Əlçatmaz ucalıq timsalı Dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqımızın taleyinə Azərbaycanın, onun dövlətçiliyinin tarixinə təkrarolunmaz bir sima kimi daxil olmuşdur. Heydər Əliyev şəxsiyyəti bütün mənalı ömrünü canı qədər əziz bildiyi Azərbaycanın inkişafına həsr etmiş, böyük qurucu, memar kimi Azərbaycanın hər bir guşəsində iz qoymuşdur. Xalq öz Ulu Öndərinin gördüyü işləri yüksək qiymətləndirir və ona böyük ehtiram göstərir. Bu dahi insan özünün bütün fəaliyyətində xalqa arxalanmışdır. Respublikamızın ictimai fikrində dahi rəhbərin 30 illik tarixi fəaliyyəti haqlı olaraq bir əsrə bərabər tutulur. Bu müddət ərzində onun rəhbərliyi altında Azərbaycan üçün, xalqımız üçün görülmüş işlər, inşa edilmiş nəhəng müəssisələr, iri yaşayış massivləri, sosial obyektlər, salınmış istirahət parkları göz qabağındadır. Bunları yaratmaq üçün heç bir əsr də kifayət etməz. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Azərbaycana rəhbərliyi yenidən öz üzərinə götürən böyük siyasətçinin, təcrübəli dövlət xadiminin idarəçilik məharəti nəticəsində Azərbaycan onu təqib edən fəlakətdən, məhv olmaq təhlükəsindən, etnik parçalanmadan xilas edildi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoydu. Azərbaycanda qardaş qanı axıdılmasının qarşısı alındı. Atəşkəs əldə olundu. Bunun nəticəsində hərbi və iqtisadi siyasətə yenidən baxıldı. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin maraqları Azərbaycana yönəldildi, iqtisadi islahatlar başlandı, böyük iqtisadi əhəmiyyət kəsb edən neft kontraktları imzalandı. Əvəzolunmaz lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra ölkəmizdə ordunun gücləndirilməsinə, hüquqi dövlət quruculuğuna, demokratik prinsiplərə geniş yer verildi. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın və dilimizin Azərbaycan adı özünə qaytarıldı, gücümüzün və vahidliyimiz əsası olan milli birlik bərpa edildi. Heydər Əliyevi özlərinin idealı hesab edənlər yanılmırlar. O, müqəddəs şəxsiyyətdir, türk dünyasının ən böyük, ən parlaq lideridir, dünyada tanınmış siyasi xadimdir, xalqımızın ümid çırağı, inanc və inam yeridir. O, yenilməz, əvəzsiz, xidmətləri ilə dahilik zirvəsinə ucalmışdır. Heydər Əliyev böyüklüyü qədər sadə, sadəliyi qədər də dahi şəxsiyyətdir. Heydər Əliyev dövrü Azərbaycan səlnaməsinə qızıl hərflərlə yazılmış və bizim hər birimiz üçün önəmli olan bir tarixdir. Bu gün xalqımızın böyük oğlu, dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu davamçısı hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla sabaha, işıqlı gələcəyə doğru addımlayırıq. Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulmuş iqtisadi siyasət kursu da inamla davam etdirilərək daha geniş miqyas almışdır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək məqsədilə mühüm dövlət proqramları imzalamış, regionlarımızın tarazlı inkişafına hesablanan ardıcıl və qətiyyətli addımlar atmışdır. Dövlət başçısı Prezident seçkilərindən sonra ilkin addım kimi "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafın əsas istiqamətlərini müəyyənləşdirmişdir. İqtisadi siyasətdə əsas yer verdiyi qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoymuşdur. Fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizi və xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edirəm.
Xosrov İsmayılov-Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Laçın şöbəsinin müdiri