
Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 20 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Bəs, bu dönərxanalarla necə mübarizə aparılmalıdır? Onların qarşısı necə alınmalıdır?
SİA mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və qida üzrə baş mütəxəssis Ağa Salamovun fikirlərini öyrənib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Dönərxanalar cəmiyyətin bəlası olmaqda davam edir. Mən AQTA-da iki il İctimai Şuranın üzvü olaraq dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanalarla bağlı bir iş görək, monitorinq aparaq, burada şəffaflıq təmin edək və əgər lazım olsa, köməkləşib nümunəvi dönərxanalar yaradıb onu təbliğ edək ki, digər dönərxanalar sıradan çıxsın. İstehlakçı hüquqları arxa planda qalıb. Belə bir vəziyyətdə dönərxanalar xüsusilə gənclərin zəhərlənmə mənbəyidir.
Vaxtaşırı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi regionlarda at, eşşək və murdar heyvan ətlərinin Bakıya daşınması ilə bağlı işlər görür. Müşahidə etsəniz, bir çox dönərxanalarda yalançı kağızlar asılıb. Yəni, guya bu ətlərin mənbəyi məlumdur. Onlar qanuni dönər hazırlayan yerlərdən bir dəfə mal alıb həmin bu kağızı oradan asırlar. Heç kəs də sübut edə bilməz ki, o kağız bu bişən dönərlərə aiddir.
Dönərlərin insanları zəhərləmə amillərindən biri də təkcə dönərin hazırlandığı quş və mal ətinin mənbəyi deyil, eləcə də dönərin özünün hazırlanmasındakı sərt texnologiyadır. Yəni, dönərin üst tərəfi qaşınır, bişmiş olur. İçərisinə isə təzə-təzə istilik keçir. Heyvan bədənində olan bütün xəstəliklər həmin təzə istilik keçən mərkəzdən şiş üzrə axıb aşağıdakı qaba tökülür. Dönərçi isə üstdən kəsdiyi qızarmış əti həmin suya qarışdırıb istehlakçıya təqdim edir. Bütün heyvan xəstəlikləri insana buradan keçir. Ona görə də dönərlərin hazırlamasında ayrıca bir texnologiya var.
Ölkədə dönərləri qanuni yolla hazırlayan iki müəssisə mövcuddur. Bunlar "Səhliyalı" və "AzProtein Foods Group" şirkətləridir. Onlara bu barədə icazə verilib. Çünki onlarda dönər hazırlamaq üçün xüsusi bahalı aparatlar var. Burada dönərlər hazırlanır, şişlənir və xüsusi qablaşmada maşınlarda dönərxanalara gətirilir. Azərbaycandakı dönərxanaların 0,5 faizi belə buradan dönər almır. Bu işlərin montorinqi aparılmalıdır.
Biz AQTA-nın saytına baxsaq görərik ki, Azərbaycanda qida zəhərlənmənin statistikası ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Bunlar niyə gizlədilir? Nə üçün zəhərlənən şagirdlərə və onlara kompensasiya verilmir? Dövlət orqanları bu barədə bir addım belə atmaq istəmirlər. Yaxşı ki, KİV-lər var və bu məsələləri gündəmə gətirirlər. Bütün bunlarla mübarizə aparılmalı və belə dönərxanaların fəaliyyətinin qarşısı alınmalıdır".

Qida üzrə baş mütəxəssis Ağa Salamov: "Qida zəhərlənmələri mikrobioloji çirklənmədən əmələ gəlir. Bu da ətin və ət məhsullarının soyuq qida zəncirində qırılması nəticəsində baş verir. Yəni, ətin daşınması, saxlanması, emalı və təqdimatı düzgün şəkildə olmadıqda qida zəhərlənməsi halları baş verir. Bu da ucuz dönər və ucuz kabab seti kimi məhsullardan qaynaqlanır. Məsələn, 1 manat 50 qəpiklik dönərlər var ki, mənşəyi bəlli deyil. Çünki elə pomidorun kilosu 4-5 manatdır. Sən bu dönəri necə 1.50 AZN-a sata bilərsən? Bəs, bu adamlar nə qazanır? Deməli bunların ətlərinin mənşəyi bəlli deyil.
Zəhərlənmə halları çox vaxt toyuq dönərindən baş verir. Ət dönərindən zəhərlənmə nadir hallarda olur. Çünki ət bahadır və bir çox insan toyuq dönərinə üstünlük verir. Ona görə də əmtəə nişanı olan yerlərdən dönər almaq lazımdır. Hər yol qırağında satılan dönəri alıb yemək olmaz. Çünki günəş şüaları altında olan mayonez və ət dönəri ağırlaşdırır. Bu zaman da çirklənmə baş verir. Bunu qəbul edən və immun sistemi zəif olan hər kəs zəhərlənir".