Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Axar.az -a bildirilib ki, bankın noyabrın 18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” fermerlər üçün yeni mikrokreditlər təklif edir. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birlikdə verilən mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 1 il müddətinə,15 min manatadək, 12%-lə və 6 ay güzəşt müddətilə verilir. Kreditlər aqrotexniki qulluq və gübrə alışı, həmçinin heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulub.
Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər “AccessBank”ın ən yaxın filialına müraciət edə bilərlər.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Axar.az-a bildirilib ki, bankın noyabrın 16-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Dünya birjalarında neft bahalaşıb.
Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 43,24 dollara, yüngül neftin bir barreli 40,69 dollara təklif olunur.
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) kommersiya istismarı başlayıb.
Axar.az xəbər verir ki, bu barədə TAP AG konsorsiumu məlumat yayıb.
Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.
Azərbaycanın müzəffər qələbəsini özündə ehtiva edən və Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək. Belə ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatının 9-cu maddəsinə istinadən aşağıdakı müddəalar qəbul edilib:
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir; Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir; Nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Bu maddə, nəqliyyat dəhlizinin nəzərdə tutulması ilə Azərbaycanla birbaşa quru əlaqəsi olmayan Naxçıvan MR və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət vəd edir.
Nəqliyyat sisteminin şaxələndirilməsi
Bir ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. Bu baxımdan ölkənin digər bölgələri ilə quru yolu mövcud olmayan Naxçıvan MR-nın ölkədaxili regionlar ilə iqtisadi əlaqələri əlavə vaxt və xərc yaradırdı.
Naxçıvan ilə quru əlaqələrin bərpası ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsi və mövcud kommunikasiya infrastrukturuna əhəmiyyətli alternativ təmin edir.
10 noyabr 2020-ci il sazişinə qədər Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə hava yolları vasitəsilə mümkün idi ki, bu nəqliyyat dəhlizinin açılması ilə bu bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaqdır. Bununla da Naxçıvan regional nəqliyyat sisteminin şah damarına çevriləcəkdir.
Xəzər dənizini Aralıq dənizinə birləşdirən körpü
Quru əlaqələrin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud daha bir problem öz həllini tapacaqdır. Belə ki, sazişə qədər Azərbaycanla quru yolları bağlı olan Naxçıvan MR əhəmiyyətli regional və beynəlxalq tranzit layihələrdən kənarda qalmışdı. Postblokada dövründə isə Naxçıvan, bu tranzit xətləri öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcəkdir. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaqdır.
Məsafənin qısalması
Naxçıvanla nəqliyyat kommunikasiya sisteminin qurulması həmçinin məsafə və dolayısı ilə yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan 1.7 dəfə təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaqdır. Həmçinin, Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün, hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayının 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolaylı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcəkdir.
Naxçıvanın iqtisadi blokadadan çıxarılması
Quru əlaqələrin olmaması səbəbindən Naxçıvan, Azərbaycanın iştirak etdiyi bütün regional və beynəlxalq tranzit layihələrindən kənarda qalırdı. Bu isə Muxtar Respublikanın bu layihələrdən yararlana bilməməsinə və iqtisadi blokadada olmasına gətirib çıxarırdı. İqtisadi blokada zamanı həll yolu hava nəqliyyatı və üçüncü ölkələrin ərazisindən keçməklə əlaqələrin təmin olunması idi ki, bu da əlavə vaxt və xərc tələb edirdi. Naxçıvanla quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Postblokada dövründə nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcəkdir.
Blokadanın bitməsi ilə, Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələri daha da möhkəmlənəcək, Muxtar Respublika əkinçilik və heyvandarlıq başda olmaqla qeyri-neft sektoruna öz töhfəsini daha çox verəcəkdir.
Türkiyənin cənub-şərq şəhərləri ilə əlaqələrin güclənməsi
Quru yolun bərpası ilə layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq beynəlxalq yüklərin Avropaya daşınmasında Azərbaycandan Türkiyəyə yükdaşımaları asanlaşacaq. Nəticədə Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ardahan, İğdır və Qars şəhərlərini əhatə edən Türkiyənin Şərqi Anadolu (TRA2) bölgəsi başda olmaqla bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki
Aminə Bayramovanın şərhi
İstinadlar:
Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz tədarükünün başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin sentyabrınadək tədarük həcmi təxminən 7 milyard kubmetr təşkil edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
O bildirib ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatıb.
Nazir əlavə edib ki, TAP-ın istismara verilməsi ilə ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq.
Azərbaycan Beynəlxalq Bankı ilə BP şirkəti arasında IBA Tech Akademiyasının fəaliyyəti üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Axar.az xəbər verir ki, müqavilə IBA Tech Akademiyasına qəbul zamanı yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramının tətbiqini nəzərdə tutur. Belə ki, Akademiyaya yüksək balla qəbul olunmuş bir neçə tələbəyə onların proqramda iştirakının maliyyələşdirilməsi üçün Bank və BP şirkəti təqaüd verəcək. Bu isə IBA Tech-də öyrədilən proqramlaşdırma biliklərinin hər kəs üçün daha da əlçatan olmasına kömək göstərəcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının məqsədi ölkəmizin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək olmaqdır. İndiyə qədər Akademiyada sosial layihə kimi təşkil edilmiş intensiv kurslarda 200-ə yaxın gənc informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnib. Akademiyanın məzunlarından bir qismi işə götürülərək Azərbaycan Beynəlxalq Bankında və Bankın törəmə müəssisələrində həyata keçirilən rəqəmsallaşdırma layihələrinə cəlb edilib. Ümumilikdə məzunların 70%-dən çoxu ölkəmizdəki 40-a yaxın şirkətdə öz ixtisas profillərinə uyğun işə düzəliblər. İş təklifi alan digər məzunlar isə hələlik karyera həyatına başlamadan müxtəlif universitetlərdə bakalavr və magistr təhsillərini davam etdirirlər.
IBA Tech Akademiyası yaxın günlərdə yeni qəbul proqramlarını elan edəcək və növbəti qəbuldan etibarən təqaüd proqramı tətbiq olunacaq.
BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Azərbaycanın üzünmüddətli etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olaraq BP şirkəti ölkə həyatının bir sıra mühüm sahələrində korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Təhsil məsələləri də bizim üçün əsas prioritetlərdəndir. Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırdığımız təqaüd proqramı, güman edirik ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyən gənclərimizin imkanlarını genişləndirəcək”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib: “Bankımızın ötən il yaratdığı IBA Tech Akademiyası öz məqsədlərinə çatır. Əmək bazarında peşəkar informasiya texnologiyaları mütəxəssislərinin sayını artırır. BP kimi tərəfdaşlarımızın bu layihəyə marağı və dəstəyi isə layihənin əhəmiyyətini göstərməklə yanaşı, Akademiyanın fəaliyyəti üçün də yeni perspektivlər yaradır. İki böyük biznes qurumunun təhsil sahəsində birgə əməkdaşlığından qazanan cəmiyyətimiz olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar veriləcək.
Bu barədə “Qafqazinfo”ya SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.
“Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik”, - məlumatda bildirilir.
“AccessBank” maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Tender “Lenovo ThinkCentre M710q” (10MR006FUA) kompüter alışı üzrə elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2020-ci il noyabr ayının 27-də saat 18:00-da başa çatır.