II Qarabağ müharibəsi Moskvanın Qafqazdakı ümumi mövqelərini ciddi zəiflətdi.
Axar.az xəbər verir ki, bunu Karnegi Moskva Mərkəzinin direktoru Dmitri Trenin deyib. Onun sözlərinə görə, Türkiyə özünün Bakıda miqyaslı mövcudluğu və təsirini keyfiyyətə çevirdi, Rusiya isə keçənilki müharibədən özünün regionda vasitəçi kimi mövqeyinə vurulan zərəri Qarabağa sülhməramlıları yerləşdirməklə yalnız məhdudlaşdırdı:
“Rusiya əvvəlki kimi Qarabağda situasiyanın inkişafında açar rol oynayan xarici faktordur, amma dominant deyil. Cənubi Qafqazda hadisələrin son inkişafı onu Moskvanın təsir zonasından daha çox uzaqlaşdırır”.
O, Rusiyanın Cənubi Qafqazda həyati əhəmiyyətli vacib maraqlarının olmadığını bildirib:
“Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Hesab edirəm ki, bu, Rusiyanın borcudur. Yeri gəlmişkən, bu öhdəliklərə Qarabağ daxil deyil...
Rusiya üçün əsas maraq Türkiyə kimi böyük regional güclə hərbi konfliktə girməmək, qonşu Azərbaycanla konflikt vəziyyətində olmamaq, tarixi müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaq, amma bununla belə Qarabağ probleminin həllinə təsir imkanlarının həddən artıq məhdud olduğunu başa düşməkdir”.