“Belə inancların dinə qəti şəkildə uyğunluğu yoxdur. Bunların hamısı xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməldir”.
Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində “Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.
QMİ nümayəndəsi bildirib ki, İslam dini insanları bu kimi xurafatlara dəvət edə bilməz: “Ziyarətlərin olması normal haldır, çünki istənilən ölkədə ziyarətgahlar var. İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Lakin bu şəkildə “ibadət formaları” dinin adına ləkədir. “Qurani-Kərim” insanları düşünməyə, təfəkkürə dəvət edir. İbadətin formaları hədislərdə ifadə olunur. Bu şəkildə ibadət isə heç bir vəchlə qəbuledilməzdir. Məzar üstündə dua oxuna, fatihə verilə, hədiyyə namazı qılına bilər. Lakin bu kimi əməllər dinimizi gözdən salır”.
Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə “Report”un Qərb mərkəzinə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib: “Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə “Qaloş piri” deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır.”
İcra nümayəndəsi onu da bildirib ki, həmin evdə yaşayan və ehsan verən şəxslərin bu mərasim zamanı camaatdan pul və ya dəyərli əşyalar alması barədə eşitməyib və bütün bu olanları başqa şeylərə yozub, seydin adına şəkk edilməsi isə xoşagələn hal deyil.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində “Qaloş piri” adı ilə videogörüntü yayılıb.