15 oktyabr 2003-cü il: Böyük Yolun başlanğıcı


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Hər bir xalqın tarixinə əbədi həkk olunan, bir az da dəqiqləşdirməli olsaq qızıl hərflərlə yazılan elə illər, aylar, günlər var ki, qərinələr, əsrlər ötsə belə heç vaxt yaddaşlardan silinmir. Zaman keçdikcə həmin tarixi anların əhəmiyyəti, xalqın gələcək taleyində müstəsna rolu, obrazlı şəkildə ifadə etməli olsaq möhtəşəmliyi özünü daha qabarıq şəkildə büruzə verir. 2003-cü ilin 15 oktyabrı Azərbaycanın çağdaş tarixinə məhz belə bir gün kimi əbədi həkk olunub.
Kərim Tahirov: Tarixi missiya uğurla yerinə yetirildi


Həmin gün keçirilən prezident seçkilərində xalqımız demək olar ki, yekdilliklə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyub inkişaf etdirdiyi Böyük Yolun davamına səs verdi. Seçicilərin 76,84 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Vədə sadiqliyin təntənəsi: Ulu Öndərin ən böyük arzusu çin oldu

Bu gün son 21 ilin reallıqlarını təhlil edərkən bu vədin yüksək səviyyədə yerinə yetirildiyini sonsuz fəxarət və qürur hissi ilə qeyd edirik. Prezident İlham Əliyevin ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə xalqa müraciətini məhz mədəniyyətimizin beşiyi, Qarabağın tacı azad Şuşadan çatdırması 21 il əvvəl yüksək kürsüdən verdiyi vədə sadiqliyinin əyani təzahürü oldu. Dövlətimizin başçısının bu müraciətdə səsləndirdiyi “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır... Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” fikirləri Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidələr xiyabanından xalqa çatdırarkən səsləndirdiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları” çağırışının davamı kimi dəyərləndirildi. Təbii ki, zəfərlərimiz bununla tamamlanmadı. Qarşıda qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bağlı yüksək kürsüdən verdiyi vədin reallaşması kimi ümdə vəzifə dururdu. 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərimizdən üç il sonra - 2023-cü il sentyabrın 19-da rəşadətli ordumuzun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatdan da az vaxtda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi, Ali Baş Komandanın 20 il əvvəl verdiyi vədin tamamilə reallaşması oldu. 15 oktyabr 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldaraq Xankəndi şəhərindən bu müraciəti etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.”
Kərim Tahirov: Tarixi missiya uğurla yerinə yetirildi

Bəli, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Prezidentinə göstərdiyi inam və vahid amal ətrafında birləşmək bacarığıdır. Azərbaycan xalqı doğrudan da bütün dünyaya sübut etdi ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik.

Bu yol Heydər Əliyev yoludur...

Göründüyü kimi, Prezident İlham Əliyevin hər bir müraciəti müjdələrlə zəngin, sabaha böyük inam çağırışıdır. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolu bugünümüzün və gələcəyimizin əsası oldu. Bu yol dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycanı ancaq və ancaq qələbələrə aparır. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, liderlik keyfiyyətləri Azərbaycanı böyük bəlalardan, faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndərin böyük bəlalardan, faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdiyi Azərbaycanı Onun layiqli davamçısı Prezident İlham Əliyev bügünkü ərazi bütövlüyü, suverenliyi, tam bərpa olunmuş, dünya siyasətinə təsir göstərmək güçündə, qüdrətində olan qalib, bütövləşmiş regionun lider dövlətinə çevirdi.

Güc, prinsipiallıq, əzm, iradə və xalqın birliyi

Artıq 15 oktyabr 2003-cü il prezident seçkilərindən bizi 21 illik zaman məsafəsi ayırır. Bu illər ərzində qazanılan uğurlar daim müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində yaradılan möhkəm təmələ diqqət yetirərək geniş təhlillər aparmağı bir zərurətə çevirir. Yeni tarixi reallıq, yeni tarixi mərhələ Heydər Əliyev siyasətinin təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində söylədiyi fikirlərlə, çağırışlarla təsdiqlədi ki, hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə və xalqın birliyi dayanır. Qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, Azərbaycan uğurlu inkişafı ilə Lider və düşünülmüş siyasət amilinin ölkənin inkişafında əsas faktor olduğunu bir daha təsdiqlədi. Ümummilli Liderin liderlik keyfiyyətləri Azərbaycanı davamlı uğurlar qazandırmaqla dünya birliyinin fəal üzvünə, söz sahibinə çevirdi.

