“Məni çoxmu sevirsən?”- deyə Kamrandan nazlana-nazlana soruşan ərköyün qız,  sevgisini vətənin rifahına qurban verən hökmdar qadın, məkrli həyat yoldaşı, unudulmuş balerina və saydıqca çoxalan müxtəlif xarakterli obrazlarda görmüşük, sevmişik onu. 2018-ci ilin noyabrınadək böyük bir kollektivə rəhbərlik edən “qara paltarlı qadın”… Niyə qara? Buna da, bu günə qədərki həyat və sənət yoluna da özü ilə birgə səyahətə çıxmağımızla işıq salmaq istəyindəyik. Xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amlaya Pənahova ilə.

Uşaqlığı Gəncədə keçib, orda dünyaya gəlib.  Özünü dinləyək:

“Nənəli – babalı, atalı-analı, bibili-əmili böyük bir ailədə böyümüşəm.   Atamın 17, anamın 15 yaşları olanda mən dünyaya gəlmişəm.

Nizaminin “Xəmsə”si yeni çapdan çıxmışdı, kitabda qəhrəmanların illüstrativ şəkilləri uşaqlıq hafizəmdə həkk olunub. O qəhrəmanlarda özümü təsəvvür edirdim.  Qonşuluqda Gəncə Teatrında işləyən sənətkarlar yaşayırdılar, onların uşaqları ilə oturub-dururdum, teatra tez-tez gedirdik. Adil İsgəndərov, Barat Şəkinskaya, Məmmədrza Şeyxzamanov kimi böyük sənətkarlar Gəncə teatrından Bakıya dəvət olunub gəliblər. Yeganə o teatra sədaqətli qalan Ələddin Abbasov oldu. Atamla da dost olublar, düzdür atam ondan yaşca kiçikdir. Atam teatr həvəskarı olduğundan teatrda gənc yaşlarında rollar da oynayıb. Sonra hərbi işi üstün tutduğu üçün hərbçi oldu. Onun işi ilə əlaqədar da mən  10 yaşımda olanda biz ailəlikcə Bakıya köçdük.

Sənətə həvəsim o qədər böyük idi ki, televiziya açılanda “Bənövşə” uşaq xoruna ilk yazılanlardan oldum. Atam teatr dərnəyinə məni buraxmırdı, amma xora icazə verdi, görünür düşündü ki, xorun  ardına düşüb getmərəm.  Xorun rəhbəri Əfsər Cavanşirov idi.  Sənətə televiziyadan belə gəldim. Xorda beş il solist olmağım sonrakı teatr fəaliyyətimə çox kömək oldu. Teatrda İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasında ilk dəfə mən səhnədə canlı mahnı ifa etdim.

Məni sənə bağlayan-bağlayan
Eşqim məhəbbətimdir.
Yollarında saxlayan-saxlayan
Sənə sədaqətimdir.

Milli Məclisə deputat seçiləndə orda həmkarlarım məni bu mahnı ilə qarşıladılar. İllər sonra da yaddaşlarda qalıb, sevilir.

İlklər həyatımda çoxdur. İlk övlad, nəvə olduğum kimi. Mənim çıxışımla ilk rəngli televiziya efirə çıxıb. Səhnədə ilk canlı ifa edən aktrisa. İlk dəfə teatr tariximizdə dramaturq aktrisa üçün rol yazıb.  “Sən həmişə mənimləsən” tamaşasında Tofiq Kazımov risk eliyib 18 yaşlı tələbə qıza baş rolu verdi.  Ondan sonra İlyas Əfəndiyev yeni dram əsərlərində mənim ifam üçün rollar yazdı. Onun teatra təqdim etdiyi  12 əsərinin tamaşasında mən rol oynamışam. “Mənim günahım” televiziya tamaşasını isə özüm hazırlayıb baş rolu oynadım. Teatrda həmin tamaşada Ayqızı ifa etmişdim.

Kinoya daha çox meylli idim. Ona görə Moskva Kinemotoqrafiya İnstitutuna getmək istəyirdim, həm də rus dilində təhsil almışdım deyə, Moskva məni çəkirdi. Atam icazə vermədi.

