Son xəbərlər

Sabaha olan hava proqnozu

19 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 28-31, Bakıda gecə19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti olacaq.

“Bandotdel” əməliyyat keçirdi

Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub. 

Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların icarə əsasında götürdükləri Novxanı qəsəbəsindəki istixanaya baxış zamanı ümumi çəkisi  970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadələrində narkotik tərkibli bitkiləri satmaq  məqsədi ilə əkdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Türk elm adamları tərəfindən koronavirusun bədənə təsiri araşdırılıb.

Həkimlər virusun nevroloji təsirlərinin olduğunu aşkarlayıblar.

Sakaryada həyata keçirilən araşdırmada 4 xəstənin virusa yoluxduqdan sonra başqa heç bir səbəb olmadan insult keçirdiyi müəyyənləşib.

Bildirək ki, araşdırmada yaşları 45 və 77 arasında olan xəstələrin xəstəlik prosesi tədqiq edilib. /Yenisabah.az/

Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər
Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baku.ws xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər. 

Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışıb. 

Allah rəhmət eləsin!

 

 

Aqressiv sürücü və mülayim yol polisi:  bu videoya diqqətlə baxın  - VİDEO

Oxuculardan biri Avtosfer.az-a video göndərərək yol polisinin onu şərləmək istədiyini idda edib. Təqdim olunan video tərəfimizdən izləndikdən sonra məlum olur ki, yol polisi sürücünü xəbərdarlıq etmək üçün saxlayıb. Belə ki, sürücünün digər yol hərəkəti iştirakçılarına nisbətən yüksək sürətlə hərəkət etdiyini müşahidə edən YPX əməkdaşı ona ehtiyyatlı olmasını tövsiyə edir. Bildirir ki, yaxın günlərdə bir neçə yol-nəqliyyat hadisəsi baş verib və bu cür sürətlə hərəkət etməklə qəza törədə bilər.
Sürücü yol polisi ilə nisbətən aqressiv danışsa da o, öz təmkinini pozmur və sona qədər mədəni davranır. Hətta təlimata uyğun olaraq ərazidə təhlükəsizliyi təmin etmək üçün onu saxladığını qeyd edir. Sonda isə sürücünün əsəbi olduğunu müşahidə etdikdə onunla sağollaşır. 
Avtosfer.az olaraq dəfələrlə yol polisinin bu cür xidmət aparmalı olduğunu qeyd etmişik. Hadisə baş verməmişdən əvvəl sürücüləri maarifləndirməklə onları qəzadan qorumaq yol polisinin əsas vəzifələrindən biridir. Qeyd olunan videoda da yol polisi məhz bu vəzifəsini yerinə yetirir. Sürücünün isə əsəbi və aqressiv olmasi da təbiidir. Ola bilər ki, harasa tələsir. Bəlkə də yol polisinin onu saxlaması qarşıda baş verə biləcək ağır qəzanın qarşısını almış oldu. Videonu təqdim edirik:

 
Dəhşətli yol qəzası;  “Huyndai”la vurulan qız havada metrlərlə uçdu – ANBAAN VİDEO (+21)
Hadisə yerindən qaçan sürücü daha bir piyadanı vurub xəstəxanalıq etdi

Moskvaətrafı Peskov şəhərində velosipedli qızın avtomobillə vurulma görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 15-də “Rijsk” prospektində baş verib.

Məlumata görə, 1996-cı il təvəllüdlü qız velosipedlə svetoforun yaşıl işığında yolu qarşıya keçmək istəyərkən, yüksək sürətlə hərəkətdə olan “Huyndai” markalı minik avtomobili onu vurub. Zərbənin şiddətindən yeniyetmə havada bir neçə metr uçaraq asfalta çırpılıb.

Nəticədə 24 yaşlı qız aldığı çoxsaylı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücü, 5 dəqiqə sonra avtomobili piyada çəpərinə çırparaq səkidə hərəkət edən kişinin üzərinə sürüb.

Xoşbəxtlikdən zərərçəkən ölməyib, o, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

Qəzanı törədənə 1993-cü il təvəllüdlü sürücü saxlanılıb. Yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb. İndi onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Məşhur ulduz çəkiliş zamanı qəzaya düşdü;  4 milyon manatlıq motosiklet yandı - FOTOlar 

Amerikalı məşhur Hollivud ulduzu Tom Kruz kino çəkilişində qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Həyata keçirilməz missiya” filminin 7-ci bölümündə, tryuk yerinə yetirərkən baş verib. Bu barədə avqustun 15-də “The Mirror” məlumat yayıb.

Bildirilir ki, Tom Kruz motosikletlə binanın bir damından digərinə uçmalı imiş, ancaq sürət yığma zamanı nəqliyyat vasitəsinin əyləci işə düşüb və o, tryuku yerinə yetirə bilməyib. 

Kruz qəza zamanı sığortalanıb və hadisə nəticəsində xəsarət almayıb.

Bildirilir ki, 2 milyon funt sterlinq (4,016,600 manat) olan motosiklet isə yanıb.

 

Narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırdı

Türkiyədə narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırıb.

Sondakika.com-un məlumatına görə, hadisə Adana şəhərində baş verib.

Şahidlər bildirib ki, hadisədən əvvəl ana və oğul arasında mübahisə olub. Daha sonra o, evi də yandıraraq hadisə yerindən qaçıb.

Yanğın zamanı binadakı digər evlər də ciddi zərər görüb.

Evi yandırılan qadın qeyd edib ki, o dəfələrlə oğlundan şikayət edib:

“Bizə əziyyət verir. Mən artıq bezmişəm”.

Həftənin ilk gününə olan hava proqnozu

17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

17 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 12-15 dərəcə isti olacaq.