Tarixi müraciətin əsas qayəsi: İnam, etibar və etimad…

Bu uğurların 2003-cü ildən bəri davamlılığının əsası məhz Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli müraciəti ilə qoyuldu. Ulu Öndər müraciətində bu məqamı xüsusi qeyd etdi ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Öz namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirən Ulu Öndər xalqa belə bir çağırışı etdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Əgər tarix başqa istiqamətdə getsəydi…

Ən əsası odur ki, 2003-cü ildə müdrik və uzaqgörən xalqımız düzgün seçim etdi. “Hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.
Kərim Tahirov: Tarixi missiya uğurla yerinə yetirildi

Son 21 ilin uğurlarını, Azərbaycanın ayrı-ayrı sahələrdə qazandağı misilsiz nailiyyətləri geniş təhlil etməyə ehtiyac yoxdur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu illərin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Qısa desək, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.

2003-2020: Məqsədə nail olmağa hədəflənmiş illər

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, 2003-cü ildə əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, bu ərazilərdə yeni həyatın başlanması idi. 2003-2020-ci ilədək olan dövr bu məqsədə nail olmağa hədəfləndi. Azərbaycan hər bir sahədə gücləndi. İqtisadi və siyasi müstəqilliyimiz daha da möhkəmləndi. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Rəşadətli ordumuz tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında zəfəri ilə nəyə qadir olduğunu, üzərinə düşən şərəfli missiyanı daim uğurla yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi.

Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti, əməkdaşlığa daha çox önəm verməsi yeni dostlar, tərəfdaşlar qazanmasında stimulverici amil rolunu oynadı. Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsində iqtisadi müstəqilliyi əhəmiyyətli rol oynadı. Məhz bu uğurlu fəaliyyətlərin nəticəsidir ki, bu gün ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsinin təsdiqi olan enerji layihələrinin icrası ilə dünyanın enerji xəritəsi yenidən tərtib edilir. Regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyası genişlənir, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə əsas verir. “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin icrasının 2020-ci ilin sonunda tam tərkibdə başa çatması Azərbaycan qazının dünya bazarlarına çatdırılmasına, ixrac imkanlarımızın genişlənməsinə yol açdı. Tarixən neft ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan hazırda qaz ixracatçısıdır, yaşıl enerjiyə keçid dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında SOCAR-ın böyük rolu vardır.

Uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar yarandı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondunda toplanan vəsaitlər Azərbaycanın hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları icra edildi. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasını həm paytaxtımızın, həm də bölgələrimizin simasının daha da müasirləşməsində, yeniləşməsində görürük.

Azad Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir

2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini bu inkişafın davamı kimi qiymətləndirmək olar. Məhz bu işlərin sayəsində artıq azad Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Soydaşlarımızın gələcəkdə bu torpaqlarda yüksək rifah şəraitində yaşamaları üçün bütün zəruri addımlar atılır, yeniliklər tətbiq edilir, yeni idarəçilik sistemi tətbiq olunur. İşlərin səmərəliliyini artırmaq, bir mərkəzdən idarə etmək üçün bu torpaqlarda Prezidentin şəxsi nümayəndələri fəaliyyət göstərir. Şanlı Qələbəmizdən sonra iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi həm işğaldan azad edilmiş ərazilərimizin, həm də ümumilikdə bütün regionlarımızın malik olduqları potensialdan istifadə etməklə Azərbaycanın gələcək dayanıqlı inkişafına töhfələr vermələrində Yol xəritəsi roluna malikdir. Milli Prioritetlərdə hədəflər və onlara nail olmağın mexanizmləri öz əksini tapıb.

