İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-a xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: 

-Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Sizi yenidən görməyimə çox şadam. Sabah Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcəkdir. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır. 

 

Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir. 

Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir. 

Eyni zamanda, keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstərmişlər, bir daha həmrəylik göstərmişlər. Bir daha göstərmişlər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir. Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. 

Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş Prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq. 

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik. 

Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz huna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz. Biz iki qardaş ölkə kimi bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcəyik. Bir daha xoş gəlmisiniz. 

x x x 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi: 

-Hörmətli cənab Prezidentim. Əvvəla, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın Sizə salamlarını və ən xoş arzularını gətirdim. 

Prezident İlham Əliyev: Sağ olun. 

Mövlud Çavuşoğlu: Sizi qısa müddət əvvəl Davosda görməkdən qürur duymuşduq. Amma daha da önəmlisi bəzi panellərdə təkcə qardaş Azərbaycanın gələcəyi üçün deyil, bölgəmiz üçün ortaya qoyduğunuz baxışları da dinləmə imkanımız olmuşdur. 

Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən bizlərik. Bu baxımdan Zirvə Görüşü çox uğurla keçmişdir. Sizin sədrliyinizlə bu Zirvə Görüşündə qəbul edilən qərarlar nəticəsində, inşallah, sabah Xarici İşlər nazirləri olaraq biz də toplantımızı keçirəcəyik və dostlarımızla işlərimizi görəcəyik. 

Hörmətli cənab Prezidentimiz, Çindən bizim vətəndaşlarımızla birlikdə gələn azərbaycanlı qardaşlarımız üçün bizə təşəkkür etməyinizə ehtiyac yoxdur. Çünki biz bir millətin övladlarıyıq. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın da dediyi kimi, biz iki dövlətik, amma bir millətik. Beləliklə, əlbəttə, o qardaşlarımızı, canlarımızı bizim vətəndaşlarımızdan ayrı tuta bilməzdik, orada qoya bilməzdik. İndi Türkiyədə də rahatdırlar, yaxşıdırlar, mənə də yazırlar, əlaqələrimiz var. Siz də olsaydınız, eynisini edərdiniz. 

Bundan başqa, Avropa Şurasında olsun, digər platformalarda olsun, əlbəttə, bir-birimizi dəstəkləyəcəyik. Siz dediyiniz kimi, hörmətli cənab Prezidentimiz, ikili standart hər yerdə var. Təəssüf ki, ideologiyalara boyun əyən təşkilatlar var. Bunlardan biri də Avropa Şurasıdır. Yeni baş katibə, yeni sədrə, hamısına deyirik ki, mövqeyinizi itirirsiniz, bunları düzəltmək üçün biz töhfə verə bilərik. Amma hazırda təəssüf ki, vəziyyət budur. 

Biz bir-birimizi dəstəkləməyi Sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq. İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik. Hər zaman söylədiyimiz kimi, Türkiyənin olduğu qədər Azərbaycanın haqqını və haqlı mübarizəsini də müdafiə etmək bizim üçün vəzifədir. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi bildirirəm. 

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Lütfən, mənim də səmimi salamlarımı əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğana çatdırın. Biz onu Azərbaycanda səbirsizliklə gözləyirik. 

Hörmətli Mövlud bəy, sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük xidmətlər göstərirsiniz. Siz Azərbaycanı ürəkdən sevən bir insansınız və müxtəlif vəzifələrdə daim Azərbaycanı dəstəkləmisiniz, müdafiə etmisiniz. Biz sizinlə çoxdandır bir-birimizi tanıyırıq, Avropa Şurası Parlament Assambleyasında bərabər fəaliyyət göstərmişik və daim bir-birimizi dəstəkləmişik. 

Sizin Türkiyənin inkişafında çox böyük xidmətləriniz var. Bu gün qardaş Türkiyənin dünya miqyasında güc mərkəzinə çevrilməsində sizin xüsusi rolunuz var. Sizi Azərbaycanda çox yaxşı tanıyırlar. Azərbaycanda sizi sevirlər, ölkəmizin, xalqımızın dostu kimi, qardaşı kimi sizə böyük hörmət göstərirlər. Bütün bu xidmətləri nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilirsiniz və icazə verin, bu yüksək ordeni sizə təqdim edim. 

