“Azəri Layt” markalı neftin qiymətində artım davam edəcək. Bu, ilin sonu üçün normal tendensiyadır.
Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli dünya birjalarında neft qiymətlərinin hazırkı vəziyyəti və “Azəri Layt” markalı neftin bahalaşması haqda danışarkən deyib.
Onun sözlərinə görə, hazırda dünya birjalarında neft qiymətləri sabitdir:
“Bəzi hallarda cüzi artım müşahidə edilir. “Brent” markalı neftin bir barreli ötən günlərlə müqayisədə cüzi ucuzlaşsa da, artıq yüngül neftin artımı müşahidə olunur. “Azəri Layt” markalı neftin bir barreli isə 52 dolları keçib.
Ümumiyyətlə, böyük tender kampaniyaları və fyuçers şirkətləri bahalaşmada maraqlıdır. İlin sonudur deyə, növbəti ilin fyuçerslərinə tələbatı artırmaq üçün qiymətlərdə süni artıma yol verilir”.
Ekspert deyib ki, dünya birjalarında neft qiymətlərinin artmasının digər səbəbi vaksinasiya işlərinin başlamasıdır:
“Pandemiya əleyhinə vaksinlərin tətbiq edilməsi də qiymət artımlarını stimullaşdırır. Yəni vaksinlərin tətbiqinə görə karantin tədbirlərinin yumşaldılacağı ehtimal edilir. Bu da öz növbəsində neft qiymətlərinə təsirsiz ötüşmür.
Hazırkı durumu qısa perspektivdə müsbət saymaq olar, lakin növbəti il üçün artımın olması gözlənilmir. Yəni qiymətlərin sabitləşməsi, cüzi ucuzlaşma müşahidə olunacaq. Nəzərə alsaq ki, İran da yenidən bazara qayıdır və bu da bazarda xam neft bolluğunun yaşanacağı deməkdir”.