Mübarizə bu gün də var, sabah da…

Təbii ki, mətbuat da onun ön sıralarında…


Azərbaycanın tarixi Zəfəri bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. Təbii ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, xalqımızın və dövlətimizin həyatında yeni inkişaf dövrünün başlanması xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfərini, eyni zamanda Silahlı Qüvvələrimizin ötən ilin sentyabrında reallaşdırdığı bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda Ermənistanın hərbi mövcudluğuna və separatizmə son qoyulmasını həzm edə biliməyən bir çox ermənipərəst dairələr bu gün ölkəmizə qarşı siyasi, diplomatik və ideoloji hücuma keçmişlər. Belə bir şəraitdə bugünümüzün əsas çağırışlarından biri Azərbaycana qarşı aparılan qərəzli təbliğatları, şər, böhtan kampaniyalarını real faktlarla, tarixi həqiqətlərlə cavablandırmaqdır. Bu məsələdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız, diplomatik nümayəndəliklərimizlə yanaşı, ictimai rəyə geniş təsir imkanları olan mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Ölkəmizdə azad sözün, mətbuatın fəaliyyətinə yaradılan imkanlar mediamızın qarşısında dayanan bu vəzifələri yerinə yetirməklə bərabər, demokratiya prinsiplərinin dəyişməzliyinə də çağırışlar edir. Bu gün mətbuatımız dövrün reallıqlarına uyğun olaraq yeniləşir, təkmilləşir. Ümummilli Lider Heydər Əliyevin hər bir sahədə qurduğu möhkəm təməl qalib Azərbaycanın bu gün daha inamla hədəflərə doğru irəliləməsini şərtləndirir.
Kərim Tahirov: Tarixi missiya uğurla yerinə yetirildi

Tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq “Media haqqında” yeni Qanunun qəbul olunması mətbuatımızın daha da inkişaf etməsi üçün böyük imkanlar yaradıb. Tarixi Zəfərimiz, eyni zamanda, dünya informasiya məkanına inteqrasiyanın daha da sürətləndirilməsinə, bu sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına da çağırışlar edir. İki dost ölkənin-Azərbaycan və Türkiyənin Zəfərimizdən sonra əməkdaşlıq əlaqələrinin daha da dərinləşdiyi sahələrdən birinın məhz mətbuat olması bunu bir daha sübut edir. Hər iki ölkənin beynəlxalq səviyyədə mütəmadi olaraq əsassız təbliğatlarla üz-üzə qaldığı indiki şəraitdə Azərbaycanla Türkiyə arasında Ortaq Media Platformasının yaradılması dövlətlərimizin media sahəsində birgə fəaliyyətini daha da dərinləşdirməyə xidmət edən amil kimi xüsusilə əhəmiyyətlidir.

Müasir tariximizin yeni dövrü məhz 2023-cü ilin 20 sentyabrından başlayır

Bu gün ölkəmizin qarşısında duran yeni vəzifələr yeni dövrün çağırışlarıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonrakı dövrün hədəflərindən bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə yanaşı, ordu quruculuğunun prioritetliyini xüsusi vurğulayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən ilin sentyabrına qədər getdiyimiz yol məqsədyönlü, məqsədə hesablanmış, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq. Müasir tariximizin yeni dövrü məhz 2023-cü ilin 20 sentyabrından başlayır.

Böyük Qayıdışın yeni ünvanları…

Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar fonunda bu gün tarixi sahibinə qovuşmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən böyük qürur hissi ilə bəhs edirik. Artıq beş şəhərimiz-Füzuli, Laçın, Xocalı, Şuşa və Cəbrayıl, 4 kəndimiz-Ağalı, Talış, Sus və Zabux sakinlərinə qovuşub. Qısa müddətdə qayıdış ünvanlarının sayında artım görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Yaxın günlərdə bu sıraya Xankəndi və Kəlbəcər şəhərlərinin də daxil olacağı planlaşdırılıb. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımızda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura səfərlərinin hər biri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdış Proqramının tezliklə uğurla başa çatacağına əminliyi artırır.

Zəfərlərimizin təqdimatı

Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının əbədiləşdirilməsi üçün davamlı addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyevin sərəmcamları əsasında Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Anım Günü, 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edilib. Xalqımız Qələbəyə, suverenliyimizin bərpasına gedən yolu hər zaman xatırlamalı, bu qüruru bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bu tarixi günlərin unudulmamasına yönələn addımlar sırasındadır. Azərbaycan Bayrağının işğaldan azad edilmiş ərazilərimizdə dalğalanması milli kimliyimizin dünyaya təqdimatıdır. Bu gün azad edilmiş ərazilərimiz diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Qürurvericidir ki, Qarabağın tacı Şuşa ötən il türk dünyasının, bu il İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Laçın şəhəri isə 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu mühüm addımlar tarixi Zəfərimizin təqdimatı və beynəlxalq səviyyədə qəbuludur. Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Dünya azərbaycanlılarını, türk dünyasının bir araya gətirən bu məkandan dünyaya birlik, həmrəylik çağırışlarının edilməsinə imkanlar yaradan Şuşa, eyni zamanda, dünyaya dostluğun, qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə müttəfiqliyini rəsmiləşdirən sənədin imzalanmasına şahidlik etdi. Bu tədbirləri sadalamaqla bitməz. Azərbaycan hazırda sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Ölkəmiz tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi.