Prezident İlham Əliyev “Dostluq” ordenini Mövlud Çavuşoğluna təqdim etdi. 

Prezident İlham Əliyev: Təbrik edirəm. 

Mövlud Çavuşoğlu: Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən bunu da Sizdən öyrəndim. Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə “Türkiyə yox, amma biz varıq, mən varam” deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz. Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq hər zaman bir yerdə olacaqdır. Sizin liderliyiniz sayəsində ikitərəfli münasibətlərimiz daha çox gücləndi, Prezidentimiz Ərdoğan və Azərbaycan Prezidenti olaraq Zati-alinizin liderliyi ilə. 

Sizin Azərbaycanla, bölgəmizlə bağlı mövqeyinizi hər kəs təqdir edir. Amma biz bunun reallıqda faydalarını çox gördük. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir: İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq, - Elmar qardaşım qısqanmasın, - hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım. 

Bizim üçün ən böyük xoşbəxtlik böyüklərimizin bizi təqdir etməsidir. Amma bizim üçün ən böyük şərəf və orden də Azərbaycan və Türkiyə bayraqlarının – türk bayrağının bütün dünyada dalğalanmasıdır. Şanlı bayraqlarımızın dünyada dalğalanması üçün bundan sonra da təkcə siyasi həyatımda deyil, ömür boyu Türkiyə üçün çalışdığım qədər qardaş Azərbaycan və Azərbaycan xalqı üçün də çalışmağa davam edəcəyəm. Bu orden üçün çox təşəkkür edirəm, hörmətli cənab Prezidentim. 

Prezident İlham Əliyev: Təşəkkür edirəm. 

Mövlud Çavuşoğlu: Sizə ehtiramımı bildirirəm. 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə AZƏRTAC məlumat yayıb.  

Vilayət Eyvazovdan yeni
Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Cavidan Əlizadə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinə rəis təyin edilib. 

Qeyd edək ki, C. Əlizadə bundan əvvəl Sabunçu rayon polis idarəsinin baş müstəntiqi vəzifəsində işləyib.

"Talış torpağının övladıyam, bununla da fəxr edirəm" - Hadi Rəcəbli

“Talış xalqını söyməyim, haqqımda növbəti təxribat əməlidir. Mən talış torpağının övladıyam. Həmişə mənə talış deyiblər. Bununla da fəxr etmişəm. Talış dilində təmiz danışıram. Həmişə talışlarla talış dilində danışmışam”.

Bunu "modern.az"a açıqlamasında 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəbli deyib.

H.Rəcəbli seçki öncəsi bu cür təxribatlara əl atanların məqsədinin başqa olduğunu da qeyd edib: “Dövlətimizdə azsaylı xalqlara qarşı həmişə hörmət olub. Ona görə də haqqımda iftiralar səsləndirənlərlə seçkidən sonra hüquqi dildə cavab verəcəm. Çünki onların məqsədi seçki öncəsi təxribatlar törətməkdir. Halbuki ölkəmizdə demokratik seçki ab-havası hökm sürür. Seçkilərdən sonra bu məsələyə qayıdacam”.
ABŞ-da Azərbaycanla bağlı daha bir bəyannamə qəbul edildi

ABŞ-ın Nyu Meksiko ştat Senatı fevralın 4-də Qara Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı geniş bəyannamə qəbul edib. Bəyannamədə faciə kəskin şəkildə pislənilərək, azadlıq mübarizəmizin ilk qurbanlarının xatirəsi hörmətlə anılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamə Senatın plenar iclasında qəbul olunub.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Nyu Meksiko ştat Senatının rəhbərliyinə məktub ünvanlayaraq, bu tarixi bəyannaməyə görə amerikalı senatorlara təşəkkürünü bildirib.

Senatın plenar iclasında oxunan bəyannamədə 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, ancaq iki il sonra bolşevik işğalı nəticəsində müstəqilliyinə son qoyulduğunu və 71 il ərzində Azərbaycanın Sovet əsarətində qaldığı bildirilir.

