Ağstafada icra başçısının qandallanmasından da nəticə çıxarmırlarsa, o zaman “balaca padşahlar”la Sizcə necə davranılmalıdır? DTX – nın bu əməliyyatları sizcə yetərlidirmi? İcra başçılarının az da olsa haqq yoluna dönərək kəmfürsətlilik etməmələri üçün alternativ nələr təklif edirsiniz?
Yeni seçilmiş millət vəkili, BQP başqanı Fazil Mustafa Moderator.az-ın bu sualına cavabında deyir ki, heç kim himayəçisinə arxayın olub, “at oynatmasın”:
“Bu, artıq ilk president deyil. Öncəki icra başçılarının bu motivlə həbsi göstərdi ki, bu proses davam edəcək. Ancaq nədənsə çevrəsində baş verənlərdən nəticə çıxarmayan vəzifəli şəxslər var. Dövlət başçısının bu cür neqativ hallara qarşı iradəsi təqdir olunandır. Bundan digər vəzifəli şəxslər dərs götürməlidir. Hərə bir himayəçiyə arxayın olub, dalğanın özündən yan keçəcəyini düşünürsə, əlbəttə ki, yanılır. Xalqın ən alt təbəqələrinin maaşına göz tikənlərin tamahı öz başlarına bəla olur. Cəmiyyətimiz bu cür vəzifəsindən sui-istifadə edənlərə qarşı həyata keçirilən tədbirləri dəstəkləyir”.