O bildirib ki, multikulturalizmin ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir: “Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir. Azərbaycan etnik-dini dözümlülük simvoludur.
Həmçinin biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu. Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bizim ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir”.