Qeyd olunur ki, Azərbaycan xalqının azadlıq arzularını boğmaq üçün 1990-ci ilin 20 yanvar tarixində 26 minlik Sovet qoşunu Bakıda mülki əhaliyə qarşı amansız qırğın törədərək, aralarında uşaqlar, qadınlar və yaşlılar da olan böyük sayda günahsız insanı qətlə yetirib. Vurğulanır ki, bu qətliam azadlıq uğrunda mübarizədə Azərbaycan xalqının qətiyyətini daha da gücləndirərək, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsinə gətirib çıxarıb.

Həmçinin, sənəddə qeyd olunur ki, Azərbaycan bu gün ABŞ-ın regional müttəfiqi və dostudur və Nyu Meksiko ştatında baş konsul və fəxri konsul vasitəsilə təmsil olunan Azərbaycan bu ştat ilə son illərdə güclü münasibətlər qurub.

Vilayət Eyvazov ərəb səfiri qəbul etdi
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, qonağı salamlayan nazir Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini məmnunluqla qeyd edərək dövlətlərimizin rəhbərləri arasında olan şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirib.

Daha sonra qonağa mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, sabitlik və əmin amanlığın qorunub saxlanılması üçün görülən işlər barədə qısa məlumat verilib.
Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının daxili işlər orqanları arasındakı əlaqələrə toxunan nazir Vilayət Eyvazov bu əməkdaşlığın 2018-ci il fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol” və Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Cənab Həməd Abdulla Xudeyr səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib.

Diplomatik fəaliyyəti dövründə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin amanlıq şəraitindən məmnun olduğunu deyib.

Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına Azərbaycanın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə Səudiyyə Ərəbistanı Krallığından gələn turistlərin sayının ilbəil artdığını vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, bundan sonrakı fəaliyyəti dövründə də əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mehriban Əliyeva Əlibaba Məmmədovu təbrik edibAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni alması münasibətilə təbrik edib.

“Ölkə.Az” xəbər verir ki, təbrik mətni Birinci vitse-prezidentin İnstaqram səhifəsində paylaşılıb:

“Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.

Vilayət Eyvazov polis rəisini işdən AZAD ETDİ
Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.

Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.Əmrə əsasən, Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlət başçısına məruzə edib.

O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.
Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi
 

 Azərbaycan prezidentinin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:

– Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrədə 2 gün ərzində 11 saatlıq görüş baş tutdu. Bu, Zöhrab Mnatsakanyan vəzifəyə gətirildikdən sonra baş tutan ən uzunmüddətli görüş oldu. Sizcə, bağlı qapılar arxasında nə müzakirə edilir?

– Həmsədrlər dedilər ki, bu görüş 3 gün davam etdi. Çünki onların birinci gün həm Azərbaycan xarici işlər naziri, həm də Ermənistanın xarici işlər naziriylə təkbətək görüşləri oldu. İkinci və üçüncü gün artıq ümumi görüşlər baş tutub.

Həqiqətən də belə uzun çəkən danışıqlar prosesini biz xatırlamırıq. Təbii ki, burada problemin həlli ilə bağlı ya ciddi müzakirələr, ya da qarşıdurmalar olub. Qarşıdurma da əslində çox vaxt aparır. Elə hallar olur ki, bir gün danışırsan, amma heç bir ciddi müzakirə aparmırsan, çünki ortada ciddi ittihamlar var, gərgin müzakirələr gedir. Ola bilər ki, üçgünlük bir tədbirin xeyli hissəsi son dövrlərdə Ermənistan baş nazirinin Qarabağla bağlı səsləndirdiyi fikirlərə həsr edilsin. O bəyanatları eşidən adamlarda birmənalı olaraq fikir yaranır ki, bu haqda danışıqlar aparmağa heç ehtiyac yoxdur. Əgər Qarabağın ətrafında işğal olunmuş əraziləri erməni tərəfi qaytarmaq fikrində deyilsə, o zaman nə haqda danışmaq olar? O zaman müharibəyə hazırlaşıb hücum əmri gözləmək qalır. Ona görə də güman edirəm ki, bu mövzu – Ermənistan rəhbərinin son dövrlərdə verdiyi bəyanatlar və bu bəyanatların danışıqları faktiki olaraq mənasız etməsi ilə bağlı müzakirələr həmin danışıqların xeyli hissəsini təşkil edib.

