O bildirib ki, yaxın keçmişimizə münasibət bildirdikdə 1945-ci il Yalta konfransından etibarən dünyanın siyasi nizamında yeni konyunktura qurulmağa başladı: “Bu konyunkturaya əsasən dünya ölkələrini şərti olaraq üç qrupa bölmək olar. Birinci qrup Qərb bloku təmsil edən ölkələr başda ABŞ olmaq şərtilə, digər qrupa Sovet quruluşu üzvlərini və sovetlərə ideoloji, iqtisadi və siyasi cəhətdən yaxın olan ölkələr aiddir. Üçüncü qrup ölkələrə başda Hindistan olmaqla digər ölkələr aiddir. Bu cür konyunktura beynəlxalq münasibətlərdə 1989-cu ilin Malta konfransına qədər davam etdi. Qarbaçovun iştirakı ilə keçirilmiş həmin Malta konfransı Berlin divarının uçması ilə əlaqədar idi. Nəticədə dünyada artıq ikitərəfli qütb və şərti böldüyümüz üç qrup dünya ölkələri arasındakı bu nisbət dağıldı. Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi təkqütblü sistemin əlamətləri görünməyə başladı. Bu proses uzun müddət davam etdi.
Bir çox beynəlxalq münaqişələrə və nizama salınmağa ehtiyacı olan məsələlərə, o cümlədən ABŞ-ın öz maraqlarını əhatə edən məsələlərə münasibətdə ABŞ “Yumşaq güc” tətbiq etməklə prosesləri həll edə bilirdi. Bu dünyadakı digər dövlətlərin – Rusiya, Çin, Hindistan, Cənubi Afrikanın və regional dövlətlərin – Türkiyə, İranın dünya siyasətinə təsirləri artmağa başladıqca Qərb tərəfindən “Yumşaq güc” tətbiq etməklə məsələlərin həlli çətinləşdi. Bu baxımdan “Yumşaq güc”lə yox, birbaşa aktiv müdaxilələrlə maraqların qorunması prosesi başladı. Biz bunun təzahürlərini Ukrayna-Rusiya münaqişəsində, yaxın şərqdə İsrail vasitəsilə baş verən hadisələrdə görürük. Eyni zamanda bunun əlamətlərindən biri də Cənubi Qafqazdadır. Düzdür, Azərbaycan rəhbəri cənab İlham Əliyevin və Azərbaycan ordusunun çox güclü və yerində həmləsi ilə Cənubi Qafqazda münaqişə ocağı yatırıldı. Ancaq maraqların toqquşması baş verir və davam edir".
"Eyni zamanda Tayvanda da bu toqquşma gözlənilir. Həmin bu təktərəfli dünya artıq Qərbin çoxtərəfli qüvvələrinin iştirakı ilə maraqların toqquşması nəticəsində görünür ki, çoxtərəfli qütbə doğru çevrilməkdədir. Artıq bir tərəfin maraqları ilə yox, bir neçə tərəfin marağı nəzərə alınmalıdır. Bu fonda Qərbin inhisarında olan beynəlxalq təşkilatlardan kənar BRİCS kimi, Qoşulmama Hərəkatı kimi beynəlxalq münasibətləri və iqtisadi münasibətləri özündə ehtiva edən təşkilatların formalaşması olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, BRİCS-də kifayət qədər ciddi iqtisadi resursa malik olan dövlətlər var. Misal üçün, dünya iqtisadiyyatının dörddə biri hal-hazırda BRİCS üzvləri olan ölkələrdədir. Eyni zamanda ciddi əhali kütləsi var. Təxminən dünya əhalisinin 50 faizi BRİCS ölkələrinin payına düşür. Bu baxımdan bu cür təşkilatın Azərbaycanın iştirakı, münasibətlərin formalaşması olduqca əhəmiyyətlidir" - deyə o, əlavə edib.