Son xəbərlər

"Sivasspor"la oyunöncəsi müdafiə xəttimizdə problemlər var, komanda 4 oyunçudan məhrumdur. Məşqçilər korpusu bu barədə bir şey fikirləşib, ən doğru qərarı verəcək.

Milli.Az bildirir ki, bunu apasport.az saytına "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının IV turunda Türkiyə klubu "Sivasspor"la keçiriləcək oyunöncəsi komandadakı itkilərlə bağlı danışarkən deyib.

Azərbaycan millisinin son toplanışı zamanı ölkə çempionu 4 müdafiəçisini - Rahil Məmmədov, Maksim Medvedev, Abbas Hüseynov və Bədavi Hüseynovu itirib. Xüsusən də, ilk iki oyunçunun koronavirusa yoluxmasına münasibət bildirən Çəlikəl bu virusun insan həyatına təsirlərindən bəhs edib: "Pandemiya bütün həyatımıza olduğu kimi, idman sahəsinə də təsir göstərir. Dövlətimizin tətbiq etdiyi qaydalara riayət etməklə ən qısa zamanda bu problemin bitəcəyinə inanıram. Bunun bir yolu var - qaydalara əməl etmək, özünü qorumaq. Bu həm də başqalarını qorumağın yoludur. Yəni təkcə özümüzün qaydalara uyması hər şeyi həll etmir, hər kəs bu məsuliyyəti dərk etməlidir".

Klub rəsmisi Premyer Liqa klublarında virusa yoluxmanın artmasına da reaksiya bildirib: "Pandemiya Azərbaycan çempionatına da təsirsiz ötüşməyəcək. Vəziyyət bütün komandalar üçün eynidir, çox çətindir. Biz əlimizdən gəldiyi qədər özümüzü və futbolçularımızı qorumağa çalışırıq. Yoluxmaların olması təqdirdə oyunçuların yer dəyişməsi və s. məsələlər baş məşqçimizin səlahiyyətindədir".

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" oyunu noyabrın 26-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.