– Yanvarın əvvəlində Məmmədyarov Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar fonunda danışıqların səmərəsiz olduğunu söyləmişdi. Siz indi qarşıdurma deyirsiniz. Buna uyğun olaraq hazırda danışıqların mövcud formatının qorunması, yoxsa yeni formata keçilməsi ilə bağlı müzakirələr gedə bilərmi?

– Əminəm ki, həm Azərbaycan tərəfi, həm də ATƏT-in Minsk Qrupu nə danışıqların formatını, nə məzmununu dəyişmək fikrindədir. Bu, qəti şəkildə bildirilib. Ona görə də bu məsələlər müzakirə predmeti ola bilməz. Hər halda bu məsələni kimsə qaldırsa, buna cavab çox qısa olacaq. Bu mövzunun hansısa vaxt aparacağını güman etmirəm. Bir zamanlar Paşinyan bu məsələni qaldırsa da, həm Azərbaycandan, həm də həmsədrlərdən çox sərt cavab almışdı.

Burada diqqəti cəlb edən məqam var. Paşinyan deyib ki, biz Madrid prinsiplərini müzakirə etmirik. Eyni zamanda o, dəfələrlə qeyd edib ki, müzakirələrə keçməzdən əvvəl orada qaranlıq məqamlar var. Biz bunun nə demək olduğunun izahını tələb edirik. Paşinyan vaxtilə jurnalist olub, ona görə də onun söz oynatmaqla bağlı təcrübəsi böyükdür. Bu isə söz oynatmaqdan başqa bir şey deyil. Faktiki olaraq sənəd müzakirə olunur, Paşinyansa deyir ki, biz o sənədi müzakirə etmirik və sadəcə orada qeyri-müəyyən məqamların əvvəlcə bizə izah edilməsini istəyirik. Bu elə sənədi müzakirə etmək deməkdir.

– Nazirlərin görüşü ərəfəsində Paşinyan Qafanda Madrid prinsiplərinin detallarını açıqladı. Görüş ərəfəsində belə bir addım nəyə gərək idi?

– Daxili auditoriya üçün Paşinyan deyir ki, biz Madrid prinsiplərini müzakirə etmirik, amma həmsədrlərin, Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin birgə bəyanatında deyilir ki, onlar Qarabağ probleminin həlli ilə bağlı prinsipləri və elementləri müzakirə edirlər. Bunun adını “Madrid prinsipləri” qoymaya da bilərsən, ancaq Madrid prinsipləri də məhz bu prinsip və elementlərdən ibarətdir. Artıq Ermənistan tərəfi onların hansısa birinə aydınlıq gətirilməsini istəyirsə, deməli, onlar Madrid prinsiplərini müzakirə edirlər.

Əslinə qalsa, Paşinyan daxili auditoriya üçün mesajlar verir. Bu mesajlar da çox maraqlıdır. Mən dəfələrlə demişəm ki, Paşinyanın dövründə Qarabağ problemi ilə bağlı hansısa irəliləyiş olacağına inanmıram. Hesab edirəm ki, bu hakimiyyət zəifdir və ona qarşı çox ciddi müqavimət var. Paşinyanı devirmək istəyənlər – Köçəryanla Sərkisyan Petrosyan kimi loyal deyil. Onların 20 il ərzində qurduqları böyük bir şəbəkə və milyardlarla dollarlıq administrativ resurları var. Paşinyan onların qorxusundan heç bir addım atmaz, heç bir kompromisə getməz. Amma Paşinyan vacib bir funksiyanı yerinə yetirdi. Onun Qafanda çıxışı, əslinə qalsa, Minsk Qrupunun həmsədrlərinin uzun illərdir həm Sərkisyanın, həm də Köçəryanın dövründə tələb etdiyi şərtlərdən biri idi. Həmsədrlər bu məsələlərin cəmiyyətə açılmasını, işğal olunmuş ərazilərin azad olunmasını xalqdan gizli müzakirə edilməməsini tələb edirdi. Onlar deyirdilər ki, məhz ona görə cəmiyyətiniz bir qarış torpaq qaytarılmamasına köklənir. Yəni açın, bunu cəmiyyət də müzakirə eləsin və cəmiyyətin içində də rəsmi danışıqlardakı proseslərə uyğun proses getsin. Bu tələb həm Köçəryanın, həm də Sərkisyanın dövründə irəli sürülsə də, buna əməl edilmirdi. Yalnız Ermənistan və Dağlıq Qarabağdakı qondarma, dırnaqarası respublikanın rəhbərliyi bilirdi ki, masanın üzərində nə var. Masanın üzərində Madrid prinsipləridir, həmin o prinsiplərə görə də Dağlıq Qarabağ ətrafındakı ərazilər azad olunmalı, ora azərbaycanlılar qayıtmalıdır. Bunu yalnız siyasi hakimiyyət bilir və cəmiyyətdən gizlədirdi.

