Rusiya ilə yaxınlaşma və Qərbin sanksiyalarına qoşulmama siyasətində Ankaranın məqsədi

Qərblə Rusiya arasında gizli müharibənin isinməsinə təkan verən faktorlardan biri və ən əsası sanksiyalar oldu desək yanılmarıq. Brüssel və Vaşinqton cütlüyü bilirdi ki, Rusiyanı müharibə ilə, təzyiqlə yola gətirə bilməyəcəklər, ona görə də əvvəlcə sanksiyalardan başladılar. Dostlarını və müttəfiqlərini də öz sıralarına qatdılar. Amma bəzi ölkələr və hətta NATO kimi dünyanın ən güclü hərbi blokunda yer alan, hətta bu qurumda quru qoşunlarının sayına görə ön sırada dayanan Türkiyə, o cümlədən Avropa İttifaqının üzvü, müttəfiqlərinin hər addımını təkrarlamağı öhdəsinə götürmüş Macarıstan tam olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıblar və əlbəttə öz arqumentləri ilə.

“Ankara niyə Rusiyaya qarşı Qərbin sanksiya rejiminə qoşulmadı” sualı indi çoxlarını düşündürür. Avropalı analitiklər də həqiqət axtarışındadırlar, səbəbləri sadalamaq üçün fakt axtarırlar. Bununla belə Türkiyədə çoxları əmindir ki, Ukraynadakı münaqişənin günahkarı Rusiya deyil.

Türkiyə NATO-nun üzvüdür, Aİ ilə Gömrük İttifaqının üzvüdür və Ukraynanın strateji tərəfdaşıdır. Eyni zamanda, rəsmi Ankara Rusiyaya qarşı sanksiya rejiminə qoşulmayıb. Dahası, Ukraynada Rusiyanın xüsusi əməliyyatının başlaması ilə Türkiyə tədricən Rusiyanın sanksiyalarına məruz qalan biznes, oliqarx və turistlər üçün təhlükəsiz sığınacaqa çevrilib. Rusiya və Türkiyə prezidentlərinin bu yaxınlarda Soçi görüşündə də bu tendensiya davam etdirilib. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əlavə olaraq Rusiya qazının rublla qismən ödənilməsi barədə razılığa gəliblər. Türkiyə həmçinin Rusiyanın 5 bankında “Mir” ödəniş sisteminin tətbiqinə razılıq verib.

Bu siyahı yekundurmu?

Xatırladaq ki, bu görüş ərəfəsində “The Washington Post” qəzeti Putinin Ərdoğandan Qərbin sanksiyalarından yayınmaq üçün kömək istəyəcəyini yazmışdı. Xüsusilə, söhbət Aİ-nin neft embarqosunun tətbiqindən sonra neftin mənşəyini gizlətmək üçün Türkiyənin neft emalı zavodlarında, neft çənlərində və terminallarında pay almaqdan gedir. İndi isə “Financial Times”ın yazdığına görə, Qərb ölkələri, xüsusən də Aİ üzvləri Türkiyənin özünə qarşı sanksiyalar tətbiq etməyi düşünür. Sual yaranır, Ankaranın bu cür kursunu nə müəyyənləşdirir? Bəs Qərbin sanksiyaları təhlükəsi onu bu mövqeyini dəyişməyə məcbur edə bilərmi?

Türkiyə niyə sanksiyalara qoşulmadı?

