Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın noyabrın 13-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı!

Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom” da şanlı qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada Azercell-in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hal- hazırda orada olan əsgərlərimiz yaxınları  ilə  əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq Azercell-in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Azercell-in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir.

 

Şirkət işğaldan azad esilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. Azercell-in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

Azercell Azərbaycanda heç bir ərazini bağlantısız qoymayacaq!

Qarabağ Azərbaycandır!

Dünya birjalarında neft ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 43,85 dollara, yüngül neftin bir barreli isə 41,53 dollara təklif olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən avqust və sentyabr ayları üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 22 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 161 nəfər könüllüyə mükafat ödənilib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 9 nəfər tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 19 min manat məbləğində, 13 nəfər tibb işçisinə isə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 24 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 66 nəfər könüllüyə avqust ayı üzrə ümumilikdə 16.5 min manat, 95 nəfər könüllüyə isə sentyabr ayı üzrə ümumilikdə 23.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Sentyabrın sonuna TANAP ilə Türkiyəyə 7 milyard kubmetr qaz nəql edilib

Bu ilin sentyabr ayının sonuna Trans-Anadolu Boru Qaz Kəməri (TANAP) ilə Türkiyəyə 7 milyard kubmetr təbii qaz tədarük edilib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fath Dönməz bildirib.

Onun sözlərinə görə, illik 32 milyard kubmetr təbii qaz tədarükünü həyata keçirmək gücündə olan TANAP Cənub Qaz Dəhlizinin onurğa sütunudur: “Bu kəmərlə Türkiyəyə sentyabr ayının sonuna qədər təxminən 7 milyard kubmetr qaz tədarük həyata keçirilib”.

Türkiyəli nazir bildirib ki, TANAP-ın Avropaya qaz tədarük edəcək hissəsində işlər tamamlanıb: “Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsindən sonra Avropaya illik 10 milyard kubmetr Azərbaycan qazı tədarük ediləcək”.

Xatırladaq ki, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi, Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana aid olan “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və bu ilin sonundan etibarən Avropa bazarlarına da daşınması planlaşdırılıb.

Dünyada günəbaxan toxumu ilə təchizat çətinləşir

Rusiya və Ukraynada yağışların azalması günəbaxan toxumu istehsalına mənfi təsir edib. Bu da sözügedən məhsulla qlobal miqyasda təchizatı çətinləşdirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin hesabatında bildirilir.

Sənədə əsasən, bu ay bütün dünyada 3,8 milyon ton günəbaxan toxumu istehsal ediləcək. Bu isə noyabr ayı üçün proqnozdan 1,5 milyon ton azdır.

Qeyd edək ki, Rusiya və Ukrayna günəbaxan yağının istehsalında və təchizatında da aparıcı mövqeyə malikdir. İki ölkədə bazar payı təxminən 75%-dir.

Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür!

2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu. Ölkəmizin tarixində yeni səhifə açan bu möhtəşəm qələbə münasibətilə “Azercell Telekom” bütün Azərbaycan xalqını ürəkdən təbrik edir.

“Azercell Telekom”-un hazırda ən əsas vəzifəsi və məqsədi xəritəmizdə, nəhayət ki, tam olaraq öz mövqeyini bərpa edən ərazilərdə sürətli şəkildə, tam gücü ilə 4G şəbəkəsinin genişləndirilməsinə təkan vermək və Qarabağ torpaqlarına qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləriylə təmin etməkdir.

Qeyd etmək yerinə düşər ki, döyüşlərin getdiyi bir aydan artıq bir müddətdə gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanılıb. Belə ki, son göstəricilərə əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib.

Həmvətənlərimiz arasında həmrəylik və qələbə ruhunun yüksək səviyyədə saxlanılması, eləcə də Qarabağ mədəniyyətinin zəngin irsinə hörmət əlaməti olaraq Azercell şirkəti tərəfindən sosial mediada #gəlirik şüarlı sosial kampaniya keçirilmiş və izləyicilər arasında böyük əks-səda yaratmışdır. Belə ki, #gəlirik kampaniyasının Şuşaya həsr edilmiş videosu brendlər arasında sosial şəbəkələrdə Azərbaycan üzrə ən bəyənilən (120 mindən çox reaksiya) və ən paylaşılan (13 mindən çox paylaşım) videosu oldu: https://www.facebook.com/azercell/posts/101581;/93722528303

Qeyd edək ki, döyüşlərin getdiyi ilk günlərdən Azercell şirkəti Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb. Bundan əlavə, cəbhə bölgələrinə ezam edilmiş bütün media əməkdaşlarına və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.

“Azercell Telekom” bundan sonra da ölkəmizin əminamanlığı və sosial-iqtisadi inkişafı, bütün Vətən torpaqlarında mükəmməl rabitənin qurulması istiqamətində səylərini var gücü ilə davam etdirəcək.

Qələbəmiz mübarək olsun!

Qarabağ Azərbaycandır!

 

 
 

Azərbaycanla Naxçıvan arasında yalnız hava nəqliyyatı var idi və digər nəqliyyat növlərindən istifadə olunmurdu.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov əldə edilən sülh sazişinin 9-cu maddəsində öz əksini tapan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının ölkəmizə iqtisadi faydaları haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin, xüsusən də yol və nəqliyyat əlaqəsinin bərpa edilməsi çox vacib idi:

“Bu, bizim üçün iqtisadi baxımdan çox vacibdir, çünki praktik olaraq Azərbaycan özü regional nəqliyyat qovşaqlarının qapısına çevrilir.

Dəhlizin açılması Naxçıvanda fəaliyyət göstərən iş adamlarımızla əlaqələrin formalaşması və qurulması baxımından çox vacibdir. Daha qısa zamanda məhsulların ikitərəfli nəqlinə imkan yaranacaq və bu da təbii ki, iqtisadi baxımdan çox faydalıdır. Bunun Azərbaycanın, eyni zamanda Naxçıvanın iqtisadi inkişafı üçün kifayət qədər müsbət təsirləri olacaq. Güman olunur ki, bununla Naxçıvanda fəaliyyət göstərən sahibkarların daha böyük bazarlara çıxış imkanları təmin ediləcək. Bu həm logistik, həm də nəqliyyat xidmətlərinin çıxış imkanları baxımdan kifayət qədər əhəmiyyətli hesab olunur”.

Noyabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 11 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, noyabrın 11-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 2.0101 manat təşkil edir. 1 türk lirəsi 0.2076 manat, 1 rus rublu 0.0222, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5152 manatdır.

Dünya birjalarında neft bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 42,01 dollara, yüngül neftin bir barreli isə 39,81 dollara təklif olunur.