İndi Paşinyan hamısını açdı. Sərkisyan və Köçəryanın erməni cəmiyyətindən gizlətdiklərini Paşinyan dedi. Düzdür, bunu bu formada açdı ki, məndən əvvəlkilər bunu müzakirə edib, siz bununla razısınızmı? Dağlıq Qarabağda qondarma seçkilər olacaq, orada guya prezident uğrunda mübarizə aparan namizədlərə müraciət etdi ki, siz bununla razısınız, ya yox? Əslinə qalsa, onun sayəsində Paşinyan bir güllə ilə bir neçə dovşan vurmaq istəyirdi.

– Necə yəni?

 Birincisi, Paşinyan həmsədrlərin tələbini yerinə yetirərək cəmiyyətə bildirdi ki, Madrid prinsipləri bundan ibarətdir və Sərkisyan da, Köçəryan da bu sənədi müzakirə edib. Təbii ki, 20 ildir başqa istiqamətdə köklənən cəmiyyətdə bu müəyyən bir şok yaratdı. Ancaq bundan sonra ortalığa başqa sənədlər də çıxacaq və məlum olacaq ki, Dağlıq Qarabağdan olan namizədlər bunu ilk dəfə Paşinyandan eşitməyiblər və əvvəldən bunu bilib susublar, danışıqları aparanları – Köçəryanı da, Sərkisyanı da dəstəkləyiblər. Qafanda çıxışdan sonra müəyyən maraqlı bir proses başladı. O prosesi Minsk Qrupu həmsədrləri çoxdan istəyir, tələb edirdi. Onlar başa düşürdülər ki, ilk addımda reaksiya mənfi ola bilər, ancaq sonra ağlı başında olan adamlar papağını qarşılarına qoyub fikirləşəcəklər. Petrosyan mərhələli plana razılıq vermişdi. Koçəryan və Sərkisyan isə 20 ildir bu məsələni müzakirə edirdi.

Nə Rusiya, nə ABŞ, nə beynəlxalq təşkilatlar bu konfliktin həllində mərhələli plandan başqa çıxış yolu görür. Bu proses artıq başladı, planlar açıldı və deyildi. Ona görə də mənim üçün Paşinyanın bu açıqlamasında mənfi tərəflərdən başqa müsbət tərəf də var. O da bundan ibarətdir ki, ilk dəfə olaraq erməni cəmiyyətinə bütün baş verən proses “İşğal olunmuş ərazilər qaytarılmalı, azərbaycanlılar öz doğma yurduna qayıtmalıdır” tezisi üzərində açıq şəkildə deyildi.

11 saatdan artıq davam edən danışıqların sonunda xarici işlər nazirlərinin də imzaladığı ümumi bir bəyanat oldu. Həmin bəyanatda prinsiplərin müzakirə olunması məsələsi qoyuldu. Yəqin erməni tərəfi həmin danışıqlarda belə mövzu ortaya qoyub ki, bizim atdığımız addımlar prosesə mane olmur, çünki biz erməni cəmiyyətinə danışıqların uzun illərdir gizlədilən nüanslarını açırıq və hər kəsə göstəririk.

– Paşinyanın Qafan çıxışını həm də onun Qarabağ məsələsi yükünü və məsuliyyətini sələflərinin üzərinə atmaq kimi dəyərləndirmək olarmı? Yəni Paşinyana Qarabağla bağlı təzyiqlər artacağı halda o, mövcud formatın ona sələflərindən miras qaldığını deyərək, situasiyadan öz xeyri üçün istifadə edə bilərmi?

