Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi onun suveren hüququdur. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini öz sərhədləri daxilinə əlavə etməsi ilə bağlı dünya birliyinin hansısa qeyri-peşəkar fikirlər səsləndirməsi beynəlxalq hüquqa ziddir. Azərbaycan multikultiral ölkə kimi dünyaya bir nümunədir.
Axar.az xəbər verir ki, bu fikirlər Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıçın iştirakı ilə aprelin 25-də Bakıda keçirilən birgə mətbuat konfransında səsləndirilib.
Mətbuat konfransında türk dünyası, Qarabağ və Türkiyə gündəmindən, türk iş adamlarının Azərbaycana yatırım imkanlarından danışılıb.
Azərbaycanda yaşayan axıska türklərinin də digər millətlərlə birgə firavan mühitdə yaşadığını diqqətə çatdıran Ziyəddin Kassanov Azərbaycanın qazandığı tarixi Qələbədən söhbət açıb, bu Zəfərin türk dünyası tarixində mühüm yerinin olduğunu bildirib. O, rəhbəri olduğu Birlik tərəfindən çap edilən nəşrlərdə Prezident İlham Əliyevin çıxışlarına xüsusi yer ayrıldığını, hazırda yaşadıqları Qazaxıstanda Azərbaycanın Vətən müharibəsi dövründə haqq səsini ucaltdıqlarını qeyd edib. Bundan sonra da Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində ciddi səylə çalışacaqlarını vurğulayıb.
Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov səfəri çərçivəsində Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə maddi və mənəvi dəstəyini də əsirgəməyib. Birlik sədri Axıska türkləri adından humanitar yardım gətirib.
Tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, ölkəmizin Cənubi Qafqazın lideri olmasından qürur duyduğunu qeyd edib. Türkiyənin siyasi dəstəyi kimi Qarabağın bərpasına türk iş adamlarının da hazır olduğunu və artıq ilkin addımların atıldığını bildirib. Zəngəzur dəhlizi məsələsinə toxunan sabiq səfir bu yolun Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin daha da artıracağanı deyib. Sabiq səfir dəhlizin həm də türk dünyasına açılan qapı olacağını vurğulayıb.
H.Kılıç ABŞ prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsinə də toxunub. O, bu bəyanatın həmişəki kimi erməni lobbisinin inamını qazanmağa xidmət etdiyini söyləyib. Heç bir rəsmi və siyasi önəm daşımayan bir ifadənin Türkiyə-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcəyini deyən H.Kılıç strateji planlanmada rəsmi Ankaranın daha radikal siyasi qərarlar verəcəyinə diqqət çəkib.
Sonda media nümayəndələrini maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.