Biz bu gün Qarabağın və Şərqi Zəngəzurun hər qarışındayıq

Ötən 21 ilin möhtəşəm hadisələri sırasında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident və parlament seçkilərini qeyd etməliyik. Bu il fevralın 7-də keçirilən prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsi Azərbaycanın qarşısında yeni üfüqlər, imkanlar açdı. Bu seçkilər 20 ilin hesabatı, qarşıdakı dövrdəki vəzifələrin təqdimatı oldu. Prezident İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqladı və çıxışının sonunda böyük inamla qeyd etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.

Çağdaş tariximizə seçki ili kimi yazılacaq 2024 il

2024-cü il tariximizə seçki ili kimi yazılacaq. Sentyabrın 1-də bütün ölkə ərazisində parlament seçkiləri keçirildi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbəsi ilə xalqın həyata keçirilən siyasətə dəstəyini, partiyaya inamını nümayiş etdirdi. Ölkədə cərəyan edən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atır. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər Azərbaycanın inkişafına xidmət edir. Ümummilli Liderin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” inamını, etimadını doğruldan partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev bu çağırışı da etdi ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Prezident İlham Əliyev, eyni zamanda bildirir ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Bu gün Azərbaycanın demokratiya təcrübəsi nümunə göstərilir. Ölkəmizdə demokratik təsisatların inkişafı üçün bütün zəruri addımlar atılır. Siyasi dialoq mühiti təkmilləşdirilir. Siyasi sistemin təkmilləşdirilməsinə yönələn addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz vətəndaş birliyinin, həmrəyliyinin təqdimatı oldu Müharibə dövründə. 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları bəyanatla təsdiqlədilər. Bu sırada Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərarını da qeyd etmək lazımdır.

Elə bir gənc nəsil yetişdirildi ki…

Tarixi Zəfərimiz, suverenliyimizin bərpası həm gücümüzü, həm də birliyimizi nümayiş etdirən dəmir yumruğun nümayişi oldu. Xalq-Prezident-Ordu birliyi, həmrəyliyi 30 ilin işğalına, xalqımızın torpaq həsrətinə son qoydu. 44 günün hər gününü zəfər səhifəsi kimi tariximizə yazan qəhrəmanlarımızın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Onların dastana çevrilən qəhrəmanlıqları, şücaətləri indiki və gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, gənclərimiz milli ruhda böyüməli, tərbiyə olunmalıdırlar. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi.
Kərim Tahirov: Tarixi missiya uğurla yerinə yetirildi


Tarixi Zəfərimiz, suverenliyimizin bərpası gələcəyə daha inamla, yeni-yeni hədəflərlə addımlamağa əsas verir. Dövlət başçısı İlham Əliyev “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük” fikirlərinin davamı olaraq “Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik” çağırışı ilə Qərbi Azərbaycana qayıdışın növbəti hədəfimiz olduğunu və buna da zamanında nail olacağımıza əminliyini ifadə edir.

Bu günün reallıqları bir daha xalqımızın 2003-cü ildəki seçiminin təsdiqinin nümayişdir

Qalib, bütövləşən Azərbaycanın uğurları, zəfərləri xalqımızın 2003-cü ildəki seçimində yanılmadığını nümayiş etdirir. Bu illər ərzində keçirilən 2008, 2013, 2018 və 2024-cü illərin prezident seçkilərində cənab İlham Əliyevin qələbəsini təkrar-təkrar təsdiqləməsi Heydər Əliyev siyasətinə xalqın inamının, etimadının təqdimatıdır. Bu siyasətin nəticəsində Azərbaycanın müstəqilliyi daimi, dönməz oldu, ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Ümummilli Lider müstəqilliyimizin, Onun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adlarını tariximizə qızıl hərflərlə yazdılar. Dövlətimizin başçısı İlham Əliyev Xankəndi şəhərindən müraciətində Azərbaycan xalqının 2003-cü ildə Ona böyük etimad göstərdiyini və bu illər ərzində bunu hər zaman hiss etdiyini önə çəkərək bildirdi ki, bu gün vaxtilə - hələ işğal dövründə dediyi və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır: “Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.”