 Artıq edir. Bayaq dediyim kimi, Paşinyan bir güllə ilə bir neçə dovşan vurmaq istəyir. Bunlardan biri siz dediyiniz məsələdir. Yəni Paşinyan deyir ki, məni nə günahlandırırsınız, sizin 20 ildir rəhbər dediklərinizin hamısı torpaqların Azərbaycana qaytarılması ilə bağlı müzakirələr aparıblar. İkincisi, yəqin o, beynəlxalq ictimaiyyətə bir mesaj da verir ki, 20 ildir Köçəryan və Sərkisyan bunları gizlədib, millətin başını başqa şeylərlə doldurub və indi də hamı qışqırır ki, bir qarış torpaq qaytarmarıq. Ona görə də mənə vaxt verin hakimiyyətimi gücləndirim, sonra ikinci mərhələyə keçim. Hər halda Paşinyan çalışır bir tərəfdən üzərinə gələn hücumları dəf etsin, bütün bu günahı Sərkisyan və Köçəryanın üstünə atsın. Bunu iki istiqamətdə edir. Daxildə onların boynuna qoyur ki, görürsünüz, onlar torpaqları qaytarmaq üçün danışıqlar aparırdılar, 20 ildir sizi aldadırdılar. Beynəlxalq aləmdə isə deyirlər ki, cəmiyyət torpaqların qaytarılmasını istəmir və bunun da günahı məndə yox, Sərkisyanla Köçəryandadır.

Paşinyanın əsas məqsədi vaxt qazanaraq öz hakimiyyətini gücləndirmək, Dağlıq Qarabağ separatçılarına özünə yaxın adamı rəhbər gətirməkdən ibarətdir. Bütün bunlara baxmayaraq, biz oturub gözləməməliyik ki, Paşinyan hakimiyyətini möhkəmləndirib, sonra da müsbət addımlar atsın. Hesab edirəm ki, torpaqlarımızı azad etmək üçün ikinci genişmiqyaslı hərbi əməliyyat keçirmək lazımdır. Bu, Aprel döyüşlərindən də genişmiqyaslı olmalıdır. Ola bilsin ki, bu, məsələni birdəfəlik həll edəcək və və o əməliyyatdan sonra Dağlıq Qarabağ adında problem qalmayacaq. Bu əməliyyatın nəticəsində o qədər ciddi uğur əldə etmək olar ki, gerisini diplomatik yolla həll etmək olar. Bütün hallarda genişmiqyaslı hərbi əməliyyat keçirmədən torpaqlarımızn azad olunmasına nail olmayacağıq.

– Nazirlərin görüşündən öncə Sərkisyana və Köçəryana yaxın mətbuat orqanları, eləcə də ekspertlər təşviqat aparır, Paşinyanın Qarabağı Azərbaycana qaytaracağını deyirdilər. Hətta görüşdən sonra Sərkisyanın partiyasına keçid edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan nazirlərin Şuşa məsələsini müzakirə etdiklərini dedi. Sanki Paşinyanın rəqibləri də Qarabağ üzərindən əks oyun qurublar…

– Mənim üçün sizin sualınıza dəqiq cavab vermək çətindir. Ona görə ki, bu bəyanatlarda, bu fikirlərdə siyasi təhlillə emosiyalar və şəxsi qərəz bir-birinə qarışır. Şahnazaryan kimi adam da Sərkisyanın partiyasından seçkiyə ikinci nömrə kimi getmişdir. Artıq rəsmi olaraq o, Paşinyanı devirmək istəyən həmin o siyasi qüvvənin siyahısındadır. Vaxtilə isə o, Petrosyana çox yaxın idi və mərhələli plana dəstək verirdi. Əvvəllər Rusiyanı çox ciddi tənqid edən və ABŞ-ın bu bölgədə mövqeyinin güclənməsi üçün çıxış edən şəxs Sərkisyanın mövqeyinə keçdi. İndi isə onun baxışları Moskvanın mövqeyi ilə tam üst-üstə düşür. Ona görə də bunu demək çətindir ki, bu bəyanatın hansı hissəsi real faktlara əsaslanır?

