Son xəbərlər

Azərbaycanda çimərliklərin istifadəsi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib:

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 4 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib:

“Yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə evdə qalmaları bildirilir. Eyni zamanda, vətəndaşların çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan olunur.

Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”.

Elektrik qatarları iki gün işləməyəcək
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə - 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq.

Bu barədə "Azırbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Buna qədər bir neçə müddətdə oxşar qərarlar qəbul olunmuşdu. İlk qərar martın 3-dən 9-dək verilmişdi, daha sonra mərhələli şəkildə Operativ Qərargah bu müddəti uzatmışdı.

Sonuncu verilən qərar isə bununla bağlıdır ki, mayın 31-dən iyunun 14-nə qədər, yəni tədris ilinin sonuna qədərki müddətlə bağlı bir qərara ehtiyac var idi. Operativ Qərargah belə qərar verdi ki, proses tədris ilinin sonuna qədər dayandırılacaq. Bu, sadəcə prosedur bir qərardır, yəni müddəti tamamlamaq üçün olan qərardır. Tədris ilinin sonu təqvim ilinin sonu demək deyil.

Dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub. İndidən dəqiq günü demək mümkün olmasa da, sentyabr ayında başlayacaq. Yeni tədris ili ilə bağlı tətbiq olunacaq qaydalarla bağlı isə tədris müddəti başlayanda məlumat veriləcək".

Qeyd edək ki, Baş Nazir Əli Əsədov ötən gün Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.

İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi
Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurlara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib.

Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında “Aktivləşdir” düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir.

Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat:


Ətraflı məlumat üçün 108 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
Bakı Nəqliyyat Agentliyi (BNA) sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraicət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq.

BNA-dan verilən məlumata görə, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir.

Qeyd edilib ki, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq. 5 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək.

Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək?
Sərt karantin rejimi ilə bağlı qərarın qəbul edilməsi əhalidə bir sıra suallar yaradıb.

Qazet.az  xəbər verir ki, Baş Nazir Əli Əsədovun “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

BNA-nın mətbuat katibi Mais Ağayev Qazet.az-a açıqlamasında bildirir ki, bu gün gecə saat 23:59-a qədər avtobusların hərəkətində heç bir maneə olmayacaq.

Suallarımızı cavablandıran Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov isə metronun gecəyə qədər fəaliyyət göstərəcəyini qeyd edib.

Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Təhsil nazirindən ƏMR
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb.

Bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 

Əmrə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılması təşkil edilir.<ins'>

 Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. 

Şuranın üzvləri Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə,  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.

İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsi (A.Cəfərov) 30 gün müddətində  Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etməlidirlər.

Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Azərbaycan Mətbuat Şurasından  verilən məlumata görə, cəmiyyətin informasiya ilə təminatı son dərəcə mühüm məsələdir. Mövcud istiqamətdə hər hansı ləngimələrin, geriləmələrin olması yolverilməzdir.

"KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması eyni zamanda ictimaiyyətdə ruh yüksəkliyinin sabit saxlanılması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

2020-ci il 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alır.

Nəzərə alınmalıdır ki, Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı COVID-19 virusunun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Buna görə də göstərilən tarixlərdə digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və frilanserlərin fəaliyyətlərini onlayn şəkildə - yaşayış yerlərindən və olduqları yerlərdən uzaqlaşmamaq şərtilə həyata keçirmələri, müəyyənləşdirilmiş qaydaya əməl etmələri zəruridir.

Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq KİV-lərin əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə işləmirlər.

Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif sahələr kimi, mediaya münasibətdə də məhdudiyyətlər tətbiq edilib və edilməkdədir. Ancaq Azərbaycanda fərqli yanaşmanın şahidi olduq. Belə ki, xüsusi karantin rejiminin əvvəlki mərhələlərində bütün növ media orqanlarının, o cümlədən müstəqil jurnalistlərin sərbəst fəaliyyətləri təmin edildi, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahla Azərbaycan Mətbuat Şurasının müştərək əməkdaşlığı faydalı oldu, müəyyən anlaşılmazlıqların aradan qaldırılması təmin edildi. Bu istiqamətdəki əməkdaşlıq bundan sonra da davamlı olacaqdır.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır. Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar".-deyə, məlumatda qeyd olunub.

Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir?
"Şənbə və bazar günləri evdən çıxanlar cərimə oluna və həbs edilə bilərlər".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan "Hədəf” verilişində bildirib:<ins'>

"Məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilməsi, fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm. Fərdi və İctimai nəqliyyat vasitələrindən, avtobus və taksilərdən istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt Gəncə şəhərlərinə, Abşeron rayonu və Lənkəran şəhərinə aiddir. Bu hallar istisna olmaqla kimsə evdən çıxarsa, qanunu pozmuş olur. Bu, İnzibati Xətalar Məcəlləsinin bilavasitə 211.1-ci maddəsinin tələbinin pozulması deməkdir.
 
Əhali başa düşməlidir ki, evdən çıxmaq təkcə maskaların daşınması qaydalarının pozulması deyil. Bu, bilavasitə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 100 manatdan 200 manatadək fiziki şəxslərin, 1500 manatdan 2000 manatadək vəzifəli şəxslərin və 2000 manatdan 5000 manatadək hüquqi şəxslərin məsuliyyətə cəlb olunması deməkdir. Eləcə də cərimədən əlavə fiziki və ya hüquqi şəxslərin bir ay müddətədək inzibati həbs cəzası ilə cəzalandırılması ilə nəticələnə bilər. Ona görə də, hər kəs başa düşməlidir ki, evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır. Ona görə fiziki şəxslər 100 manatdan 200 manatadək cərimə olunacaq, yaxud inzibati qaydada həbs olunacaqlar. Fikirləşməsinlər ki, mən 50 manat cərimə ödəyəcəm, bununla da iş yekunlaşacaq”.(qafqazinfo)

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi
Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC xəbər verir. 

Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Eyvazov Eyvaz Mülki oğlu

İbrəhimov İbrəhim Alxas oğlu

İmanov Camal Dadaş oğlu

Məmmədov Adil Məmməd oğlu

Məmmədov Rəfail Əlimövsüm oğlu

Rzayeva Leyla Vasifovna

“Tərəqqi” medalı ilə

Abdullayev Cəbrayıl Ovçu oğlu

Babayev Fəhraddin Hacıbaba oğlu

Babayev Namiq Əbdül oğlu

Bağırov Vaqif Musa oğlu

Baxşəliyeva Rüxsarə Məmməd qızı

Əhmədov İbrahim Süleyman oğlu

Əliyev Azad Bayraməli oğlu

Əliyev Kamil Mahmud oğlu

Əliyev Mətləb Arif oğlu

Əliyev Siyah Əli oğlu

Əmişov Şəmsəddin Murtuzəli oğlu

Hacıyev Həsən Əlövsət oğlu

Hüseynov Elxan Bayram oğlu

İsgəndərov Pərviz Ələkbər oğlu

İsmayılov Tahir Məmməd oğlu

Qarayev Məzahir İxtiyar oğlu

Qənbərov Elman Surxay oğlu

Məmmədov Yasin Əhməd oğlu

Namazov İlqar Şahlar oğlu

Nazıyev Əsgər Hacıxəlil oğlu

Pircanov Mikayıl Abdulla oğlu

Rəhimova Aygün Asim qızı

Salahov Əsgər Güləhməd oğlu

Səlimov Mürşüd Şuluq oğlu.