ki, bu barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir.

Baş nazir Əli Əsədovun qərarına görə isə 2.10.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib: “Təqdim olunan sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu qaydanın 2.8-ci bəndinə uyğun olaraq aradan qaldırılmadıqda”.

Qeyd edək ki, bu qayda “Mediasiya haqqında” qanunun 36.7-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Eyni zamanda qanunun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

Mediasiya  mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.