Burda maraqlandım, yenə xorda olmağım kömək etdi. Xorun məşqlərini etdiyimiz məkanda həm də radio tamaşalar yazılırdı. Orda aktyorları gördüm, mənə dedilər ki, sən aktrisa olmaq istəyirsənsə əvvəlcə dili bilməlisən.
10-cu sinfi keçdim gecə məktəbinə və gündüzlər gedib Teatr İnstitutunda mühazirələr dinlədim. Daxil olanda isə rektorun icazəsi ilə mən inşanı rus dilində yazdım. Bu da necə oldu. İlk dəfə maraqlanıb instituta gələndə qapı ağzında bir nəfərlə rastlaşdım, soruşdum ki, mən kimə yaxınlaşmalıyam burda oxumaq istəyirəm, amma Azərbaycan dilində təhsil almadığım üçün indidən məsləhət almalıyam. O, da mənə dedi ki, gəl mühazirələrə, qəbul vaxtına qədər baxarıq. Soruşdum kimsiniz, məlum oldu rektor Rahib Hüseynovdur.

Adil İsgəndərovun kursuna dinləmələrə gəlirdim, sonra da qəbul olunub onun kursuna düşdüm, çünki o vaxt birinci kursdan sonra Adil İsgəndərov ona verilən kursu bəyənməyib özü kurs yığmışdı. Mən onun kursunda dörd yox, beş il oxumuş oldum.

Atam mənim instituta daxil olmağımı sonradan bildi və mənimlə kəlmə kəsmədi.  Anam onun fikirlərini mənə çatdırırdı, zərbələri anam özünə götürürdü. İlk tamaşama ailəmi, qohuməqabanı dəvət etdim gəldilər. Tamaşadan sonra atam böyük ziyafət verdi və məni təbrik etdi. Dedi ki, istəmirdim sən bu sənətin ətrafında fırlananlardan olasan. Gördüm ki, ilk addımından uğur qazandın. Mən bir gecənin içində çox məşhurlaşdım.   Premyera olan ilin son gecəsinin televiziyada  “Mavi işığ”ını Əli Zeynalovla mən apardıq.

Tofiq Kazımovun dördüncü kurs rejissorları iki tamaşalarında mənə rol verdilər. Orda Tofiq Kazımov məni gördü və İlyas Əfəndiyevin “Boy çiçəyi”nin tamaşasında Nargilə roluna dəvət etdi. Əvvəlcə əsəri verdi oxumağa. Bir gecənin içində neçə dəfə oxuyub ağladım . Səhər soruşdu ki, hansı rolu oynamaq istəyirsən? Dedim əlbəttə Nargiləni. Gəldim Adil İsgəndərovla məsləhətləşməyə dedi icazə vermirəm sən teatrda işləyəsən, mən səni kino üçün yetişdirirəm. O dövrdə Adil İsgəndərovun 30 il çox böyük əziyyətlər çəkdiyi “Azdrama”nı onun əlindən almışdılar. Yetişdirdiyi sənətkarlar ona arxa olmadılar, o, da incidi o teatrdan.  Yeni binanın inşasının təhvilinə az qalmış onu işdən çıxartdılar. Adil müəllim artıq kinostudiyada çalışırdı. Ondan sonra teatr neçə-neçə rejissor dəyişdi, nəhayət Tofiq Kazımov baş rejissor təyin olundu. Ona görə Adil İsgəndərov mənə icazə vermək istəmirdi. Ondan icazəsiz getdim teatra və uğur qazandım. Əvəzində gənc dövrlərimdə kinoya çəkilmədim, çünki Adil İsgəndərov məndən incimişdi.  Yoldaşım Yusif Muxtarov da kinoya deyil, radioya getdiyi üçün onu da kinoya çağırmırdı.

Teatrda bir-birinin ardınca “Qanlı Nigar”, “Bizim qəribə taleyimiz”, “Unuda bilmirəm”, “Şeyx Xiyabani”, “Təhminə və Zaur”, “Büllur sarayda” çox böyük uğurla gedən tamaşalarda oynadım. O vaxt teatrda Nəcibə Məlikova, Leyla Bədirbəyli, Barat Şəkinskaya kimi nəhənglər vardı. Onlar artıq gənc qız rolunu oynaya bilməzdilər. Mənim gəlişim teatr üçün, onların özləri üçün də yaxşı idi, amma müqavimətlərə də rast gəlirdim. Tamaşaya çıxmalı idim, qrim otağımın qapısını bağlayıb açarları itirən vardı. Səhnə paltarımı kəsib doğrayan vardı. Ailəmi dağıtmağa çalışırdılar.

