
“Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan xarici siyasətində əməkdaşlığa xüsusi önəm verir. Daim bu əlaqələrin yeni sahələr üzrə inkişafı istiqamətində böyük səylər göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib. Bu fikirləri
SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov qeyd edib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Ölkəmizdə bütün istiqamətlər üzrə təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də yox deyil və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.
Deputat diqqətə çatdırıb ki, rəsmi İrəvan sülhlə bağlı tədbirləri hər zaman ikinci plana keçirir. Nikol Paşinyan bu və ikitərəfli məsələlərlə bağlı görüşlərə getməkdən yayınır.Onun, Bişkekdə MDB dövlət başçılarının sammitində iştirakdan imtina etməsi, Brüsselə səfəri “təxirə” salması kimi faktlar da bunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib: "İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki, əgər, sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır".
Bildiyiniz kimi, Ermənistan 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış atəşkəs rejimini 2020-ci il sentyabrın 27-dək pozub, müxtəlif terror və təxribatlar törədib. Həmin il Azərbaycan özünün işğal edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələrinə və qanunsuz silahlı qruplaşmalara qarşı əks-hücum əməliyyatına başladı. Bu, 2020-ci il noyabrın 10-da rəsmi İrəvanın kapitulyasiya aktını və üçtərəfli bəyanatı imzalaması ilə nəticələndi. Elə zənn edilirdi ki, bu ölkənin rəhbərliyi baş verənlərdən nəticə çıxarıb reallığı düzgün dəyərləndirəcək, bəyanatın müddəalarına əməl edəcək. Əksinə, kommunikasiyaların açılması ilə bağlı müddəa yerinə yetirilməyib - minaların xəritəsi, qanunsuz silahlı dəstələr, cinayətkarlar təhvil verilməyib, torpaqlar işğaldan azad edilməyib. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı təqdim etdiyi təkliflər paketinə indiyədək cavab verilməyib.
K.Bayramov əlavə edib ki, Azərbaycan ərazilərində kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükədir.
İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanlılar öz torpaqlarında, hətta, müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır.
K.Bayramov əlavə edib ki, Ermənistan əldə edilmiş razılaşmalara əməl etməməklə noyabr bəyanatının imzalanmasında vasitəçi və zəmanətçi missiyasını üzərinə götürmüş Rusiyaya da etibar və etimadı azaldır. Rəsmi İrəvanın bu davranışı Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi təhdid edir. Dövlət başçısı vurğulayıb ki, "bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur".
Deputat xüsusi olaraq qeyd edib ki, ölkədə reinteqrasiya prosesi intensiv şəkildə davam edir. Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər”.