Son xəbərlər

Ağaxan Salmanlı ilə vida mərasimi — BU ÜNVANDA KEÇİRİLƏCƏK

"Xalq Artisti Ağaxan Salmanlı ilə vida mərasimi evində keçiriləcək"
Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O, bildirib ki, Xalq artisti ilə vida mərasimi Yeni Suraxanı qəsəbəsi A. Şərifov küçəsi ev 1 ünvanında baş tutacaq.
Qeyd edək ki, Ağaxan Salmanov bu gün səhər saatlarında 78 yaşında vəfat edib.
Xalq artisti ARXİV FOTOSUNU PAYLAŞDI

Xalq artisti Brilliant Dadaşova arxiv fotosunu yayımlayıb.

O, toy günü çəkilən fotosunu “İnstagram” səhifəsində sevənləri ilə paylaşıb.

Xalq artisti fotosunu şərh edərək, bəzi insanlara mesajını çatdırıb.

“Əziz dostlar bu Ədalə müəllimlə bizim toy şəklimizdir. Ortada Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib, Ağdamda şəhid olan xalamız oğlu Elçindir. Arxada dayanan qadın da bir başqa qohumumuzdur. Onun da oğlu Azər Naxçıvanda şəhid olub. İndi şəhidlərimizə baxıb düşünək. Onlar şirin canlarını qurban verdilər. Biz bu günkü cəmiyyəti yaratdığı müğənnisi, mədəni irsi, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib, ətini didən, bir-birinə şər böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq. Azad, müstəqil və bu müstəqilliyi, söz azadlığını sui – istismar edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərləri yox etməyə çalışan insanların cəmiyyətinə çevrilirik. Ruhları şad olsun”.

613-cü qurban

"Ölkə.Az"  Vüsalə Balayevanın "613-cü qurban " hekayəsini təqdim edir.

-Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə sus. Gözəl balam, sus... 

Sonra isti nəsə hiss etdim, alnımdan axdı deyəsən - bu isti nə idi belə? Qaçıram ayaqlayın, qaçıram. Hara qaçıram, özüm də heç bilmirəm. Qızım - balaca quzum qucağımdadır. Qaçırıq. Hamı qaçır. Get-gedə sıralarımız azalır. Bir-bir azalırıq. Kiməsə güllə dəyir. Yıxılır, al-qana bulanır. Əlimi uzadıram, qışqırıram – kömək edin, kömək edin... 

Hamı qaçır... Deyəsən, son dəfə mən otaqdaydım, quzuma lay-lay oxuyurdum: 

Lay-lay dedim yatasan, 

Qızılgülə batasan, 

Lay-lay balam, quzum lay-lay...

Atəş səsləri, güllə-baran. Ay Allah, bu nədir? Qiyamət qopur, dünyanın sonudur? Qaçırıq, evdən çıxıram. Quzu balamı yataqdan götürüb qaçıram. Gücüm ancaq əlimə keçən şala çatır. Balamı bükürəm, bağrıma basıram. Heç nə gözümə görünmür, heç nə. Ancaq balamı qurtarım, 15 il həsrətini çəkdiyim balam... 

Yanaqlarım donur, əllərim donur. Gülzarım görəsən donmur? Əynimdəki jaketi çıxarıb bükürəm şalın üstündən. Birdən soyuq olar balama... 
Qarşıdan ermənilər keçir. Qonşu arvad “qızım kola gir, kola gir, ermənilərdir, gir, gir”. 

Tikanlı kolluğa girirəm. Tikanlar əllərimi, üzümü cızır. Təki balamı incitməsin. Hər tərəfim qanayır. 

Gülzar ağlayır. Var gücümlə əlimlə ağzını tuturam. 

-Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə, sus. Gözəl balam, sus... 

Yenə qaçıram. Qarşıda çay var, ayaqyalınam. Suya girdim. Ay Allah su buz kəsir ayaqlarımı. Hiss etmirəm ayaqlarımı. 

Ayaqlarım hardasa kəsilib, qan su kimi axır. Amma hiss etmirəm, qaça bilmirəm. Gülzarımın səsi gəlmir, yatdı deyəsən. Şalı açıram, gözləri niyə açıqdır? – Gülzar, Gülzar. Öz əllərimlə sakit olmaq üçün balamı boğmuşam. Balamı öldürmüşəm. Qatil ana, qatil.

Balamı son dəfə alnından öpürəm. Balam bumbuzdu. Hanı sənin isti nəfəsin? 

Çayın qırağında balamı basdırmaq istəyirəm, qonşu qadın məni dartışdırır – Qoy, o onsuz heç nə hiss etmir. Yaxınlaşırlar. Balamı qoyub üzərinə qar töküb gizlədirəm. Beynim, düşüncəm donub. Heç nə düşünə bilmirəm. Elə bil yuxudayam. Balama ağlaya bilmirəm, görəsən göz yaşlarım da donub? 
Qaçırıq... Birdən...Birdən arxadan mənə nəsə dəyir, biri ürəyimə, biri ayağıma. Ağrı, şiddətli ağrı nəfəsimi kəsir. Sonuncusu başıma dəyir... O güllədən sonra heç nə hiss etmirəm, ağrılarım keçir. Üzü üstə yıxılıram. Qar görürəm ətrafda. Kimsə mənə yaxınlaşır. Əvvəl mənə 2-3 dənə təpik çəkir, hiss etmirəm heç nə. Məni kürəyi üstə çevirir. Yanındakına nəsə deyir. Gülürlər.

Göy üzü necə gözəldir. Səma, sonsuz səma... Yanımdan kimlərsə qaçır. Düz yanımda qan gölməçəsi var. Qaçanların ayaqları ora çırpıldıqca üzümə qan sıçrayır. Heç nə hiss etmirəm. 

Qışqırıq...qışqırıq. Qonşumuz Ayazı kəndirlə ağaca bağlayıblar, gözünün önündə arvadını, qızını yerə uzadıb soyundurublar. Qaldırırlar, lüt qaçırdırlar. Mırıqdış dığalar gülürlər. Ayaz şir kimi nərildəyir “namussuz ermənilər, aç əlimi, gör səni neyləyirəm. Qorxaqlar, alçaqlar”. 

Ayazın gözü qarşısında arvadına, qızına təcavüz edirlər, dik, Ayazın gözünə baxıb gülə-gülə. 

Üzərinə benzin töküb diri-diri yandırırlar. Heç səsi də çıxmır. Sevinir bu namussuzluqdan ölüb gedir. 

Hamilə qadın qaçır, haqlayırlar onu. Qarnını kəsib körpəni çıxardırlar. Ananın başın kəsirlər. O da mənim kimi ağrını hiss etmir indi.
Üzümü səmaya çevirirəm. Hava açılır. Səma necə də gözəldir. Yanımdakı əsgərin meyidinin baş dərisini soyurlar, gülürlər. Sanki həzz alırlar.
Ana, ana. Kimsə çığırdı. Kimdir o? Səs necə də tanışdır. Vahiməli bağırtı - Can balam, can. Tükəzban xala - bizdən iki məhəllə aşağıda qırmızı evdə yaşayan qadın. Yadıma düşdü. Bir oğlu var, Teymur. 2 ay bundan qabaq evləndirmişdi. 20 yaşlı cavan oğlandı. 

Tükəzbanın gözü qarşısında diri-diri onu iki hissəyə böldülər. O, indi mənim kimi heç nə hiss etmir.

Teymurun ayağının birini bədənindən ayırdılar. Tükəzbanı çayın qırağında oturdublar. Balasının qopmuş ayağı ilə üzünə, başına vururlar. Bala qanına bulanır üzü. Qadın ağlamır, var-gücü ilə qışqırır. Birdən qışqırıq möhkəm qəhqəhəyə çevrilir. Aman Allah, bala qanından qadın divanə olur. Təpikləri ilə vurub qadını suya atırlar. Güllə səsləri, gülüş kəsilir. 

Gördüyüm yalnız göy üzü, səmadır. Daha ağrılara, acılara baxmıram. Mən azadam, heç nə hiss etmirəm. Qulağıma qışqırıqlar, gülüşlər, güllə səsləri gəlir. 

İki gündür deyəsən burdayam, göyə baxıram. Göydə helikopter uçur. Sevinirəm bizimkilər gəlir deyəsən. Sevinirəm ürəyim, ürəyim...yox, ürəyim döyünmür. Hər şey üçün çox gecdir. Hayqırmaq istəyirəm. Gecdir, gecdir, siz çox gecikmisiniz. 

Səmaya baxıram... Mən insan idim, bir gecədə Xocalıya çevrildim. Mən Xocalıyam... 

Artıq heç nə hiss etmirəm. Mən azadam...Mən Xocalıyam...

                                                                                                                             Xocalı 1992-ci il 26 fevral...

Brilliantın fotosessiyası, kasıblayan Eldar Qasımov, qadın satan kişi müğənnilər, Aygünün

"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (4-cü say) təqdim edir.

Xalq artisti Faiq Ağayev Flora Kərimovanın heç zaman unudulmayacağını deyib. Baxmayaraq ki, uzun müddətdir iki Xalq artistinin arasından “qara pişik” keçib, amma yenə də Faiq şəxsi münasibətlərini bir kənara qoyub, əsl sənətə qiymət verib. Burada məncə, Ağayevə böyük bir “Əhsən” düşür.

Bundan başqa Faiqin Xalq artisti Brilliant Dadaşova ilə də türklər demiş arası “limoni”dir. Faiq Ağayev onun tezliklə unudulacağını açıqlayıb. Nə deyək, hər şeyi zaman göstərəcək. Dadaşovadan söz düşmüşkən, onun şortikdə etdiyi fotosessiyaya baxdım, necə deyirlər, igidi öldür, haqqını yemə. Xalq artisti yaşına görə çox ideal biçimdə qalıb. Nə düşmüsüz üstünə, “sən nənəsən, özünü cavan qız kimi aparma”. Bəlkə xalq artisti rusiyalı, 60 yaşında “İnstagram” fenomeninə çevrilən nənəni özünə ideal seçib. Bağ onun, bağça onun, istəyər meyvələri satar, istəyər bağışlar. Lap kefinə düşər, bağı satıb "novostroyka"dan üç otaqlı 200 kvadratmetrlik mənzil alar.

O dəfə də qeyd etdiyim kimi, hər həftə “Şoumız”ın baş qəhrəmanını seçəcəm. Bu dəfə qalibimiz Manaf Ağayev olub. Elə həftə təzə başlamışdı ki, Ağayev bombanı partlatdı. Deməli, Rövşanə Ağasəfqızının qonağı olan ifaçı əvvəl onu pərt etməklə özfəaliyyətinə başlayıb. Onu bayağı adlandıran aparıcıya, canlı efirdə “səni də hamı sevmir” kəlməsini işlədib. Hə, elə bilirsiniz baş qəhrəman ona görə elan olunub? Yanılırsınız.  Sonradan isə Manaf müəllim deyib ki, bizə sənət yox, çörək lazımdır. Verilişin digər qonağı olan bəstəkar Nadir Əzimovun “bəs zövq?” məsələsində isə Azərbaycan xalqının zövqsüz olduğunu iddia edib. O, bəstəkara bildirib ki, “zövqlər qurtarıb”.

Təklif edirəm ki, papağımızı qoyaq qarşımıza düşünək. Bəlkə elə Ağayevin dediklərində günahkar bir balaca da özümüzük. Bəlkə elə biz dəyərimizi, Üzeyirlə, Qarayevlə, Sabitoğlu ilə soyuq məzara basdırmışıq? Elə olmasaydı, “Google”da Üzeyir adını yazdıqda, Üzeyir Mehdizadənin adı Üzeyir Hacıbəyovdan əvvəl çıxmazdı.

Elə istəyirdim deyim ki, sözüm elə burada bitsə yaxşıdır, yadıma Manafın həftə ərzində etdiyi o biri “qəhrəmanlığı ”   düşdü. Bir qalmaqal unudulmamış, Manaf yenə öz “ampluasında” çıxış etdi. Dedi ki, “qadının bir kəlməyə görə başını kəsərəm”. Dünya sivilizasiyasında məşhurlar qadına şiddətə son adı altında birləşəndə, biz hələ də efirdə çıxıb millətə "örnək verib", "baş kəsirik". Bundan əlavə, o, bildirib ki, heç vaxt üzr istəməyib. Ancaq sonradan məlum oldu ki, Manaf üzr də istəyib, dediyi sözlərə görə peşman da olub. Ancaq Ağayev xalqın qarşısında deyil, çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində üzr istəyib.

O gün oxudum ki, İbrahim Tatlısesi oriental rəqqasə məhkəməyə verib. O, iddia edib, 20 yaşı olanda “imperator” ona qarşı seksual təcavüzdə “bulunub”. Deyirəm, öz şou biznesimizə min şükür e. Biz belələrindən uzağıq. Heç gör Aygün Kazımova bir zamanlar verdiyi "3000 kişi ilə yatmışam" açıqlamasındakı bircə kişiyə qarşı hansısa iddiada bulunurmu? Bulunmaz, abi!

Bizdə olsa-olsa canlı efirdə müğənniyə elçi düşmək olur. O da əlli yaşdan sonra. Məsələn, Tolik deyəsən yaman Mənzurəni ərə vermək istəyir. Elə olmasaydı, qız efirə gələn kimi bütün adaxlı nümayəndələri efirin "qaynar xətt"ini “dağıtmazdılar”. Tolik təklif edir ki, nə olsun ki, alınmayıb, bu o demək deyil ki, yenə də olmayacaq. Mənzurə isə canlı efirdə ərə getmək istəmədiyini, efirə anasının baxdığını bildirib.