– Həmsədr ölkələrin mövqeyi ilk dəfədir üst-üstə düşür. Adətən bu birliyə Rusiya əngəl yaradır. Üstəlik, Fransa Prezidenti Emmanuel Makron Erməni Təşkilatları Koordinasiya Şurasında çıxışı zamanı Qarabağ konfliktinin yaz aylarında həll edəcəyinə ümid etdiyini deyir. ABŞ səfiri Erl Litzenberger isə nazirlərin görüşü zamanı Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevlə görüşür. Sanki tərəflərin danışıqlara icmaları cəlb etmək və ya prosesi qabağa aparmaqla bağlı ortaq planı var.

– Burada açıq etiraf etmək lazımdır ki, Azərbaycanın maraqları ilə nə Ermənistanın, nə də Minsk Qrupunun həmsədrlərinin maraqları üst-üstə düşür. Ona görə ki, “bu konflikti həll etmək mümkün deyilsə, gəlin bunu donduraq” ideyası erməni tərəfindən irəli sürülüb və bunu demək olar ki, həmsədrlər qəbul etmişdi. 2016-cı ilə kimi Minsk Qrupunun həmsədrləri və onların arxasında olan ölkələr öz ekspertləri, KİV-ləri ilə beynəlxalq qurumlarda Dağlıq Qarabağ probleminin həllini dondurmaqdan yaxşı yol olmadığına dair fikir formalaşdırırdılar.

Birincisi, bu ifadənin özü düzgün deyil. Qarabağ məsələsi ilə bağlı ən azı üç dəfə arbitraj olub və tərəflər razılığa gəlməyiblər. Deməli, bu problemi həll edən üçüncü bir qurum olmalıdır və o öz qərarını çıxarmalıdır. Sovetlər dövründə bu, var idi və o, SSRİ-nin Ali Soveti idi. O, qərar çıxardı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın, amma ermənilər buna tabe olmadılar. Dünyada ən ali instansiya BMT-nin Təhlükəsizlik Şurası sayılır. Onun Azərbaycan torpaqlarının şərtsiz işğaldan azad olmasıyla bağlı dörd qətnaməsi var, amma ermənilər ona da tabe olmurlar. Təhlükəsizlik məsələləri ilə məşğul olan ən nüfuzlu ikinci bir qurum ATƏT-dir və o da 1996-cı ildə qərar verdi ki, Dağlıq Qarabağın həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə yüksək statusla muxtariyyət verilməkdən ibarətdir. Ermənilər veto hüququndan istifadə etdilər. O zaman ATƏT bəyanatla çıxış etdi ki, bir ölkədən başqa ATƏT ölkələrinin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə Dağlıq Qarabağda muxtariyyət verilməsinə tərəfdardır.

Bizi “niyə razılığa gəlmirsiniz?” deyə ittiham etmək yerinə, bizim indi görməyə çalışdığımız işi vaxtında gərək Sovetlər Birliyi, BMT və ya ATƏT görərdi. Yəni bizə deyirlər ki, sən haqlısan, amma get onlarla danış görək razılığa gələ bilirsənmi? Belə arbitraj, beynəlxalq hüquq olmur.

2016-cı ilə kimi artıq belə bir fikir formalaşmışdı, razılığa gələ bilmirlərsə, məsələni donduraq. Aprel döyüşlərinin əsas uğuru təkcə o iki yüksəkliyin azad oluması, ya da təkcə Azərbaycan ordusunun üstünlüyünü nümayiş etdirmək deyildi. Orada bizim üçün bir vacib məqam və uğur o oldu ki, biz bütün dünyaya problemi dondurmaq cəhdlərinin müharibəyə gətirib çıxaracağını, Azərbaycanın bununla barışmayacağını sübut etdik. Əgər kimsə bu məsələni dondurmaq istəyirsə, Azərbaycan buna razı deyil və o, güc tətbiq edib torpaqları özü azad edəcək.