Yoldaşımla birinci kursdan tanış olduq, nişanlandıq. O, başqa bir ali təhsil almışdı. Dostunun yanına bizim instituta gəlib məni görəndən sonra sənət verib daxil oldu və mənimlə bir kursa düşdü.  Yusiflə nişanlı olduq, institutu bitirəndən sonra evləndik. Bir qızımız, bir oğlumuz dünyay gəldi.  48 il birgə çox xoşbəxt yaşadıq. O, da xalq artisti idi, Bələdiyyə Teatrını birgə yaratmışdıq.

Uşaqlarımız bizim sənətə meyllənirdilər, mən imkan vermədim.  Oğlum diplomatdır, Meksikada Azərbaycanın səfiridir. Nəvələrim də istədilər, icazə vermədim. İlk nəvəm iki ali məktəb bitirib. Oğlumun oğlu atasının yolu ilə diplomat olmaq istəyir. Kiçik nəvəm deyəsən bizim sənətə gələcək, çox böyük istedadı və qətiyyəti var.

Çətin sənətimiz var. Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə. Teatr mənim hər şeyimdir, amma gördüyüm haqsızlıqları övladımın yaşamasına qıymaram. Mənim yoldaşım sarıdan dayağım oldu, harda o qarant var ki, onların da dayağı olacaq. Ətrafda o qədər istedadsızlar qaraguruhu əmələ gəlir ki, baş açmağa çətinlik çəkirsən. Öz sənətimdən doktorluq müdafiə elədim. Hamıdan gec xalq artisti oldum. Repertuar hamısı çiynimdə idi. 20 tamaşadan 16-sında baş rolda olduğum bir vaxtda hər şeyi atıb çıxdım teatrdan. 84-cü ildə yaşım 40-ı keçmişdi “Nişanlı qız”da Zərifəni oynadım. 1992-ci ildə çox çətin bir dövrdə teatr çox düşmüşdü, istəyirdim ki, teatrla cəbhələrdə çıxış edək. Nəhayət ki, çıxıb öz teatrımızı yaratdıq.  İlk tamaşamız “Medeya” olmuşdu. Milli Dram teatrından ixtisara düşən qocaman sənətkarları da ətrafıma topladım.

Sonralar kinoya ardıcıl dəvət olunurdum, bununla belə istədiyim qədər deyil. Televiziyada külli miqdarda tamaşalarda oynamışam, radio tamaşalar da çox olub.

Beş il millət vəkili oldum. Elə bilirəm ki, orda da boş yer tutmadım. Sənətimiz özü elə siyasətə xidmət edir. Biz xalqa xidmətdəyik, sənətdə də, diplomatiyada da. Sənətkar elə siyasətçidir. Necə siyasət deyil ki, sovet vaxtı İlyas Əfəndiyevin əsərləri ilə  səhnədən o tay, bu tay Azərbaycan deyirdik. Xalq sevdiyi sənətkara inanır, siyasəti məhz o, yeridə bilər. Cəbhə bölgələrində bizim tamaşadan əsgər silahını götürüb birbaşa döyüşə yollanırdı.

Həyat yoldaşımı  itirdim. Onunla birgə dayağım, dostumhəmdəmim getdi. Ürək sevinmir, gülmür. Ailəm başsızdır, o missiya mənim çiyinlərimə düşdü. O, ən pessimist vaxtlarımda məni həyata ruhlandırıb. Bu gün yoxdur.
Bələdiyyə Teatrı mənim həyatımdır. 20 ildən artıqdır burda canımı qoyuram. Bilirəm ki, bir gün mən olmayanda bu teatr yaşayacaq, çünki təməli möhkəmdir”…

Xatırladaq ki, Amaliya Pənahova 2018-ci noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.

modern.az

20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi