Şirvanda karantini pozan jurnalist həbs edildi
Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

Belə ki, Şirvan Şəhər Polis Şöbəsidə onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 25 gün müddətində inzibati həbs edilib.

Bakıda iki dost ərzaq almaq adı ilə icazə alıb, Qubada saxlanıldılar
Qubada karantin rejimini pozan şəxslərdən narkotik vasitə də aşkar edilib.

Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsi ilə ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərlərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

DTX-nın əməliyyatı ilə tutulan sabiq icra başçısının həbs müddəti uzadıldı
Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Apa məlumatına görə, Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bildirilib ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236 min manat dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.

Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla, ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, küllü miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda sabiq icra başçısı və müavininin həbs müddəti uzadıldı
Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun həbs müddəti uzadılıb.

APA məlumatına görə, Səbail rayon Məhkəməsi tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətini daha üç ay uzadıb. 

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Sabah 16 dərəcə isti olacaq
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 18-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Sabahın havası

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq.

Şimal küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunundan 767 mmm civə sütununadək təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. 

Azərbaycanda kəndlilər arasında kütləvi davanın

Sosial şəbəkələrdə Azərbaycanda kəndlilər arasında baş verən kütləvi davanın videgörüntüsü yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bizimyol.info-ya verilən məlumata görə, hadisə bir müddət öncə Göygöl rayonunun Qızılca kəndində baş verib. Hətta olayla bağlı bir neçə nəfər də məsuliyyətə cəlb edilib.

“Hadisə ilə bağlı araşdırma aparılıb. İctimai qaydaları pozan şəxslərlə bağlı müvafiq tədbirlər görülüb”,-deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Maqsud Mahmudovu Ukraynada tutdular

Sosial şəbəkələrdə məşhurlaşmış Maqsud Mahmudov Ukraynada saxlanılıb.

Ukrayna mətbuatı məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik Nazirliyi Xəzər hövzəsi ölkələrindən birində axtarışa verilmiş bir nəfəri saxlayıb. Şəkildən məlum olub ki, saxlanılan şəxs Maqsud Mahmudovdur.

Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, o, Azərbaycana ekstradisiya olunacaq.

Həmçinin M. Mahmudov bu gün səhər canlı bağlandığı internet verilişlərinin birində interpol tərəfindən saxlanıldığını və Azərbaycana göndəriləcəyini bildirib.

Qeyd edək ki, dəfələrə məhkum olunan Maqsud Mahmudov ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə işləri üzrə zərərçəkən kimi tanınıb. Həmçinin Bakıda Milli Şuranın keçirdiyi qanunsuz aksiyalarda sosial şəbəkələrdə məhşurlaşıb.

Bakıda klinika sahibinin oğlu gözətçini döyüb öldürdü
Bakıda klinika gözətçisini döyərək öldürməkdə təqsirləndirilən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Report xəbər verir ki,cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.

Onu klinikanın sahibinin oğlu. 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.

Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

H.Rəhimli tutularaq istintaq cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə itiham verilib.