Son xəbərlər

Aftandil Hacıyev: İmmunitetimizi artırmağa çalışacağıq
Aftandil Hacıyev

"Bizdə bəzi futbolçular məşqdə iştirak edə bilmədilər. Koronavirusla bağlı 4 oyunçumuz heyətdən kənarda qaldı. İlk 30 dəqiqədə yaxşı oynamadıq. Rəqib 2 qol vurmağa vaxt tapdı. İkinci yarıda istədiyimiz oyunu nümayiş etdirməyə başladıq. Amma qol gec vuruldu. Tez fərqlənsəydik, ardı gələ bilərdi. Heyətimiz geniş deyil. Amma nikbinik. İkinci hissə bizə ümid verdi".

"Report"un məlumatına görə, bunu "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev Azərbaycan premyer Liqasının X turunda səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis koronavirusa yoluxmuş oyunçuların adlarını açılqlayıb: "Bunlar Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov və Elgün Nəbiyevdir. Son ikisində xəstəlik ağır keçir. İnanırıq ki, tezliklə meydana qayıdacaqlar. Bizim üçün hər biri önəmlidir. Gələn həftə immunitetimizi artırmağa çalışacağıq".

Baş məşqçinin sözlərinə görə, Kamran Ağayevin artıq çəkisi olduğu üçün oynaya bilmir: "Bunu qısa vaxtda atmaq çətindir. Mikrozədə baş verə bilir. Məqsədimiz Kamranı yenidən ölkə futboluna qaytarmaqdır. Onun 34 yaşda futbolu bitirməsi tezdir. Oynaya bilər. Nə vaxt hazır olsa, istifadə etməyə çalışacağıq".

Hakimliklə bağlı da danışan Hacıyev referinin diqqətsizlik etdiyini vurğulayıb: "Amma ciddi səhvləri olmadı. Rəqib layiqli qələbə qazandı. Onları təbrik edirəm".