"Ölkə.Az" APA-ya istinadla xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.
Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:
"Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.
Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər".
Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.
"Ölkə.Az"ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
Qeyd edək ki, D.İskəndərov “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
SOCAR Prezidenti TANAP İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxış edib.
R.Abdullayev Türkiyənin şərqindən qərbinədək uzanan TANAP-ın inşasının vaxtında tamamlandığını dilə gətirib.
Rövnəq Abdullayev bildirib ki, Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik:
“İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətləri daha da gücləndirmək, strateji sərmayələrlə dəstəkləmək üçün üzərinə önəmli vəzifələr götürən SOCAR Ümummilli liderimiz Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət” kəlamını həyata keçirdiyi layihələrlə doğrultmaqdadır.
Bu gün biz belə layihələrdən birinin, Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəmərinin ikinci hissəsinin açılış mərasiminə toplaşmışıq. Bu mərasim əməkdaşlığımızın uğurlarını bir daha dünyanın gözləri önündə sərgiləyir. Dörd il bundan əvvəl dövlət başçılarımız TANAP-ın inşasına dair tarixi qərar qəbul etdilər. Bu, qərara əsasən SOCAR-a böyük etimad göstərilərək, TANAP-ın inşaasını həyata keçirtmək kimi şərəfli bir vəzifə tapşırıldı. Qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün göstərdiyimiz gərgin səylər öz nəticəsini verib. Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Artıq bu kəmər vasitəsi ilə Türkiyə bazarına 3,2 milyard kubmetrdən çox qaz nəql olunub”.
O qeyd edib ki, TANAP Avropaya qazın nəqli üçün tam hazırdır və Türkiyənin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Trans Adriatik qaz boru kəmərinin də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaq. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik. Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng TANAP layihəsini layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlaya bildik.
Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq”,- o vurğulayıb.
Gömrük Komitəsinin yaydığı məlumata görə, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub.
Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert Gömrük Komitəsi tərəfindən atılan addımların avtomobil parkının yenilənməsinə imkan vermədiyini vurğulayıb:
“Gömrük rüsumlarının artırılması ilə bağlı məsələ 2017-ci ildən qüvvəyə minən kimi qiymət artımı başladı. Bundan əvvəl isə 2015-ci ildə məlum devalvasiya ilə əlaqədar avtomobillərin qiymətində fantastik dərəcədə artım oldu. 2017-ci ildən isə hər il qiymətlər artaraq kəskin bahalaşıb. Ona görə də təklif etmişik ki, rüsumlar heç olmasa 2017-ci ildəki vəziyyətə qayıtsın. Həmçinin elektromobil və hibrid avtomobillər üçün də, əksər ölkələrdə olduğu kimi güzəşt tətbiq olunsun. Ancaq Gömrük Komitəsi bütün cəmiyyətin tam əksinə addımlar atır, avtomobil parkının yenilənməsinə imkan vermir”.
Elməddin Muradlı görülən işlərin avtomobil bazarına ziyan vuracağını və qiymətlərin artacağını bildirib:
“Keçirilən son mətbuat konfransı və tədbirlər də bunu deməyə əsas verir. Komitə özü də görür ki, rüsumlar baha olduğundan insanlar Gürcüstan və Rusiyadan işlənmiş maşınlar gətirir. Onları da qeydiyyatdan keçirmədən ölkədə sürürlər. Buna görə də komitə 1 il ölkədə qala bilməzsiniz, 3 aydan artıq qalmaq olmaz, qalırsınızsa vizanın müddətini göstərin və.s kimi yollarla mane olmağa çalışır. Bu açıqlamalardan belə başa düşdüm ki, onlar hər üsulla insanları məcbur edir ki, gəlib qeydiyyatdan keçsinlər. Səmimi olaraq deyirəm ki, komitənin əsas istəyi ekologiyanın, insan sağlamlığının qorunması deyil, rüsumların artması və insanların daha çox müraciət etməsidir. Əgər komitə ekologiyanın qayğısına qalan olsaydı Gürcüstan və İran kimi hibrid və elektromobillərin idxalına güzəştlər edərdi. Ancaq görülən bütün işlər əksinədir. Məhz bunlara görə də sözsüz ki, gələn ildən avtomobillərin qiyməti artacaq. Artıq indidən bu istiqamətdə müəyyən addımlar atılmasının da şahidi oluruq”.
Həmsöhbətimiz, insanların xeyrinə təkliflər verilməsinin vacibliyini qeyd edib:
“Komitə rəhbərliyi deyir ki, biz qərar qəbul etmirik, ancaq hökumətin verdiyi qərarları icra edirik. Ardınca da deyirlər ki, təklifləri özümüz veririk. Guya hökumətdə bu qərarları müzakirə edənlər alim, professordu? İnsanların xeyrinə təkliflər verilməsi daha doğru olar. Nəyə görə, hansısa gürcü balası 2000 manata aldığı avtomobili azərbaycanlıya 3000 manata satsın?! Elə şərait yaradılsın ki, azərbaycanlı özü gedib 2000 manata maşını xaricdən alıb gətirib sürsün. Başqa vaxt bəh-bəhlə deyirlər ki, Azərbaycan ticarət dəhlizinin üstündə oturub, Böyük İpək yolu belə gəldi və.s. Amma maşın bazarı baxımdan Gürcüstandan asılıyıq. Hamısının səbəbkarı Gömrük Komitəsidir. Xaricdən iki çanta ilə ölkəyə girəndə gömrükdə səni dünyaya gəldiyinə peşman edirlər”.
“Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.
O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:
“Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir”.
Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:
“Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq”.
“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda 18 yaşadək uşaqlara “uşaq pulu”nun verilməsi haqda öhdəliklə bağlı sualı cavablandırarkən deyib.
O vurğulayıb ki, son 2 ildə Prezident tərəfindən sosial sahəyə xeyli vəsait ayrılıb: “Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq.
Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.