Yəni, faktiki olaraq köhnə problemi dondurmaq ideyasını pərdələyib bizim qarşımıza qoyanda, biz qəti surətdə bunların hamısını rədd etməliyik, çünki 20 il kifayət qədər zamandır. Biz 25 ilə yaxın sülh prosesini gözlədik, edilən bütün təklifləri qəbul etdik, amma qarşı tərəf razı deyil və indi bəlli olur ki, nəinki Dağlıq Qarabağın statusu ilə bağlı, onlar heç ətraf rayonların da qaytarılmasına razı deyillər. Ona görə Azərbaycanı heç kim qınaya bilməz.

Diplomatiyamız bu məsələlərdə sərt və açıq olmalıdır. Addım-addım biz aparıcı dövlətlərə başa salmalıyıq ki, hər dövlətin öz maraqları var. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü deyil, amma Azərbaycan müstəqil dövlətdir, onun da maraqları var və torpaqları zəbt olunub, eləcə də torpaqlarımızın zəbt olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Hər bir dövlətin borcu öz torpaqlarını və suverenliyi qorumaqdısa, Azərbaycanın da əsas borcu budur. Digər dövlətlərlə, bütün təşkilatlarla münasibətlərimizi bunun əsasında quracağımıza dair mövqeyimiz kifayət qədər sərt və aydın olmalıdır…

2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır
2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır

Trend bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Prezident İlham Əliyev qeyd edib:

"Keçən il bir çox başqa hadisələr də baş vermişdir. İndi onların hamısını burada qeyd etmək mümkün deyil. Hesab edirəm ki, dediyim məsələlər və gətirdiyim rəqəmlər ölkəmizdə gedən proseslər haqqında kifayət qədər məlumat verir və bunlar bizim uğurlarımızdır. Biz bu uğurları deməliyik, onları təbliğ etməliyik, eyni zamanda, bu uğurlarla kifayətlənmək olmaz. Biz həmişə gərək həll olunmamış məsələlər ətrafında səylərimizi gücləndirək və bunu edirik. Ona görə bu ənənəvi konfransın əsas məqsədi görülmüş işlərə yekun vurmaq və il ərzində görüləcək işlərə təkan verməkdir. Ona görə də 2004-cü ildən başlayaraq biz bu yolla gedirik. 2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi. Ona görə bu proqramın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu günə qədər hər il biz proqramın icrasını müzakirə edirik. Dediyim kimi, üç proqram qəbul edildi və icra olundu, dördüncü proqram indi icra edilir.

Deyə bilərəm ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünmüşdür. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi.

İnfrastruktur layihələrinə gəldikdə, bu illər ərzində 33 elektrik stansiyası tikildi, onların generasiya gücü 3 min meqavatdır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün ölkəmizin yarısını qaranlıq bürüyərdi, biz elektrik enerjisini yenə də idxal edərdik və buna böyük pullar verərdik. Amma biz bu stansiyaları tikməklə, 3 min meqavat generasiya gücünü əldə etməklə bu gün elektrik enerjisini ixrac edirik. Keçən il bu ixracdan ölkəmizə təqribən 60-65 milyon dollar vəsait daxil olubdur.

2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, rayonlarda ümumiyyətlə qaz yox idi. Hazırda bu rəqəm 96 faizə çatıbdır. Elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. Rayonlarda 100 faiz, 95 faizdir. 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Yüzlərlə (bəlkə də mindən çox) kəndin yolu abadlaşdırılıb.

Meliorativ tədbirlər. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilib. Bunlar olmasaydı, orada yerləşən rayonlarda su qıtlığı yaranacaqdı. Əgər Taxtakörpü su anbarı tikilməsəydi, keçən il Bakı şəhərini su ilə təmin etmək mümkün olmazdı. Çünki keçənilki quraqlıq bəlkə də tarixdə olmayıb. Biz məhz Taxtakörpüdə yığılan suları Ceyranbatana ötürməklə Bakını fasiləsiz su ilə təmin etdik. Bakıda heç kim hiss etmədi ki, belə ciddi quraqlıq olub.

Bütün bu işləri biz ona görə görürük ki, insanlar daha yaxşı yaşasınlar. Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılmışdır və bu proses davam etdirilir. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ona görə bizim proqramımızın icrasında infrastruktur layihələri xüsusi yer tuturdu. Biz sosial təşəbbüslərlə paralel olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdik".