Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır. Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.
AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək:
“Qeyd edim ki, bu hadisə digər televiziya kanalının efirində baş verib. Bunun üçün də məsələnin araşdırılması MTRŞ-yə aiddir. Məlum olduğu kimi, MTRŞ artıq hadisə ilə bağlı öz açıqlamalarını yayıb. Açıqlamada da göründü ki, Rəşad İlyasovun bu məsələdə birbaşa günahı yoxdur. Neqativlər yalnız onun həmkarı ilə bağlıdır.
Həmçinin oxu: Rəşad İlyasov niyə cəzasız qalıb? – Müəmma
MTRŞ-nin araşdırmasının nəticəsinə uyğun olaraq, R.İlyasov AzTV-nin solistliyində qalır”.
Xatırladaq ki, bir neçə gün öncə Space TV-nin “Hər səhər” proqramında müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqrama oxuduqları zaman canlı efirdə biabırçı ifadələr işlədiblər. Nəticədə həmin görüntünü əks etdirən video sosial şəbəkələrdə yayılıb, telekanal ciddi problemlə üzləşib. Proqramın aparıcısı Anar Vaqifoğlu telekanaldan uzaqlaşdırılıb, səs rejissoru da işdən qovulub. Müğənni Rüfətin bir daha efirə çağırılmaması barədə televiziya rəhbərliyi tərəfindən təlimat verilib. Həmçinin MTRŞ tərəfindən televiziya kanalının rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq Space TV-nin 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edilib.