Türkiyənin sanksiyalar rejiminə qoşulmamaqla bağlı “xüsusi” mövqeyinin bir neçə səbəbi var - konseptualdan tutmuş praqmatikə qədər. Birincisi, Türkiyə hakimiyyəti sanksiyaları xarici siyasətin effektiv aləti kimi tanımır. Ankara bundan əvvəl də dəfələrlə sanksiyalara qoşulmaq imkanını rədd edərək, onların səmərəsiz, əks-məhsuldar olduğunu, pozan ölkələri təcrid etməyə və gərginliyi artırmağa kömək etdiyini təkid edib. Amma Türkiyə rəhbərliyinin ritorikası ənənəvi olaraq sülhə, münaqişənin bütün tərəfləri ilə dialoqa, iqtisadi əməkdaşlığın davam etdirilməsinə və danışıqlarda moderator kimi çıxış etməyə hazır olmağa çağırışlarla qaynayır. Bu, Türkiyənin münaqişənin hər iki tərəfi ilə işlək siyasi təmaslarını və iqtisadi əlaqələrini saxlamağa kömək etməklə yanaşı, həm də “mübahisənin arbitri” kimi çıxış edən və effektiv vasitəçilik üçün diplomatik resurslar təmin edən ölkə kimi beynəlxalq arenada mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Yeri gəlmişkən, Ankara İrana münasibətdə də oxşar mövqedən çıxış edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı ilə bu yaxınlarda keçirdiyi görüşdə bir daha Türkiyənin İrana qarşı “birtərəfli sanksiyalara” qarşı olduğunu bəyan edib və onların aradan qaldırılmasına çağırıb.

İkincisi, Ankara Rusiya Federasiyasına qarşı sanksiya rejiminə qoşulmaqdan imtinasını uğurlu vasitəçilik üçün Moskva ilə dialoqun davam etdirilməsi zərurəti ilə izah edir. Taxıl təşəbbüsünün imzalanmasından və Birgə Koordinasiya Mərkəzinin yaradılmasından sonra İstanbul daha bir arqument əlavə etdi - guya sanksiyalar bu “qida arteriyasının” qorunub saxlanmasına mane olacaq, bu da Afrika və Orta Şərq ölkələrinə taxıl tədarükünü təmin etməlidir. Soçi görüşündən və Ərdoğanın Zelenski ilə Putin arasında danışıqların bərpasının zəruriliyi ilə bağlı bəyanatlarından sonra bu arqumentlər daha da güclənəcək. Bundan əlavə, əgər Türkiyənin vasitəçilik rolu Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlığını tam əsaslandırmayıbsa, o zaman ən azı Qərbin tənqidlərinə qarşı qismən immunitet təmin edib.

Üçüncüsü, sanksiyalar məsələsi Ankaranın özü üçün son dərəcə həssasdır, çünki Türkiyə uzun illərdir ki, Qərb tərəfdaşlarının - Aİ, Kanada və ABŞ-ın, ilk növbədə, hərbi-sənaye sahəsində sanksiyaları altındadır. Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması üçün Amerikanın CAATSA paketi və Türkiyə müdafiə sənayesi rəhbərliyinə qarşı şəxsi sanksiyalar, Türkiyənin F-35 proqramından çıxarılması və F-16 ilə bağlı əməkdaşlığın dayandırılması, insan hüquqlarının pozulmasına görə Avropa sanksiyaları, 2019-cu ildə Suriyanın şimalında və İraqda kürdlərə qarşı hərbi əməliyyatlar səbəbindən silah embarqosu, hətta 2020-ci il Qarabağ müharibəsi zamanı məşhur bayraqtarlar üçün Kanada optik elektron sistemlərinin tədarükünə qoyulan qadağa Türkiyənin özünə qarşı sanksiyaların tam siyahısı deyil.

Dördüncüsü, ölkədə anti-Qərb əhval-ruhiyyəsi güclənir. Türkiyənin informasiya meydanında hələ də qlobal problemlərin Rusiyanın xüsusi əməliyyatı deyil, Qərbin sanksiyaları ucbatından qaynaqlandığı rəvayətləri üstünlük təşkil edir. Həmçinin, Türkiyə vətəndaşlarının əksəriyyəti əmindir ki, Ukraynadakı münaqişənin günahkarı Rusiya deyil, ABŞ və NATO-dur. Ona görə də onları Rusiya ilə əməkdaşlıqdan niyə imtina etməli olduqlarına inandırmaq kifayət qədər çətindir.

Bundan əlavə, Türkiyə Aİ-nin üzvü deyil, ona görə də sırf texniki baxımdan onun sanksiyalar paketlərinə qoşulmamalıdır. Türkiyə rəsmiləri bir neçə dəfə sanksiyaların BMT səviyyəsində tətbiq olunacağı təqdirdə nəzəri cəhətdən onlara qoşulmağa hazır olacaqlarını bəyan ediblər. Bu ssenarinin qeyri-real olması bir tərəfdən məsuliyyətdən azad edir; digər tərəfdən, bu baş versəydi belə, BMT çətiri Rusiya ilə birbaşa münaqişədən yayınardı. Nəhayət, daxili siyasi amil bu məsələdə əsas rol oynayır.