COP29 beynəlxalq nüfuzumuzun göstəricisidir

Zəfərlərimiz Azərbaycanın hər bir sahədə, o cümlədən xarici siyasətdə uğurlarının miqyasını daha da genişləndirir. Ölkəmiz gələn ay mötəbər beynəlxalq tədbirə-COP29-a ev sahibliyi edəcək. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın qlobal məsələlərin həllinə öz töhfələrini vermək istəyinə bir daha işıq salır. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!” söyləyərək Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha diqqətə çatdırmaqla yanaşı, xarici siyasətinin dəyişməz prinsiplərini açıqlayır. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı gələcəyimizə xidmət edir. Hər bir addım əvvəlki addımın məntiqi davamıdır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın qarşısında açılan yeni imkanlar harada yaşamasından asılı olmayaraq bu əminliklə yaşamağa stimul verir ki, tezliklə Qərbi Azərbaycana da qayıdışın sevincini yaşayacağıq.
28 Oktyabr 2024 Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: Qadağan edildi – VİDEO
26 Oktyabr 2024 Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO
25 Oktyabr 2024 "25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Oktyabr 2024 "Dünya əhalisinin 50 faizi BRİCS ölkələrinin payına düşür" - ŞƏRH EDİLDİ
25 Oktyabr 2024 Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir
25 Oktyabr 2024 Kamaləddin Qafarov: “25 oktyabr – Qubadlının işğalçılardan azad olunduğu gündür!”
25 Oktyabr 2024 Bir çox AB ölkəsi Əliyev kimi lider arzulayır
25 Oktyabr 2024 Qərb Ukraynada uduzub, etiraf etmək istəmir - Orban
25 Oktyabr 2024 Məktəblərdə dayanıqlılıq mövzusunda seminarlar keçirib
24 Oktyabr 2024 Qərbin Gürcüstanı ALƏT ETMƏK NİYYƏTİ – TƏHLİL
24 Oktyabr 2024 Krıma gedəcəyəm, amma indi yox... - Lukaşenko
24 Oktyabr 2024 Rusiya ordusu bütün istiqamətlərdə irəliləyir - Putin
24 Oktyabr 2024 Yaxın Şərq müharibənin astanasındadır - Putin
24 Oktyabr 2024 Türkiyəyə uzanan çirkli əllər... - Ərdoğan
24 Oktyabr 2024 BRİKS-in əsas dayağı Çindir - Lukaşenko
23 Oktyabr 2024 Avropa İttifaqına üzvlük fonunda RİSKLİ OYUNLAR - TƏHLİL
23 Oktyabr 2024 Xəzər TV-yə xəbərdarlıq edildi
23 Oktyabr 2024 COP29 bunun üçün yaxşı səbəbdir - Paşinyan
23 Oktyabr 2024 "Azərbaycan bütün bunları təkbaşına edir" - MÜNASİBƏT BİLDİRİLDİ
23 Oktyabr 2024 Yenə boyunduruq məsələsi - BAXIŞ BUCAĞI
23 Oktyabr 2024 Putin Kazana gələn liderlərin hamısı ilə “tet-a-tet” görüşdü
23 Oktyabr 2024 Gülənə rəhmət diləyən xanım aparıcı cəzalandırıldı
22 Oktyabr 2024 Ermənistanın Avropa yuxusu - RAKURS
22 Oktyabr 2024 Təcrid olunmaqla YAD ÜNSÜRƏ ÇEVRİLƏN ERMƏNİSTAN - TƏHLİL
22 Oktyabr 2024 Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman
22 Oktyabr 2024 Bu hərbçilərin hərbi geyim forması belə olacaq
22 Oktyabr 2024 Gülənin ölümü ilə bağlı başsağlığı verən 177 nəfər...
18 Oktyabr 2024 Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik - Putin
18 Oktyabr 2024 "Zəngilan rayonunun inkişafı dövlətimiz üçün ali məqsədlərdəndir" - MÜNASİBƏT BİLDİRİLDİ
18 Oktyabr 2024 “Azərbaycan etnik-dini dözümlülük simvoludur“ - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