Əməkdar artist Sevinc Sarıyeva isə bildirib ki, kişi müğənniləri yanlarında apardıqları qadın ifaçılarını satırlar. Hətta iş o yerə gəlib çıxıb ki, onlar, yəni kişilər qadınları açıq geyinməyə belə məcbur edirlər. Sonda ifaçı bildirib ki, “deyirəm və sözümün arxasında da dururam”.

Vallah, bu yerdə nə deyək, biz qulaq günahkarıyıq, intəhası, burada mənə bir məsələ maraqlıdır. Məgər qadın ifaçılar əşyadırlar ki, onları satmaq olsun? Ağılları var, başları var. Kimə lazımdırsa, elə özü-özünü satar da. Makler nəyinə lazımdır ki, kiməsə də faiz versin?

Rəvayətə görə, cənnətdə 2 kreslo var. Orada axıra qədər mehriban dolanan qaynana ilə gəlin oturacaq. Xalq artisti Gülyanaq Məmmədova o kresloda oturmağa namizəddir. Deməli, ifaçı canlı efirdə qaynanasının qarşısında baş əyərək, “ana, səni sevirəm” deyib. Allah mehriban etsin.

Dünyaca məşhur rejissor Stiven Spilberqin qızı porno aktrisa olmaq istəyir. Yuxarıda da qeyd etdiyim kimi bizim şou biznes aləmi “toya gediləsidir”, gör dünya necə “korlanıb”. Bizdə olsa Eldar Qasımov kimi çalma taxıb, Şahruk Xan olmaq istəyən olar. Yaxşı ki, belədir. Ona görə, gəlin onları şou-biznesimizi qoyaq toy lampası kimi başlarına fırlanaq. Yeri gəlmişkən, Eldardan bir balaca nigaranam. Çoxdandır saçının rəngini dəyişmir. Birdən uşağın əli aşağı düşər, xəbərimiz olmaz. Sonra Avropada biabır olarıq ki, o boyda "Eurovision" qalibi 5 manat verib bir qab "kraska" alıb başını rəngləyə bilmir.

Elə ki, Moskvada havalar soyuyur, Rəqsanə başlayır “İnstagram”da fəallaşmağa. Paylaşdığı fotolarla gündəmi mülayim havalara bürüyür. Ancaq izləyiciləri yazığa “gün verib, işıq vermirlər”, o da fotolarına olan şərh bölümünü bağlayır.

Deyirəm nə yaxşı ki, o vaxt televiziya icad olunub. Yoxsa bu şou-biznes nümayəndələri məsələlərini harada həll edərdilər. Bu yaxınlarda canlı efirdə dava düşüb. Sən demə, müğənni Aynur Dadaşova şairə Nazilə Səfərlinin müəllifi olduğu mahnını ifa edib, ancaq pulunu verməyib. Nazilə də eləmə tənbəllik, məsələni canlı efirdə aç, tök. Olanlar da elə bundan sonra olub. Əsəbdən rəngi-ruhu saralan ifaçı, ödənişi çoxdan etdiyini, Nazilə isə pulu almadığını bildirib. İşin əsli isə belədir ki, sən demə bəstəkar Ruslan Səfəroğlu ödənişi Aynurdan alıb. Sadəcə Səfərlinin payını (söhbət pul payından gedir ha) verməyə unudub. Statistikaya görə, dünyada hər 10 nəfərdən biri Altsheymer xəstəsidir. Allah şəfa versin.

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. Şükür, sənətkarın vəziyyəti yaxşıdır, bu barədə o, özü məlumat verib. Çox yaşayın, əsl incəsənət xadimləri. Heç olmaya sizin sayənizdə arada da olsa əsl sənət görə bilək, Manaf demiş zövqümüz pozulmasın.

Sən demə, Xalq artisti Naibə Allahverdiyeva tez-tez nəzərə gəlirmiş. Getdiyi məclislərdən gəldikdən sonra, halı dəyişir. Bunu nəzərə alan həyat yoldaşı onun üçün tez-tez üzərlik yandırıb, başına dolandırıb, kürəyinə vurur. Ancaq Xalq aristi özü, qətiyyən nəzərə inanmır.