Seçkilərdən əvvəlki aylarda Türkiyədə iqtisadi vəziyyət ürəkaçan deyil, inflyasiya və lirə bütün antirekordları vurur və Rusiya mühüm ticarət tərəfdaşı və asan, adətən qeyri-şəffaf olsa da, pul axını mənbəyi olaraq qalır. Bundan əlavə, ölkə Rusiyanın enerji resurslarının təchizatından, Rusiya bazarlarından və rus turistlərindən kritik dərəcədə asılıdır. Belə bir şəraitdə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi Türkiyə iqtisadiyyatı və türk seçicisi üçün şok olacaq.

Türkiyə Qərbin sanksiyalarını pozaraq nə qədər uzağa gedə bilər?

Ticarət-iqtisadi sahədə Rusiya hələ də Türkiyə üçün arzuolunan tərəfdaş olaraq qaldığı halda, təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və müdafiə sahəsində Rusiya Federasiyası rəqibdir, NATO isə problemli olsa da, Türkiyəni xeyli gücləndirən tərəfdaşdır. Ankaranın çox maraqlı olduğu F-16 və digər silah növləri üzrə əməkdaşlığın bərpası Rosatom-un Türkiyə bank hesablarına birdəfəlik bir neçə milyard dollar köçürməsindən az cəlbedici təklif deyil. Həm də unutmaq olmaz ki, Türkiyənin əsas ticarət tərəfdaşı olaraq Rusiya deyil, Avropa Birliyi qalır.

2021-ci ildə Aİ ilə ticarət 178 milyard dolları ötüb. Rusiya ilə arzu olunan yüz milyard dollarlıq ticarət haqqında uzun illər mantraların fonunda - faktiki otuz beş milyarda qarşı - bu rəqəm sanksiyaların qırmızı xətlərini keçməmək üçün ciddi arqument kimi görünür. Bundan əlavə, ötən il Aİ-nin Türkiyə ixracatındakı payı 41,3% təşkil edərək, Türkiyə məhsullarının ən çox idxalçısı və Türkiyə büdcəsinin “sponsoru” olub. 35 milyard ticarət dövriyyəsinin yalnız 5,8 milyardını Rusiya Türkiyədən ixrac edir.

Türkiyə Qərbin İrana qarşı sanksiyalarından yan keçmək üçün milyonlarla dollarlıq əməliyyatlar apardığına görə həbs ediləb iranlı iş adamı Rza Zərrabın adını yaxşı xatırlayır. Sanksiyaları pozmaqda ittiham olunan “Xalq Bank” - Türkiyənin dövlət bankı məhz bu qalmaqala görə uzun illərdir ki, Türkiyə-Amerika münasibətlərində dərin böhranın simvoluna çevrilib. "Qazprombank"la başlanacaq yeni gərginlik bu münasibətləri birdəfəlik dayandıra bilər.

Qərbin Türkiyəyə qarşı təsirsiz sanksiyaları

Eyni zamanda, Qərbin Türkiyəyə qarşı yeni sanksiyalarının tətbiqi daxildə Avropaya qarşı münasibətləri mənfiyə doğru artıra bilər ki, bu da problemin həll yolu deyil. Əksinə, Türkiyə cəmiyyətində “Türkiyəni siyasi və iqtisadi cəhətdən zəiflətmək istəyən” Qərbə “xain imperialist” damğası vurular və növbəti hiddət dalğasına səbəb olar. Bundan sonra bu fürsətdən məmnuniyyətlə istifadə edənlər Türkiyənin yerinə keçər ki, bu da Avropaya lazım deyil, Türkiyənin yerini heç kim əvəzləyə, tuta bilməz. Moskvadan Türkiyəyə digər təkliflər də ünvanlanır, Şanxay Təşkilatına və BRİKS-ə dəvətlər səslənib. Növbəti ünvan KTMT ola bilər.