Bu hadisəni qonşuluqdakı  Pakizə xalaya danışmışam. Neçə gündür qadın əsəbdən saralıb. Deyir, gör mənim başıbatmışım bir dəfə də olsa başıma eləcənə üzərlik demirəm, quru otdan zaddan nəsə fırladıb. Vallah, gərək heç danışmazdım, xalxın evinə dava saldım.

Deyir Nadir də axır ki, arzusuna çatır. Tezliklə evində toy çaldıracaq. Özüdə o, bəzi müğənnilər kimi kiminlə qohum olacağını gizlətmir, deyir qızın atası diplomatdır. Qız özü də Amerikada, Əlcəzairdə, Fransada yaşayıb. Burada rəhmətlik Nəsibə Zeynalova yadıma düşdü, deyir “Maşın-maşın cehizi var, gəlnimin ay gəlnimin”.

Deyir, Rusiyada kişi bişirdiyi yeməyi bəyənmədiyi üçün, arvadının qabırğalarını sındırıb. O, məsələ necə oldu?

5 yaşlı Xədicədən Londondakı Ermənistan səfirliyinə
Böyük Britaniyanın paytaxtı Londonda həmvətənlərimiz Xocalı soyqırımını anıblar.

Bir qrup azərbaycanlı Londonda yerləşən Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. 

Aksiya zamanı xüsusilə Londonda yaşayan həmyerlilərimiz Nigar Abbasova, Ruslan Abbasov və onların 5 yaşlı övladı Xədicə Xocalı soyqırımını törədənləri qınayıb, müxtəlif şüarlar səsləndiriblər.

Müğənni Mənzurə Musayeva 3-cü dəfə ərə gedir:

Müğənni Mənzurə Musayeva 3-cü dəfə ailə qurmaq niyyətindədir.

"Ölkə.Az"ın məlumatına görə, ifaçı bu barədə “Səhər-səhər” verilişində danışıb:

“Təkəm, darıxıram. İş olmayanda adam sıxılır. Deyirəm ki, elə olsun ki, yorğun gəlim yatım. Tək olanda çox darıxıram, elə bilirəm ki, nəsə çatışmır. Hər şey mənə mənasız gəlir. İndi istəyirəm ki, kimisə sevim, görürəm ki, qarşı tərəf mənlik deyil. Mənim tələblərimə cavab vermir. Mütləq hər bir qadının arxasında bir kişi olmalıdır. Hər işimi özüm edirəm, amma yenə də dərdimi danışmağa kimsə yoxdur. Ana, bacı, övlad var olsun, özü üçün. Ətrafında hər kəs var, amma baxırsan ki, tənhasan”. //lent.az

Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu
Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb.

Sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Medica Center” və “Var-Yox” tərəfindən hazırlanıb.

“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, - deyə layihənin tanıtımında qeyd olunub.

Leyla Əliyeva videoçarxı “Instagram” səhifəsində paylaşaraq, qadın zorakılığına qarşı çıxıb.

Hərbçimizin ölümündən əvvəl çəkilən son — FOTOSU

Xəbər verdiyimiz kimi, yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu bu gün torpağa tapşırılıb.
"Qafqazinfo" Akif Abbasovun ölümündən əvvəl çəkilən son fotosunu əldə edib. Fotoda onun anası da yer alıb.
Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı. O, bu gün doğulduğu Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Əməkdar artist Elza Seyidcahan şeirlərinə görə Daxili İşlər Nazirliyinə müraciət edəcək.

“Hər şey daxil” verilişinin qonağı olan bəstəkar-müğənni onun adından sosial şəbəkələrdə şeirlər paylaşılmasından təngə gəldiyini, buna görə DİN-ə müraciət edəcəyini deyib:

“Mənim adımdan siyasi şeirlər yazırlar. Buna görə Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm”.

Qeyd edək ki, bir müddət öncə növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən Əməkdar artistin seçkilərlə bağlı yazdığı şeiri sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Sənətçi isə açıqlama verərək, bu şeirin ona aid olmadığını bildirmişdi.

Xatırladaq ki, E.Seyidcahan parlament seçkilərinə namizəd kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qatılsa da, seçilməyib. (yenisabah.az)

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

BDU-dan verilən məlumata görə, Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb.

Mədəni-kütləvi tədbirlərdə iştirakı təmin etmək üçün yaradılan Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, eyni zamanda ölkə festivallarında, milli bayramlarda, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün Universitet tələbələrindən ibarət qrupların təşkili işinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərkəz eyni zamanda ölkələrarası mədəni münasibətlərin genişlənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində kütləvi tədbirlərin keçirilməsində mühüm işləri həyata keçirmək məqsədilə fəaliyyətə başlayacaq. (publika.az)